25 oktyabr 2021 20:01
566

Qidaların tərkibində toksikliyi yoxlamaq üçün yeni üsul

Bal və digər geniş istifadə olunan qida məhsullarında rast gəlinən təhlükəli bir toksin olan nitrobenzolun aşkarlanması üçün dünyanın ilk ekspress üsulu, Rusiyanın B. N. Yeltsin adına Ural Federal Universitetinin mütəxəssisləri və digər rus alimləri tərəfindən birgə hazırlanmışdır. Müəlliflərin fikrincə, yeni üsul həm də görünməmiş analitik dəqiqliyə malikdir. Bu barədə “Food Chemistry” jurnalında  geniş dərc olunub.

Nitrobenzol kimyəvi cəhətdən zərərsizləşdirilməsi çətin olan, güclü kanserogen və mutagen təsirə malik olduqca təhlükəli bir birləşmədir. Kimya sənayesində bir həlledici olaraq geniş istifadə olunur. Ural Federal Universitetinin alimlərinə görə, qida və ətraf mühitdəki bu maddənin tərkibinə nəzarət  ekoloji monitorinqin vacib hissəsidir.

Alimlər qeyd ediblər ki, nitrobenzolun ən çox rast gəlindiyi qida məhsullarından biri baldır. Bu, arıların və pətəklərin həşəratlardan qorunması üçün istifadə edilən insektisidlərin istifadəsindən qaynaqlanır.

 Nitrobenzol səviyyəsini təyin etmək üçün indiyədək mövcud olan əksər üsullar vaxt aparan laboratoriya işləri tələb edir və bu səbəbdən yerində sürətli analiz üçün uyğun deyil. 

 Yeni metodun əhəmiyyətli bir üstünlüyü həm stasionar laboratoriyalarda, həm də portativ qurğular şəklində tətbiq olunma imkanıdır. Alimlər əmindirlər ki, yeni üsul təkcə ətraf mühitin monitorinqi və qida keyfiyyətinin yoxlanılması sahəsində deyil, həm də sənayedə, məsələn kosmetika istehsalında tətbiq olunacaq.

 Gələcəkdə tədqiqat qrupu həm bu sahədə fundamental araşdırmaları davam etdirmək, həm də təhlükəli kimyəvi maddələr və dərmanlarla işləmək üçün yeni analitik sistemlər hazırlamaq niyyətindədir.

Nubar Süleymanova, “İki sahil”