16 oktyabr 2021 18:29
944

İtaliya Azərbaycanın dostu olduğunu sübut etdi

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə olan münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 44 günlük Vətən müharibəsinin özü isə bir daha hansı ölkələrin Azərbaycana hansı münasibət göstərdiyini ya da belə desək, hansı uzaqlıqda dayandığını bütün çılpaqlığı ilə üzə çıxarmış oldu. Bu mənada İtaliya o dövlət oldu ki, obyektiv və ədalətli mövqe nümayiş etdirərək yanımızda oldu, həm də indiki mərhələdə bərpa quruculuq işlərində yer almaqla bir daha özünü həqiqi mənada Azərbaycanın dostu olduğunu sübut etdi.

İtaliya ilə Azərbaycan arasında imzalanan sənədlər münasibətlərimizin sağlam hüquqi baza əsasında qurulduğundan xəbər verir. Belə ki, Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi münasibətlər əsas tutulmaqla, eyni zamanda, iki ölkə arasında turizm, ticarət, incəsənət, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. İtaliya ilə Azərbaycan arasında enerji sahəsində olan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ilin 31 dekabrında TAP layihəsi vasitəsilə Azərbaycan təbii qazının İtaliya bazarına daxil olması münasibətlərimizə təkan verməklə yanaşı, yeni bir impuls qazandırmış oldu. Bu fakt İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı oldu. 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz məhsullarının ixracında İtaliya ilk yerdə dayanır. Bu zaman çərçivəsində ixracın 38,2 faizi İtaliyaya baş tutub. Azərbaycanın məhsul idxalı prosesində də İtaliya lider yerlərdən birində qərarlaşıb.

Münasibətlərimizin olduqca müsbət impuls qazanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi geniş silsilə layihələrin özünəməxsus yeri var. Belə ki, bu layihələr nəinki iki ölkə, eyni zamanda iki xalq arasında olan münasibətlərin daha da dərinləşməsinə və səmimi təzahür almasına xidmət edir. 2020-ci il İtaliyada "Azərbaycan ili" elan olundu ki, bunun özü də əlaqələri, dostluğu və əməkdaşlığı artırmağa kömək etdi və iki ölkə və xalq arasında münasibətləri daha da dərinləşdirdi.

Heç şübhəsiz münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların müstəsna rolu vardır. İtaliya ilə Azərbaycan arasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi-ticari əlaqələrin şaxələnməsinə real zəmin yaradan bir fakt da Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə 2020-ci ilin fevralın 19-22 tarixlərində İtaliyaya olan dövlət səfəri idi. Səfər çərçivəsində İtaliya və Azərbaycan arasında 28 sənəd imzalandı ki, onlardan ən önəmlisi "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" idi. Sənədlə bağlı Prezident İlham Əliyev bildirmişdi ki, bəyannamə xüsusi əhəmiyyətə malikdir, çünki sənəd bir daha təsdiq etmişdi ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. 2019-cu il üzrə Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 92 faizi məhz Azərbaycanın payına düşmüşdür. Bundan sonrakı mərhələdə qeyri-neft sektorunun da inkişafı nəzərdədir. Bir sözlə, İtaliya və Azərbaycan arasında olan münasibətlər getdikcə güclənir və dərinləşir.

Şəbnəm Həsənova,

Politoloq