Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz bütün işləri öz imkanları çərçivəsində görəcək
“Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik» söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə, eyni zamanda, bildirmişdir ki, lazım olduğu təqdirdə güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağımızı da qeyd edirdim. Belə də oldu. Həm işğal, həm müharibə dövründə bütün təzyiqlərə, bəyanatlara baxmayaraq, Azərbaycanın qarşısında heç bir qüvvə dayana bilmədi. Ermənistan ordusu darmadağın edildi, erməni mifologiyasına son qoyuldu, bütün dünyaya sübut olundu ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq.
Təbii ki, bu işlərin görülməsi üçün bütün sahələrdə uğurlu addımlar atılaraq müsbət nəticələr əldə edildi. Ordumuz gücləndirildi, eyni zamanda, postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaradıldı. Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafı ilə diqqət çəkir. Buna əmin olmaq üçün 2021-ci ilin 9 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. İqtisadiyyat təxminən 5 faiz, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ölkə Prezidentinin vurğuladığı kimi, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Azərbaycan heç kimdən heç bir yardım almayıb və təbii ki, mövcud imkanlar onu söyləməyə əsas verir ki, bundan sonra da almayacaq. Son bir ildə atılan addımlar, irəli sürülən təşəbbüslər, həyata keçirilən layihələr bu əminliyə də əsas verir ki, bütün planlar qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.
Günümüzün əsas reallığı budur ki, müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, gələcəyə baxmalıyıq. “Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq” söyləyən dövlət başçısı bu əminliyi də ifadə edir ki, bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. 30 ildə əziyyət, o cümlədən mənəvi əzab içində yaşamış köçkünlər qısa müddətdə öz doğma torpaqlarına qayıdacaqlar.
Böyük Qayıdışdan sonra bu ərazilərimizdə yeni həyat başlayacaq. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar dayanıqlı inkişafa böyük töhfələr verəcək. Dövlət başçısı İlham Əliyev ölkəmizdə normal biznes mühitinin mövcudluğundan, Vətən müharibəsində tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olmasından geniş bəhs edərək bu əminliyi də ifadə edir ki, yaşadığımız quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlərin uğurlu icrası nəticəsində dayanıqlı inkişaf təmin ediləcək.
Qeyd edək ki, 2003-cü ildən bu günə kimi ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Hər il Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilir, görülən işlərə yekun vurularaq, növbəti ildə qarşıda duran vəzifələr və onların həlli yolları açıqlanır. Dövlət başçısı İlham Əliyev proqramların icrası nəticəsində, ilk növbədə, regionlarda müasir infrastrukturun yaradıldığını qeyd edir.
Bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir : “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.” Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.
Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.» Bu inam da ifadə edilir ki, gələcəkdə daha da böyük işlər görüləcək.” 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini gerçəkliyə çevirdiyi enerji layihələri ilə təsdiqlədi. Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.
Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərimizin də malik olduğu potensialdan səmərəli istifadə etmək üçün möhkəm baza formalaşıb. Bu ərazilərdə müasir idarəçilik sistemi yaradılıb. Yeni texnologiyalara əsaslanan layihələr icra edilir. Şəhər və kəndlərimizin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpası onların malik olduqları imkanların iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinə də öz müsbət təsirini göstərəcək. Söhbət səmərəliliyin, şəffaflığın artırılmasından gedir. Artıq dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında iqtisadi rayonların yeni bölgüsü aparılıb. Həmin bölgüyə əsasən 14 iqtisadi rayon yaradılıb. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır. Füzuli, Cəbrayıl və Zəngilan rayonları işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına böyük töhfə verəcək. Onu da qeyd edək ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazilərdədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla Qarabağın xarici investorlar üçün cəlbediciliyinin təmin edilməsinə geniş imkanlar açacaq.
Yeganə Əliyeva, “İki sahil”