22 oktyabr 2021 22:56
1131

Hava limanlarının inşası ölkəmizin gələcəyi üçün önəmli addımdır - Mahir Abbaszadə

İkisahil.TV-nin bugünkü müsahibi Milli Məclisin deputatı Mahir Abbaszadədir

-Bir il bundan öncə 44 günlük Vətən müharibəsində dünya hərb tarixində misli görünməyən mübarizə nümayiş etdirdik. Ordumuzun gücü ilə yanaşı, daha hansı amillər qələbəyə gətirib çıxardı?

- Bu müharibə 30  ilə yaxın müddət ərzində əyilmiş qamətimizi dikəltdi, xalqımızın özünə inamını artırdı. Ali Baş Komandanımızın yüksək sərkərdəlik məharəti nəticəsində  tarixi ədalət bərpa edildi. Ölkəmiz heç bir beynəlxalq norma və prinsipləri pozmadan ədalətli müharibə apardı. Bununla Azərbaycan hətta müharibədə belə dünyaya yeni humanizm prinsiplərini aşıladı. Təcavüzkar dövlətin dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavab yalnız döyüş meydanında oldu. Ölkə başçımızın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və rəşadətli ordumuzun müqayisəedilməz qəhrəmanlığı, igidliyi, qorxmazlığı nəticəsində 2020-ci ilin 8 noyabrında Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olunaraq şəhərdə Azərbaycan bayrağı qaldırıldı və bununla da düşmənin beli qırıldı. Məhz Şuşanın azad olunması müharibədə həlledici nöqtə oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu Zəfər bir daha sübut etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasətin alternativi yoxdur.

- Oktyabrın 20-də daha bir tarixi hadisəyə şahidlik etdik. Belə ki, Müzəffər Ali Baş Komandan və birinci xanım Mehriban Əliyeva Zəngilana sayca 4-cü səfərlərini etdilər. Bu səfərlər hansı məqamları özündə ehtiva edir?

- Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş  ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.

Birinci növbədə, keçmiş məcburi köçkünlərimizin öz ata-baba torpaqlarına, illərlə həsrət qaldıqları  yurd-yuvalarına qayıdışı nəzərdə tutulur. Bu gün Zəngilan rayonunun birinci, ikinci, üçüncü Ağalı kəndlərində həyata keçirilən «ağıllı kənd» layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq «ağıllı məktəb»də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq. Eyni zamanda, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək.  Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. «Ağıllı kənd təsərrüfatı»”nda müasir suvarma sistemlərindən istifadə olunmaqla əkin planı hazırlanıb. Torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada «ağıllı idarəetmə sistemi» Data və təhlil mərkəzindən həyata keçiriləcək.

- Qısa zaman ərzində Füzuli Beynəlxalq Hava Limanının hazır olmasının, digər beynəlxalq hava limanlarının tikintisinin tam sürətlə davamının şahidiyik. Bu limanların iqtisadi və strateji əhəmiyyəti barədə nə deyərdiniz?

- Gördüyümüz kimi, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri intensiv şəkildə davam edir.  Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olacaq hava limanının inşasına bu ilin may ayında başlanılıb. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.

Bundan başqa, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı da bir neçə mühüm amili özündə ehtiva edir. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Laçında təməli qoyulan hava limanının həm siyasi, həm də strateji önəmi olduqca böyükdür. Nəzərə alsaq ki, Laçın şəhəri həm Ermənistan sərhədinə, həm də hələ ki nəzarətimizdə olmayan Qarabağdakı torpaqlara yaxındır, o zaman sözügedən ərazidə yeni hava limanlarının inşası ölkəmizin gələcəyi üçün önəmli addımdır”.

Xatırladaq ki, cari ilin avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar.

Şəmsiyyə Əliqızi, «İki sahil»