24 noyabr 2021 23:19
441

Fransa və Ermənistanı eyni dəyərlər birləşdirir

Fransa kimi güclər erməni sevgisini işğalçıya təxribatlarına, əsassız iddialarına deyil, uğurlu gələcəyinə xidmət edəcək sülh müqaviləsinin imzalanmasına dəstəkləri ilə ifadə etsələr yaratdıqları etimadsızlıq mühitini də bərpa edərlər

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə yeni səhifə açılıb. Regionda yeni reallıqlar yaranıb. Azərbaycan diktə edən tərəf kimi çıxış edir. Qarşı tərəfə sülh razılaşmasını təklif etsə də Ermənistan hələ Minsk qrupu həmsədrlərindən cavab gözləyir. Amma xatırlatmaq istərdik ki, işğalçı dövlət 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə sülh danışıqlarına imitasiya naminə qatıldığının eyforiyasından ayılmasa da 44 günlük Vətən müharibəsindən aldığı dərsi unutmamalıdır. Tarixi Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan təkmil sülh modelini ortaya qoymaqla yanaşı, bu Bəyanatı da səsləndirir ki, bu təklif masa üzərində uzun müddət qala bilməz. Azərbaycan bu bəyanatı ilə artıq 30 illik işğal dövrü olmadığını qarşı tərəfə xatırlatma edir. Bu gün Qarabağın döyünən ürəyi Şuşamız azaddır. Şuşada, Cıdır düzündə Novruz tonqallarının yandırılması, “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, iki qardaş, dost ölkə-Türkiyə və Azərbaycan arasında Müttəfiqlik sənədinin-Şuşa Bəyannaməsinin imzalanması 28 il işğal altında olsa da əyilməyən, sınmayan, öz ləyaqətini, Azərbaycanın milli ruhunu qoruyan Şuşanın tarixi sahibinə qayıtdığı üçün yaşadığı sevincin nümayişidir. Torpaq, Vətən sevgisi, bir qarış torpağı belə düşmənə verməmək əzmi, gücü Qələbəmizi şərtləndirdi. «Azərbaycanın ərazi bütöv­lüyünü təmin etmək üçün hər bir döyüşə hazır olmalıyıq» söyləyən ulu öndər Heydər Əliyev sanki uzaqgörənliklə dünəndən bu günə səslənmişdir. Dahi rəhbərin “Bizim məqsədimiz müharibə etmək deyil, ordumuz ərazi bütövlüyü­nü, sərhədlərin toxunulmazlığını təmin etmək üçün lazımdır» tezisi müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordunun güclü, qüdrətli olmasının müharibə şəraitində yaşayan ölkə üçün önəmini bir daha nümayiş etdirirdi. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücumlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respub­likasının müdafiəsi yolunda irəli!» əmrini verməsi ilə başlanan yol Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsinə qədər gəlib çatdı. Dövlət başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» sərsəm bəyanatına cavab olaraq söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi» 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi.

Bunları bir daha təhlil etməyimiz səbəbsiz deyil. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ermənistan keçmişlə yaşasa da Azərbaycan daim irəliyə baxır, hədəflərə doğru irəliləyir, işğalçı dövlətə də keçmişlə deyil, gələcəklə yaşamağı tövsiyə edir. Təbii ki, ermənilərin illərdir xalqımızın başına gətirdikləri faciələr, Vətən müharibəsi zamanı, həmçinin 10 noyabr razılaşmasına əsasən Kəlbəcər, Ağdam və Laçını boşaldarkən törətdikləri vəhşiliklər unudulmayıb, həmişə xalqımızın yaddaşında qalacaq. Yeni reallıqlara uyğun yeni addımların atıldığı bir zamanda Ermənistanın atəşkəsi pozmaq, təxribatlar törətmək cəhdləri birmənalı qarşılana bilməz. Təbii ki, onların bu yolu tutmalarında dünyanın göstərdiyi diqqət və dəstək də az rol oynamır. Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə müsahibəsində əsassız iddiaları, sərsəm bəyanatları da havadarlarının yaratdığı dəstək mühitindən irəli gəlir. 10 noyabr üçtərəfli Bəyanatına ilk gündən narazılıqlarını ifadə edən dövlətlər, xüsusilə Fransa zaman-zaman atdığı addımları ilə erməni sevgisinin səbəblərini də açıqlayır. Təbii ki, atılan addımlara, törədilən təxribatlara görə ciddi təzyiqlər göstərilsə də Ermənistan çətin ki, bir də belə istəkdə bulunar. Fransa kimi ikili siyasəti, erməni sevgisini nümayiş etdirən dövlətlər istər 30 ilə yaxın işğal zamanı, istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə çirkin niyyətini qabarıq şəkildə ortaya qoyaraq maraqlarını Ermənistanın vasitəsilə həyata keçirməyə cəhd göstəriblər. Fransa parlamentinin Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini qəbul etməsi də Azərbaycanın Qələbəsini həzm edə bilməmələrindən irəli gəlirdi. Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmayan bu sənədlər Fransa kimi özünu «ədələt carçısı» qiyafəsində təqdim edən dövlətlərin siyasətinə bir daha işıq saldı.

ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan neytrallığı qorumaq, ədalətli yanaşma ortaya qoymaq tələb olunsa da fürsət düşən kimi Ermənistana dəstəyini əsirgəməyib, bunu bəzən açıq, bəzən isə gizli şəkildə büruzə verib. Bu fakt hər kəsə məlumdur ki, Fransa hərbi əməliyyatların ilk günündən ermənilərin maraqlarından çıxış edərək işğalçılığa və separatizmə dəstək verdi. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Amma “nədənsə” “demokratiyanın, ədalətin beşiyi" sayılan ölkələr susmağı daha məqsədəuyğun hesab etdilər və bu gün eyni proses davam edir. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Makron başda olmaqla Fransa Xarici İşlər Nazirliyi ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılıq siyasətinə dəstək nümayiş etdirdilər. Fransa aşıq-aşkar Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoyur. Fransa kimi ədaləti maraqlarının arxasında gizlədən dövlətlər artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi barədə fikirlər yaratmağa, status məsələsini qabartmağa başladılar. Dövlət başçısı İlham Əliyev bu cəhdlərə cavab olaraq “Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz” fikirlərinin davamı olaraq bu məqamı da xüsusi qeyd etmişdir: «Bu gün Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənəndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı olur ki, münaqişə öz həllini tapmalıdır. Mən demişəm, deyin necə həll olunmalıdır? Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam!”

Fransanın mövqeyi və cəhdləri həmsədrlik institutunun tam məhv edilməsinə istiqamətlənmişdir. Parisin hazırkı cəhdləri həm də bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. Fransa Rusiya və Türkiyənin münaqişənin həlli istiqamətində fəallığını həzm edə bilmir, bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatlığını gizlətmir.
Düşünürük ki, istər işğal, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində cəhdlər göstərən Fransa öz tarixi keçmişinə nəzər salsa, daha yaxşı olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırım törətmiş ölkədir. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini qətlə yetirib. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Bu fikir hər zaman səslənir ki, Fransa rəhbərliyinin ermənilərə sonsuz sevgisinin kökündə qanlı cinayətlər, soyqırım və çoxsaylı qətliamlar dayanır. Hər iki ölkəni eyni dəyərlər birləşdirir.

Onu da qeyd edək ki, son dövrlər Fransanın rəsmi strukturları tərəfindən Azərbaycana doğru ünvanlanmış müsbət jestlərin ömrü çox çəkmədi. Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri, isti qarşılanmaları heç bir hüquqi əsası olmayan və Fransanın özünün qanunlarına zidd haldır. Hələ 2019-cu ildə qondarma “Dağlıq Qarabağ respublikası” ilə Fransanın bəzi əyalətləri arasında imzalanmış “sənədlər” Fransa məhkəmələri tərəfindən ləğv edilib. Əgər bu gün də Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli ortada rəsmi Parisin konkret mövqeyi var və bu qanunazidd hallara görə məsuliyyəti də məhz Fransanın rəhbərliyi daşıyır. Əvvəldə də qeyd etdiyimiz kimi, yaxşı olardı ki, Fransa Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat versin. Həmin ərazilərdə müstəqillik tələblərini qulaq ardına vuran rəsmi Paris digər ölkənin ərazisində qanunsuz şəkildə dövlət qurmaq istəyən separatçılara və terrorçulara niyə meydan verir? Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən Fransa rəsmiləri, senatorları və s. öz ölkələrində mövcud olan bu eybəcərliklər barədə niyə susurlar? Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu süni şəkildə qapadılır, əvəzində isə “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi qondarma məsələlər gündəmə gətirilir. Nəyə görə bu günə kimi rəsmi Paris İŞİD terrorçu qrupları ilə işbirliyi haqqında irəli sürülən ittihamlara, təqdim olunmuş təkzibedilməz faktlara münasibət bildirmir?

Təbii ki, cavabını gözləyən çoxlu sayda suallar səsləndirmək olar. Amma dünya güclərinin hələ də “kar”, “kor” xəstəlikləri davam edir və bununla da dünyanın sözün əsl mənasında hüquq problemini yaşadığını açıqlayır.

Məlumdur ki, “TRT World” Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən “Zavod: Gizli Fransız Əməliyyatı” adlı sənədli film yayımlayıb. Azərbaycan ictimaiyyəti bu sənədli filmdə əksini tapan məqamları təəccüblə qarşılamayıb. Çünki Vətən müharibəsi dövründə Fransanın Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları atəşə tutan, terror aktları törədən Ermənistanı açıq şəkildə himayə etməsi, ona humanitar yardım adı altında təyyarələrlə silah-sursat daşıması, terrorçuluğu maliyyələşdirməsi ortada idi. Fransanın Vətən müharibəsi dövründə suriyalı döyüşçüləri, terrorçu dəstələri Azərbaycana qarşı istifadə etməsinə dair də geniş informasiyalar vardır. Buna baxmayaraq, Fransa Azərbaycana böhtan ataraq guya suriyalı terrorçuların Azərbaycan tərəfindən döyüşməsi barədə dezinformasiyalar yaydı. Azərbaycan dövlətinin bu iddialara sübut tələblərinə qarşı Fransa nə müharibə dövründə, nə də sonra bir fakt belə ortaya qoya bilməyərək rüsvay oldu. Bu sənədli film Fransa rəhbərliyində təmsil olunan şəxslərin beynəlxalq terrorçuluğa dəstək verməklə bəşəri dəyərlərə xəyanətinin növbəti sübutudur.

Aparılan təhlil Azərbaycan və Ermənistan arasında fərqin mənzərəsini yaradır: bir tərəfdə praqmatik, realist siyasət nəticəsində cənnət quran Azərbaycan, digər tərəfdə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirən Ermənistan. Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın təklif etdiyi sülh sazişini təqdir etməli, bölgədə əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərə qoşulmalıdır. Fransa kimi güclər erməni sevgisini işğalçıya taxribatlarına, əsassız iddialarına deyil, uğurlu gələcəyinə xidmət edəcək sülh müqaviləsinin imzalanmasına dəstəkləri ilə ifadə etsələr yaratdıqları etimadsızlıq mühitini də bərpa edərlər.

Yeganə Əliyeva, “İki sahil”