27 noyabr 2021 08:41
1003

Ələt Azad İqtisadi Zonasının potensialı Pakistanda təqdim olunub

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Lahor Ticarət və Sənaye Palatasının (LCCI) prezidenti və palatanın İdarə Heyətinin üzvləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Palatanın prezidenti Mian Nauman Kabir Xəzər Fərhadova ziyarətə görə təşəkkürünü bildirib, Azərbaycan və Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib. Mian Nauman Kabir LCCI-nin strukturu və fəaliyyəti barədə məlumatlar verib və Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün Palatanın hər cür köməkliyə hazır olduğunu deyib.

Xəzər Fərhadov Azərbaycan–Pakistan əlaqələrindən söhbət açıb. Səfir iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən bəhs edərək iqtisadi əlaqələrin önəmini xüsusi vurğulayıb. O, iqtisadi əlaqələrin artırılması ilə bağlı son aylar ərzində səfirlik tərəfindən görülmüş işlər barədə danışıb.

Daha sonra Azərbaycanda investisiya imkanları, idxal-ixrac məhsulları və Ələt Azad İqtisadi Zonası ilə bağlı Lahor Ticarət və Sənaye Palatasının nümayəndələri üçün təqdimat keçirilib.

Görüş zamanı iş adamlarını maraqlandıran suallar cavablandırılıb.