22 oktyabr 2021 01:16
668

İşğal tarixi artıq tarixdə qaldı, əbədi silindi. İndi yeni tarix var

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə Müzəffər Ali Baş Komandanın səsləndirdiyi bu fikirlər hər birimizi qürurlandırır

 

«Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər.» Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirilən bu fikirlər Zəfərimizin yaratdığı sevincin, bu sevinci zalqımızla paylaşmaqdan yaranan qürurun, ən əsası soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrildiyinin aydın mənzərəsini yaradır. Dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olmaqla yanaşı, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

Vətən müharibəsi tariximizin şanlı səhifəsi kimi hər an vərəqlənir, 30 ilə yaxın dövrün nisgilinə, acısına, torpaq həsrətinə son qoyularaq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasından böyük qürur hissi ilə danışılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr üçtərəfli razılaşmasının əldə olunması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının elan edilməsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza ardıcıl səfərləri, ən əsası bu ərazilərin işğaldan azad olunduğu tarixlərin məhz bu torpağın sakinləri ilə görüşərək qeyd olunması böyük məna kəsb etməklə yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, torpaqlarımızın öz sahibində olduğunun təqdimatıdır. Cənab İlham Əliyevin hər səfərində böyük sevinc hissi ilə bu ərazilərdə havanın da sanki tarixi Zəfərimizdən qürürlandığı xüsusi qeyd edilir, bunun rəmzi mənası olduğu diqqətə çatdırılır. 30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilmiş, erməni xislətinə uyğun addımlar atılmış, hər tərəf dağıntı içərisində olmuşdur. Tarixi, dini abidələrimizi tamamilə dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilər bu əməlləri ilə 30 il necə vəhşi ilə üz-üzə qaldığımızı dünyaya göstərirlər. Amma bu vəhşilikləri görmək zamanı gələndə «nədənsə» dünya görməzdən gəlir, sanki bunu da beynəlxalq hüququn prinsipi kimi təqdim etməyə çalışırlar. 30 ilin ən böyük faciələrindən biri məhz bu idi. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları həqiqəti görür, amma maraqları naminə susur, işğalçı Ermənistanın danışıqlar prosesindən imitasiya naminə bəhrələnməsinə şərait yaradır, digər tərəfdən isə kağız üzərində saralmış qərar və qətnamələrində Azərbaycanın mövqeyinin haqlı olduğunu bildirirdilər. Maraqlı yanaşma deyildimi? Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonuna növbəti səfərləri zamanı ölkə Prezidenti ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha bu məqamlara diqqət yönəltmişdir. ””

O da məlumdur ki, bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələri icra edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrindən bəhs edərkən “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır” bildirən ölkə Prezidenti bunun öhdəsindən qısa müddətdə gələcəyimizi bildirir. Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qeyd olunan səfər çərçivəsində Zəngilanda "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış oldular. Qeyd edək ki, birinci “ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur, turizm infrastrukturu formalaşdırılır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilir. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər. Dövlət başçısı bu məqamı daim xüsusi vurğulayır ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Əslində bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Cənab İlham Əliyev birinci pilot layihənin icrasını belə dəyərləndirmişdir: “Böyük Qayıdış” bu gün başlayır.

Dövlətimizin başçısı azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayır. Ölkə Prezidenti Zəngilan rayonuna səfərində də bu fikri xüsusi qeyd etmişdir ki, Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Yaxın aylarda baş plan təqdim ediləcək. Bütün təbii gözəlliklər nəzərə alınaraq müasir, çox gözəl şəhər, həmçinin kəndlər qurulacaq. Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması, ümumilikdə insanların üçün şəraitin yaradılması istiqamətində işlər görülür. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək: «Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin, siz bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub.»

Ölkə Prezidentinin işğaldan azad edilmiş rayonlara səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, Böyük Qayıdışın qısa zamanda gerçəkləşəcəyinə işarədir.

Bütün çıxışlarında “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik» deyən cənab İlham Əliyevin bu fikirləri Azərbaycanın gücünün, qüdrətinin, xalqımızın birliyinin, gənclərimizin vətərpərvərlik ruhunun, torpaq sevgisinin böyüklüyü əsasında qazanılan Qələbənin bugünümüz və gələcəyimiz üçün hansı perspktivləri açdığının təqdimatıdır. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.”

Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, torpaqlarımız öz sahibinə qayıdaraq sevincli günlərini yaşayır. Bu ərazilərimizdə qədimliklə müasirliyin vəhdətinin qorunması hazırlanan planda öz əksini tapır. İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış da gerçəkləşəcək, ümumilikdə Azərbaycanın bütün bölgələrinin malik olduğu potensialdan səmərəli istifadə daha da qüdrətli, zəngin dövlətə çevriləcəyinə əsas verəcək. Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı bu torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsinə, ərzaq təhlükəsizliyinin təminatına, sahibkarlığın inkişafına xidmət edən addımlar sırasındandır. Azərbaycanın gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də özündə bütün məqamları əks etdirir.

Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə «Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu: «Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər buradayıq.» Rəşadətli Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günün hər gününü tariximizə necə Zəfər səhifəsi kimi yazıbsa, bu gün də o tarixləri böyük qürur hissi ilə qeyd edir, «Azadlığın mübarək, 30 il düşmən tapdağı altında qalan, amma heç zaman əyilməyən torpaqlarımız!» deyirik. Bu günün olacağını bilirdik. Azərbaycanı daim qalibiyyətə aparaq Heydər Əliyev yolu ərazi bütövlüyümüzə qovuşacağımıza böyük zəmanət idi.

Yeganə Əliyeva, «İki sahil»