25 noyabr 2021 16:31
414

28 illik əsarətdən sonra azadlığa çıxan Laçının bir yaşı

Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edəcəyimiz bugünlərdə rayonun işğal altına düşməsinin ölkəmiz üçün necə miqyasagəlməz bir fəlakət olduğunu bir daha xatırlayırıq. 1992-ci ildə əzəli yurd yerimiz olan Şuşa şəhərinin işğal olunmasından cəmi 10 gün sonra işğal altına düşən Laçın ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsasını qoydu. Laçının işğal altına düşməsi ilə köhnə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında birbaşa əlaqə yarandı və bununla  Laçın dəhlizi vasitəsilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr hesabına erməni təcavüzünün miqyası daha da genişləndi, ətraf rayonların taleyi təhlükə altına düşdü. O dövrün xarakteristikası deməyə əsas verir ki, Laçının işğalı xəyanət və xəyanətə bərabər məsuliyyətsizliyin nəticəsi idi. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımız sırasına Laçın da qoşulmuşdu. Laçının işğalı həm də ona görə vacib idi ki, bu, artıq müharibənin sadəcə “Dağlıq Qarabağ”la məhdudlaşmayacağının və daha böyük miqyaslı işğalçılıq niyyətlərinin olduğunun sübutu idi. Maraqlıdır ki, köhnə Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən yaşayış məntəqələrimizdən birinci işğal altına düşən Laçın rayonu Vətən Müharibəsində hərbi-siyasi yolla azad olunan sonuncu ərazimiz idi. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.

Qeyd edək ki, Laçın rayonu sülh danışıqları dövründə də daim mübahisə predmeti olan iki rayondan biri idi. Bu barədə ölkə başçımız Laçın rayonunun işğaldan azad olunması ilə bağlı 01 dekabr 2020-ci il tarixli xalqa müraciətində bildirmişdir ki, Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır. Ancaq, rəşadətli Azərbaycan Ordusunun cəbhədə yaratdığı reallıq bütün vəziyyəti dəyişdi. Ermənistan təslim olmağa və indiyə qədər qəbul etmədiyi Laçın və Kəlbəcər rayonlarının qaytarılmasını təmin etməyə məcbur odu. Üstəlik, bir güllə atılmadan, bir şəhid belə verilmədən. Bu gün artıq Laçın Azərbaycanın nəzarətindədir və Azərbaycan hökuməti şəhərdən işğalın izlərini silmək və şəhəri Azərbaycan iqtisadiyyatına reinteqrasiya etmək üçün lazımi işlərə start vermişdir. Bu istiqamətdə görülən işlərə ən böyük örnək Laçında inşa olunacaq beynəlxalq hava limanıdır. Məlumat üçün qeyd edək ki, bu hava limanı Azərbaycanın işğaldan azad olunan ərazilərdəki sayca üçüncü hava limanı olacaq və eyni zamanda dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroport olmaq xüsusiyyəti daşıyacaqdır. İndiyə qədər Laçında və ya Kəlbəcərdə heç vaxt hava limanı olmadığını nəzərə alsaq layihənin əhəmiyyəti bir daha nəzərə çarpmaqdadır. Şübhə yoxdur ki, hava limanı bölgədə iqtisadi hərəkətliliyə və turizmə böyük rəvac verəcəkdir. Digər bir tərəfdən Laçında icra olunan layihələr proseslərin geri dönməziliyinin sübutu kimi də olduqca vacibdir. Məlumdur ki, hələ də, Ermənistanda müəyyən dairələr tərəfindən revanişt meyillərə cəhdlər olunur. Ancaq buna baxmayaraq, regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub. Bu mərhələdə isə şərtləri Azərbaycan tərəfi diqtə edir. Beləliklə, necə ki, qısa müddət öncə - daha dəqiq ötən ayın 26-sı tarixində qardaş Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğanın bölgəyə səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutdu eləcə də, Laçın və Zəngilan rayonlarında inşa ediləcək hava limanlarının da açılışı ölkəmiz tərəfindən həyata keçiriləcəkdir. İndiyə qədər mümkünsüz hesab olunan bu layihənin həyata keçirilməsi isə respublikamınızın gücünün, iradəsinin və iqtisadi imkanlarının təzahürü kimi tarixə həkk olunacaqdır.

Emin Sarıyev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi