03 noyabr 2021 19:52
868

Zəfər Günü Xalq, Prezident və Ordu birliyinin nəticəsidir

Otuz ilə yaxın bir müddətdə düşmən əsarətində qalan, əzilsə də əyilməyən doğma yurdum! Nəhayət ki, sənə həsrət qalan övladlarına qovuşdun, həsrətində qalıb nisgilli dünyadan köçən övladlarının ruhu sənə qovuşdu. Bu xoş günü bizə Azərbaycanın qəhrəman oğulları yaşatdılar. O oğullar ki, xalqının dayağına söykənib, Ali Baş Komandanına güvənib, sinələrini sipər edib qanları bahasına Birinci Qarabağ savaşında torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin qisasını aldılar. Azğın düşmən 30 ilə yaxın müddət ərzində sakit dayanmır, işğal edilmiş torpaqlardan digər ərazilərimizi atəşə tuturdu. Lakin Azərbaycan rəhbərliyi buna səbirlə dözür və münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Prezident, Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirərək münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla nizamlanmasına səy göstərir, lakin hərb yolu ilə həllinin istisna olunmadığını da beynəlxalq arenada dəfələrlə bəyan edirdi.

Ermənistan isə xarici havadarlarının dəstəyi sayəsində münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışırdı.  Azərbaycana status-kvonu qəbul etdirmək üçün yaradılmış ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin sülh yolu ilə həll edilməsində maraqlı olmamış, bununla da  münaqişənin həllinin hüquqi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 4 qətnamə, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları kağız üzərində qalmışdır. Ermənistan tərəfi 30 ilə yaxın müddətdə beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan daim ordumuzun mövqelərini atəş altında saxlamışdır. Bununla kifayətlənməyən mənfur düşmən 2020-ci ilin iyul ayından başlayaraq dövlət sərhədi və təmas xətti boyu hərbi təxribatlar törədərək aralarında xeyli sayda azyaşlı olmaqla mülki əhalinin ölümünə səbəb oldu. Nəhayət ki, dünya ölkələrinin susqunluğu, bu məsələyə biganə yanaşmaları Azərbaycan dövlətini öz torpaqlarını düşməndən müharibə yolu ilə azad etməsinə vadar etdi. Məlumdur ki, işğalçı tərəf 2020-ci ilin sentyabrın 27-də hücuma keçdi və Azərbaycan Ordusunun əks-hücumu düşmənə baha başa gəldi. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən, Azərbaycan Ordusu sürətlə irəliləyərək işğal altında olan ərazilərimizin böyük hissəsini düşmən əsarətindən azad etdi. Ermənistan tərəfindən yaşayış məntəqələrimizin mütəmadi atəşə tutulması, Vətən müharibəsinin ilk günlərindən cəbhədən gələn şəhid xəbərləri üzücü olsa da ordumuzun qələbə xəbərləri qürurverici idi.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Elə bu ümidlə də aslanlar kimi döyüşən, öz döyüş missiyasını ölümün gözünə dik baxaraq şərəflə yerinə yetirən qəhrəman Ordumuz düşmənə ağır zərbələr endirərək oktyabrın 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhərini işğalçılardan azad etdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan üzərində tam qələbə qazandı və Azərbaycan Prezidentinin “dəmir yumruğ”u Ermənistan tərəfini 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa vadar etdi və işğal edilmiş digər ərazilərimizdən işğalçı qoşunlarını çıxartmağa məcbur etdi. Döyüş meydanında əldə edilən qələbələr siyasi meydanda Azərbaycana öz sözünü deməyə əsas verdi və Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir şəhid verilmədən işğaldan azad edildi. Bununla da dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin çoxsahəli siyasəti və müasir silahlarla təchiz edilən, yenilməz bir gücə sahib olan ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, 30 illik münaqişəyə son qoyuldu. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin yekunu olaraq 8 Noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd olunması barədə Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan xalqı bu günü hər il təntənəli şəkildə qeyd edəcək.

Qələbələrin bol olsun, şanlı Vətənim!

Gülgün Şəfiyeva,

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş məsləhətçisi