25 oktyabr 2021 21:56
1442

Böyük Qayıdışın möhtəşəm layihəsi - Füzuli aeroportu

Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki şanlı Zəfəri dövlətçilik tariximizin ən parlaq səhifəsini təşkil edir. Bu qırx dörd gündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhərman ordumuz Qarabağı erməni təcavüzkarlarından təmizlədi, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. İndi Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bu gün hər bir azərbaycanlı xalqımızın qüdrətinin, milli ruh və qürurumuzun təntənəsinə çevrilən, torpaqlarımızın bütünlüyü, dövlətimizin nüfuzu, gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbənin böyük sevinc və təntənəsini yaşayır. 30 illik işğal dövründə mənfur düşmənlərimiz tərəfindən kərpic-kərpic sökülən Qarabağ Azərbaycanın gücü-qüdrəti ilə bərpa olunur. İşğaldan azad edilmiş ərazilərdə ötən ilin payızından başlanan quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. Su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır.

Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə davamlı səfərləri, infrastruktur obyektlərinə baş çəkməsi və işlərin gedişi ilə şəxsən yaxından maraqlanması dövlətin bu prosesə diqqətinin bariz nümunəsidir. İşğaldan azad olunan rayonlarda bu cür müasir infrastrukturun qurulması bölgəni həm xarici sərmayələr, həm də turizm üçün cəlbedici məkana çevirir. Bunun üçün bütün zəruri infrastruktur, dəmir yolu və hava limanlarının da inşası aparılır. Bu ərazilərdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Belə ki, artıq Füzuli aeroportunda işlər ən yüksək səviyyədə başa çatdırılıb. Zəngilan hava limanının təməli qoyulub, Laçında isə ölkə başçısının tapşırığına uyğun olaraq inşaat işləri həyata keçirilir.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsinin tikintisi başa çatdırılıb. Qeyd edək ki, Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti cəmi 35 dəqiqədir. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Burada sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən bildirib ki, bu aeroport Qarabağın hava qapısıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanına gedərkən çəkdiyi videogörüntüdə dövlətimizin başçısı deyir: “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.

İstər Füzuli aeroportu, istərsə də işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq digər hava limanları Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Dövlətimizin başçısının vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Ölkə başçısı bu il yanvarın 14-də Füzuli aeropotunun təməlini qoyanda demişdi ki, bu hava limanının əsas məqsədlərindən biri də xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. 

Bir sözlə, 2021-ci il yanvarın 14-də dövlətimizin başçısının Sərəncamı ilə işğaldan azad olunan ərazilər arasında ilk olaraq aeroportun Füzulidə tikilərək ərsəyə gəlməsi Qarabağ üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də bu, Laçın, Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından vacibdir. Füzuli aeroportu təkcə daxili imkanlara müsbət təsir göstərməyəcək, Azərbaycanın xarici bazarlara çıxışını təmin edəcək, beynəlxalq yükdaşımaları əhəmiyyətli şəkildə genişləndirəcək.

Zahid Rza, “İki sahil”