23 oktyabr 2021 09:09
554

Səfir Hildi Hamid: Naxçıvanın böyük potensialı İndoneziyada tanınmalıdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri ikitərəfli əlaqələrdən bəhs edib, 2018-ci ildə İndoneziya nümayəndə heyətinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı tədbirlərində iştirakını, eləcə də İndoneziya səfirlərinin muxtar respublikaya səfərlərini xatırladıb.

İkinci Qarabağ müharibəsində İndoneziyanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan Ali Məclisin sədri keçirilən səmərəli görüşlərin bundan sonra da əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Hildi Hamid muxtar respublikada olmaqdan şərəf duyduğunu və Naxçıvanın hərtərəfli inkişaf etdiyini bildirib, bunu ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı kimi dəyərləndirib. Səfir muxtar respublika ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini və burada görülən işləri təcrübə mübadiləsi aparılmaqla İndoneziyada tətbiq etmək istədiklərini qeyd edib.

Səfir Hildi Hamid jurnalistlərə açıqlamasında muxtar respublikaya səfərindən məmnun qaldığını deyib: “Bu, mənim Naxçıvana ilk səfərimdir, buna görə də məqsəd regionla yaxından tanış olmaqdır. Artıq iki gündür, buradayam və demək istəyirəm ki, Naxçıvan haqqında təəssüratlarım çox zəngindir. Ən çox xoşuma gələn buranın təmizliyi, insanların mehriban və qonaqpərvər olmalarıdır.

Bu müddətdə Naxçıvanda bir çox yerlərdə olduq, Duzdağ, Əshabi-Kəhf ziyarətgahı çox cəlbedici məkanlardır. Bunlar Naxçıvanın qədim tarixə, mədəniyyətə malik olduğunu göstərir. Həmçinin burada yerli ərzaq məhsullarının istehsal olunduğu müəssisələrdə olduq. Müəssisələrin iş şəraiti, istehsal olunan keyfiyyətli məhsullar Naxçıvanın həm də bu yöndə inkişafını göstərir.

Düşünürəm ki, Naxçıvanın böyük potensialı var və İndoneziyada tanınmalıdır. Bu diyarın turizm potensialından indoneziyalıların istifadə etməsi fəaliyyətimin əsas istiqamətlərindən biri olacaq. Bizim ölkədən Türkiyə və ya ərəb dövlətləri istiqamətində hərəkət edən turistləri Azərbaycana, xüsusilə Naxçıvana cəlb etmək mümkündür”