24 noyabr 2021 11:29
1836

Vətənim İsmayıllı

Böyük Qafqaz dağlarının cənubunda yerləşən, füsunkar təbiətə malik olan rayonlarımızdan biri də İsmayıllıdır. İndiki İsmayıllı rayonunun ərazisi Albaniya dövlətinin tərkibində olub.

Tarixi faktlara, əsasən, Cavanşirin mənsub olduğu Mehranilər sülaləsi Girdiman knyazlığını İsmayıllı ərazisində yaratmışdılar. Digər sübut kimi rayonun Talıstan kəndinin 4 km şimalında yerləşən Ağçayın sahilində Cavanşirin adı ilə bağlı olan qalanı göstərmək olar. Əvvəllər rayonun əhalisi VII-VIII əsrə aid Nəzrə pirinin cənubunda yerləşən Qayız bulağının ətrafında məskunlaşıb. Sonradan əhali indiki rayon ərazisinə köç etməyə başlayıb və məskən salıblar. Əhalinin sayı artdıqca ərazi indiki Mican kəndinə birləşib. Qayızdan köç edənlər arasında uzaqgörən, savadlı, el ağsaqqalı olan İsmayıl kişinin adına hörmət əlaməti olaraq yaşadıqları yerə İsmayıllı adı verirlər. 24.11.1931-ci il tarixində İsmayıllı rayonunun yaradıldığı elan olunur, burada inzibati binalar olmadığına görə 1933-cu ildə mərkəz kimi Basqal qəsəbəsi seçilir. 1959-cu ildə İsmayıllıya şəhər tipli qəsəbə, 1967-ci ildə isə şəhər adı verilir.

İsmayıllı rayonu şimaldan Quba, cənubdan Kürdəmir və Göyçay, qərbdən Qəbələ, şərqdən Şamaxı, cənub-şərqdən Ağsu rayonu ilə əhatə olunub. İsmayıllıda 1 şəhər, 2 şəhər tipli qəsəbə və 107 kənd var. Rayonun ərazisi 2.074 kv.kmdir. Burada müxtəlif xalqların nümayəndələri mehriban ailə kimi yaşayırlar. Əhali, əsasən, əkinçilik və maldarlıqla məşğul olur. Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Tikinti materialları, çınqıl, qum, gil və vulkan kül yataqları ilə yanaşı rayon ərazisində yanar şist, gülabi, mərmər yataqları, bentonit gilin bir neçə yatağı aşkar olunub. Rayon ərazisində 20 çay, 10-dan çox göl və su anbarı var. 

İsmayıllıda qədim tarixi olan iki qəsəbə - Basqal və Lahıc yerləşir.

Basqalın tarixi rayonun tarixindən daha qədimdir. Basqal ipək toxuculuğunun mərkəzidir. Burada qadınlara məxsus milli baş örtüyümüz olan kəlağayı hazırlanır. Basqal türk sözüdür, mənası “qala qur”, “qala ucalt” anlamına gəlir. Gözəlliyi, tarixiliyi ilə turistləri özünə cəlb edən Lahıc haqqında IX-X əsr tarixçisi Təbəri yazırdı: “Dağlar boyunca sərt-sıldırımlı, vəhşət doğuran qayalar arasından keçilməsi mümkünsüz, nahamar yollar, qəmbər döşənmiş küçələr, yeraltı su anbarlarına malik sivil yaşayış məskənidir, Lahıc”.

Lahıc dörd min ildən artıq yaşı olan Girdimançayın sahilində yerləşməklə yanaşı, Niyaldağ və Babadağ ilə əhatə olunub. 1935-ci ildə Lahıca şəhər tipli qəsəbə adı verilib. Burada misdən hazırlanan dolça, sərnic, güyüm, məcməyi, kəfkir, kasa Azərbaycanla yanaşı qonşu ölkələr olan Türkiyə, Gürcüstan və İranda da məhşurdur. Lahıcda 100-dən artıq sənət növü-misgərlik, zərgərlik, papaqçılıq, dulusçuluq və.s geniş yayılıb.  Azərbaycanın ilk Xalq şairi olan Səməd Vurğun “Talıstan” poemasını məhz bu yerlərdən ilham alaraq yazmışdır.

                                    Dağlar qoynunda durur, Talıstan.

                                    Ona ilk baxışda vurulur insan.

                                    Günəş bu yerlərdə qalxır atına,

                                    Yüksəlir göylərin yeddi qatına.

90 illiyin mübarək, İsmayıllım!

Səbinə Hüseyinova,

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi