25 noyabr 2021 08:08
420

Parisdə azərbaycanlı fotoqrafın erməni vandalizmini əks etdirən sərgisi açılıb

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində gənc fotojurnalist Maya Bağırovanın Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vəhşilikləri əks etdirən fotolarından ibarət “Qara bağ” adlı fotosərgi təşkil olunub.

"İki sahil" xəbər verir ki, sərgidə gənc fotoqrafın “Qafqazın Xirosiması” adlanan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarından çəkilmiş fotolar nümayiş olunub.

Fotolarda 30 ilə yaxın erməni vandallarının işğalı altında olmuş şəhər və kəndlərimizdə yaşayış binalarının, şəxsi evlərin, muzeylərin, tarixi, dini və mədəniyyət abidələrinin erməni işğalçıları tərəfindən tamamilə darmadağın edildiyi əks olunub. Daha çox ağ-qara rənglərə üstünlük verən fotoqraf sərgisində yerli ictimaiyyətə erməni vandallarının törətdiyi vəhşilikləri əyani olaraq göstərib. Hisslərini fotoları vasitəsilə çatdırmağa nail olub.

Sərgidə fotoqrafın torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr edilmiş və “27 sentyabr - Anım Günü”ndə işıq üzü görmüş Ağdam, Füzuli, Cəbrayıl və Zəngilanda erməni vandalizmini əks etdirən fotolarından ibarət broşür yerli ictimaiyyətin nümayəndələrinə təqdim olunub.

Xatırladaq ki, M.Bağırovanın Azərbaycan və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində o, Qarabağ müharibəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı uşaqların həyatını fotoları vasitəsilə yerli ictimaiyyətə göstərmişdir.

Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil almış Maya Bağırova sonradan Nərgiz Xeyriyyə Fondunun dəstəyi ilə təhsilini Speos Paris Fotoqrafiya İnstitutunda davam etdirib. “Paris Match” jurnalı ilə əməkdaşlıq edən fotoqraf Fransada fotojurnalistika üzrə təhsilini təkmilləşdirib. O, Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

Gənc fotoqraf Maya Bağırova 2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.