22 oktyabr 2021 23:15
1142

Ən yaxşısı dostluqdur...

Azərbaycanla təhdid dilində danışmaq olmaz!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni işğalından azad edilmiş Cəbrayıl rayonuna ilk səfəri zamanı Azərbaycan-İran sərhədini dostluq sərhədi, Xudafərin körpüsünü isə Azərbaycan-İran dostluğunun rəmzi adlandırmış və bildirmişdi ki, bu sərhədlərin qorunması iki ölkənin əlaqələrinin inkişafı üçün böyük önəm daşıyır. 30 ilə yaxın davam edən erməni işğalına son qoymaqla dövlət sərhədlərini bərpa edən Azərbaycan bundan sonra regionda sülhə, sabitliyə və inkişafa nail olunması, qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq siyasətinin inkişaf etdirilməsi

kursuna sadiqlik nümayiş etdirməsinə baxmayaraq, İranın əks münasibəti ilə qarşılaşdı. Gözlənilməz oldumu? Xeyr. Çünki Cənub qonşumuzun rəsmiləri və din adamları tərəfindən müxtəlif səviyyələrdə səslənən iftiralar, əsassız ittihamlar, hədə və təhdidlər, hətta sərhədlərimizin yaxınlığında keçirilən genişmiqyaslı hərbi təlimlər əslində öz haqsızlıqlarını və işğal dövründə, müharibə zamanı və ondan sonra da İran yük maşınlarının Qarabağa Ermənistan ərazisindən qanunsuz yükdaşımalarını ört-basdır etmək üçün atılan addımlar idi. Əslində, o iftiraları atanların özləri də bilirdilər ki, işğaldan azad edilmiş ərazilərimizdə heç bir kənar qüvvə, o cümlədən İsrail qüvvələri yoxdur. Ancaq İslam həmrəyliyini, tarixi ənənələri və mehriban qonşuluq prinsiplərini açıq-aşkar tapdalayan İran bir şeyi unudurdu ki, indi Azərbaycan ötən əsrin 90-cı illərində müstəqilliyini yenicə qazanan zaman olduğu kimi gücsüz, zəif və tək deyil. Təkcə Ermənistanı yox, onun böyük havadarlarını da qarşısına alıb 21-ci əsrin müharibəsini aparan, cəmi 44 gündə torpaqlarını 30 illik işğaldan azad edən, Cənubi Qafqazın şəriksiz liderinə çevrilmiş, artıq dünyada sözü eşidilən və söz haqqı olan bir dövlətlə hədə dili ilə danışmaq xeyir gətirməz.

Azərbaycanın mehriban qonşuluq çağırışlarına düşmən mövqeyi sərgiləyərək cavab vermək nə qədər ziyanlı bir yanaşmadır. Dövlət başçımızın Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi kimi, hər kəs də bunu bilməlidir: “Biz xoş niyyət göstəririk. Amma bu o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın.”

Dövlət sərhədimizi pozaraq Qarabağa qanunsuz yüklər daşıyan İran maşınlarına bu ölkənin rəsmiləri tərəfindən nəhayət ki qadağanın qoyulması ölkəmizin bütün müstəvilərdə hər bir təzyiq və təhdid cəhdinə adekvat cavab verə biləcəyini nümayiş etdirməsi nəticəsində mümkün oldu. İran Avtomobil Nəqliyyatı Təşkilatının Beynəlxalq Daşımalar və Tranzit İdarəsinin baş direktoru Məhəmməd Cavad Hidayəti bu ölkənin yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsini qadağan edən qərar imzalayaraq, beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayıb. Məktubda qeyd olunub ki, qurum rəsmi sərhəd-keçid məntəqələri xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir. Bundan əlavə, nəqliyyat şirkətlərinə Qarabağda yaşayan ermənilərlə hər hansı bir ticarət müqaviləsinin imzalanması və bu regiona göndəriş sənədlərinin verilməsi də qadağan edilib. Baxmayaraq ki, buna qədər artıq Azərbaycan tərəfindən bu istiqamətdə dövlətmizin və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun lazımi addımlar atılmış, zəruri tədbirlər görülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində bildirmişdi ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağ bölgəsinə getməsi ilk dəfə baş vermir. Belə hallar işğal dövründə də dəfələrlə baş verib: “Bu barədə bizim məlumatımız vardı, ancaq əlbəttə, indiki kimi tam dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narahatlığımızı ifadə edirdik. Bu durumda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, bunu rəsmiyyətə çevirmək istəmirik. Dostca danışsınlar və buna son qoyulmasının vacibliyini söyləsinlər. Bu, bizə hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır.” Qeyri-rəsmi danışıqlar nəticəsiz qaldığından Azərbaycan artıq rəsmi formada diplomatik nota verməli oldu. İranın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi, şikayətlər səfirə bildirildi və bu duruma son qoyulması xahiş edildi. Notanın verilməsindən keçən bir ay ərzində daha 60 İran TIR-ının qanunsuz şəkildə Qarabağa hərəkət etdiyi məlum oldu və Azərbaycan bunun qarşısını almaq üçün artıq praktik addımlara keçdi. Dövlətimizin başçısı bu barədə demişdi: “Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanmaqdadır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü. Baxın, məsələni bu həddə çatdırmağa gərək vardı?”

Doğrudan da, məsələni bu həddə çatdırmağa gərək vardımı?

İranın mehriban qonşuluq davranışına sığmayan hərəkətləri, baş verən proseslər, eyni zamanda, Azərbaycanda da milli maraqları qurban verməyə, ölkəmizi istəməyən xarici qüvvələrlə işbirliyinə gedərək onlara xidmət edən, öz xalqına və dövlətinə qarşı çıxan şəxslərin, təşkilatların mövcudluğunu da ortaya çıxardı və onların ifşası ilə nəticələndi. Bütün bunlar bir daha onu göstərdi ki, Azərbaycanın gücü və qətiyyəti onun haqq yoluna əngəl olmağa hər kəsə yetər – istər xarici, istərsə də daxili düşmən olsun!   

Mahir Rəsuloğlu, “İki sahil”