20 oktyabr 2021 08:17
642

İrqçi şüarlar səsləndirən azarkeşlərin stadionlara girişi qadağan edilə bilər

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina futbol matçlarında irqçi şüarlar səsləndirən azarkeşlərin stadionlara girişinə ömürlük qadağa qoyulmasının vacibliyini vurğulayıb.

“İki sahil” xəbər verir ki, son həftələrdə “Serie A” matçlarında artan irqçi şüarlara münasibət bildirərkən FIGC prezidenti deyib: “Həmin şəxsləri müəyyən etmək imkanlarımız var. Onların müəyyən olunub stadionlardan uzaqlaşdırılmasını istəyənlər haqlıdırlar. Bu şəxslərin stadionlara girişi ömürlük qadağan edilməlidir”.

Q.Qravina belə hallar zamanı ümumilikdə tribunaların cəzalandırılması əvəzinə fərdi sanksiyaların tətbiq edilməsinin daha məntiqli olduğunu deyib. O, klubların bu istiqamətdə əməkdaşlıq edəcəkləri təqdirdə onların da məsuliyyətlərini və sanksiyalarını yüngülləşdirə biləcəklərini söyləyib.

İrqçi şüarlar səsləndirən azarkeşləri müəyyən etmək üçün lazımi texnologiyanın mövcud olduğunu deyən Q.Qravina bildirib ki, həmin şəxslər müəyyən olunaraq stadionlardan qovulmalı və bir daha matçları tribunadan izləmələrinə icazə verilməməlidir.