25 noyabr 2021 16:38
387

“Karabakh Memorial” internet resursunun təqdimatı olub

Vətən müharibəsində həlak olan mülki əhalinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakh Memorial” internet resursu (karabakhmemorial.com) təqdim edilib.

“İki sahil” xəbər verir ki,   “Karabakh Memorial” internet resursu Qarabağ Dirçəliş Fondu tərəfindən ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu “Karabakh center” layihəsi çərçivəsində Vətən müharibəsi zamanı beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə yaradılıb.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun İcraçı direktoru Rəhman Hacıyev, Ombudsman Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, digər şəxslər iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bütün dünya erməni təcavüzü və cinayətlərinin şahididir: “Azərbaycan dövləti öz xalqının, ordusunun və Prezidentinin gücü ilə bu münaqişəyə son qoydu. Belə münaqişələrin yalnız sülh yolu ilə həll olunması ilə bağlı nağılların qarşısına Azərbaycan reallığı qoyuldu”.

Ombudsman Səbinə Əliyeva isə müharibə nəticəsində uşaqların pozulmuş hüquqlarından bəhs edib. O, beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin təcavüzündən əziyyət çəkən mülki insanların hüquqlarının pozulmasına reaksiya verməyə çağırıb.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun icraçı direktoru Rəhman Hacıyev “Karabakh Memorial” internet resursu barədə məlumat verib, bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər unudulmamalıdır: “Bunu beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bu istiqamətdə bu gün təqdim edilən layihə sonuncu olmayacaq”.

XİN sözçüsü Leyla Abdullayeva erməni təcavüzü ilə bağlı Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddialar barədə danışıb.

Türkiyəli jurnalist Fulya Öztürk tədbirə videomesaj göndərib, bildirib ki, fəaliyyətinin ən çətin illəri Azərbaycanda olduğu müddətə təsadüf edir: “İş həyatımın ən unudulmayacaq günlərini Azərbaycanda yaşadım. Azərbaycandakı uşaqların qətl edildiyi anların ağrısını hələ də yaşayıram. Bu məsum uşaqların qatili Ermənistandır”.

Sonra “Karabakh Memorial” internet resursunun təqdimat videosu yayımlanıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub.