02 noyabr 2021 21:12
1100

Heç zaman unudulmayacaq tarixi gün

Qırx dörd gün davam edən Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan, Qarabağın tacı olan Şuşa şəhəri dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlarla azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.

Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Azərbaycan əsgəri  yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar. 

Ali Baş Komandan 2016-cı ildə Lələtəpədəki səngərdən "tezliklə bayrağımız Şuşada, Qarabağda dalğalanacaq” deyərkən nə qədər inamlı və əzmli idisə, indi də bu dağıntıların tezliklə gülüstana çevriləcəyini söyləyəndə bəlkə də daha artıq əmin və arxayın görünür.

"Qarabağ Azərbaycandır!” - bəyanatının Soçidən Xudafərinədək şərəfli taleyi, zəfər yolu oldu. Prezident İlham Əliyev bu ifadəni səsləndirdikdən 13 ay sonra Azərbaycan əsgəri bu milli şüarı dünyaya car çəkdi...   Qalib Azərbaycandır! Qarabağ Azərbaycandır!..

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Bu tarixi sənəd Azərbaycanın Qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin etdi.

Prezident İlham Əliyev bayraq ucaltdığı hər bir məkanda "Qarabağ Azərbaycandır!” çağırışının növbəti nidalarını səsləndirdi. Ali Baş Komandanın sərhədləri yenidən cızılan cəbhə xəttinin ən öndə yerləşən məntəqələrinə gəlişi Bakıdan Yerevanadək, həmsədr ölkələrin üç paytaxtından dünyanın ən nüfuzlu KİV-inə qədər geniş rezonans doğurdu.

Azərbaycan Ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verdi, düşmən ordusunu da məhv etdi: “Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kəndin, bütövlükdə 300-dən çox yaşayış məntəqəsinin azad edilməsi müzəffər Azərbaycan Ordusunun  düşmən üzərində parlaq qələbə qazandığına sübutdur. Bu mənada, tam əminliklə deyə bilərik ki, düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Təkcə Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, ordumuzun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Bu gün bir sıra yerli və beynəlxalq hərbi ekspertlər də etiraf edirlər ki, Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi.

Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu qeyd edərək demişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu,  Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsirlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Amma təkcə Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu, biz onlarsız yaşaya bilmərik, Azərbaycanı Qarabağsız təsəvvür edə bilmərik”.

Azərbaycanın Qələbəsi eyni zamanda, erməni miflərinin sonu oldu. Ali Baş Komandanın dediyi kimi, Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda, şərlə xeyir qüvvələrinin mübarizəsi idi. 44 günlük müharibənin yekununda bütün dünya rəsmi İrəvanın məsuliyyətsiz və faşist məzmunlu siyasət yürütdüyünü faktlarla gördü.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdə qardaş Türkiyənin böyük payı var. Vətən müharibəsi dövründə qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu, güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı və qardaş Türkiyə Ordusunun Azərbaycan Ordusu ilə çiyin-çiyinə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj idi. Biz əminik ki, artıq Birinci Qarabağ savaşında və Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları şaddır! Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa catdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərcivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq! Zəfərimiz mübarək olsun!".

Rauf İsmayılov,
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Təlim Mərkəzi Tədris hissəsinin müəllimi,
ədliyyə mayoru