16 may 2018 15:20
1168

Regionun inkişafına töhfə verəcək dəniz limanı

Son 15 ildə Azərbaycan davamlı inkişaf yolu ilə inamla irəliləyib və bunun nəticəsidir ki, bu gün ölkəmiz Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizin qüdrətinin və nüfuzunun nəticəsidir ki, regionda hər hansı bir beynəlxalq layihələrin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bu, ölkənin iqtisadi gücü, porensialı, mədəni inkişafı, mənəvi yüksəlişi, müasirliyi, təşəbbüslərinin intellektuallığı və innovasiyalılığı, dünya səviyyəsində mövcud tələblərə cavab vermək bacarığı ilə başa gəlir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası Azərbaycanın tranzit potensialının artırılmasına zəmin yaradıb. Dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadiyyatına nəzər salsaq görərik ki, nəqliyyat və logistika dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkəmizdə də bu sahə prioritetdir və daim ölkə Prezidenti İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib. Bu işlər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasında mühüm rol oynayır.

Dövlət başçısının Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında söylədiyi kimi, Azərbaycan özünün valyuta ehtiyatlarını qoruyub saxladı və bu, çox müsbət göstəricidir. Ölkəmiz Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda da çıxış edir. Aparılan işlərin sayəsində respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdrilir.

Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Ölkə ərazisində beynəlxalq və yerli əhəmiyyətli yüklərin qəbul edilməsində və daşınmasında yük həcmlərinin artırılması məqsədilə dövlət başçısının Sərəncamına əsasən Bakının Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilib istifadəyə verildi. Xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi rolu olan müasir nəqliyyat infrastrukturunun yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi üçün respublikamızda bir sıra işlər görülüb.

Mayın 14-də ölkə Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində əminliklə bildirib ki, yeni Bakı limanı ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq: “On beş milyon ton yükaşırma, o cümlədən 100 min konteyner yükaşırma qabiliyyəti olan liman bizim nəqliyyat infrastrukturumuzun möhkəmlənməsində əlbəttə ki, önəmli rol oynayacaqdır. Bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb.”

Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yüklərin çatdırılma vaxtı əhəmiyyətli dərəcədə qısalacaq. 117 hektar ərazini əhatə edən, 12 yanalma körpüsünə malik, yükaşırma imkanı illik 15 milyon ton, o cümlədən 100 min konteyner təşkil edən Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Avropa istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kranın isə modernləşdirilərək quraşdırılması işləri davam edir.

Kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Burada əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər İnformasiya Texnologiya komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.

Qeyd edək ki, dövlətimizin başçısına ölkəyə daxil olan yük axınlarının həcminin artım dinamikasına uyğun olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilmə potensialı, bu çərçivədə daxil olan yük axınlarının çeşidlərinə və intensivliyinə uyğun olaraq, Limanın genişləndirilmə seqmentində görülməsi nəzərdə tutulan tədbirlər, yükaşırma həcmlərinin artacağı təqdirdə yaranacaq əlavə imkanlar barədə məlumat verilib.

Ümumiyyətlə, kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Bu da onu deməyə əsas verir ki, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan tranzit daşımalar yeni istifadəyə verilən limanda cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya əksinə Avropadan bunaya və gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı tranzit-logistik naqliyyatın formalaşdırılması üçün zəmin yaranacaq.

Cənab İlham Əliyev vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşıda duran bütün vəzifələri icra etdik: “Limanın inşasında yerli və xarici mütəxəssislər, işçilər iştirak ediblər. Mən gördükləri işlərə görə onlara minnətdarlığımı bildirmək istəyirəm. Limanın tikintisi ilə bağlı işlərə mən şəxsən nəzarət etmişəm. Şadam ki, bu gün burada ən yüksək standartlar tətbiq olunur, bütün avadanlıq, lazım olan texniki vasitələr, ən müasir kranlar alınıb quraşdırılıb. Beləliklə, biz Azərbaycanda çox güclü nəqliyyat-logistika mərkəzini yaratdıq.”

Bütün bunlar onu deməyə əsas verir ki, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edən ölkəmiz qonşu dövlətlərlə birləşən bütün magistral yolları təmir edib və ölkəmizin tranzit potensialı artıb, beynəlxalq daşımaları təmin edən müasir infrastruktur yaradılıb.

Orxan Vahidoğlu, “İki sahil”