27 noyabr 2021 12:31
938

Blatter Fransa polisi tərəfindən 6 saat dindirilib

Fransa polisi FIFA-nın sabiq prezidenti Yozef Blatteri ümumilikdə altı saat dindirib.

“İki sahil” xəbər verir ki, bu, 2022-ci il dünya çempionatının təşkilatçılıq hüququnun Qətərə verilmə şərtlərinin araşdırılması çərçivəsində baş tutub.

Sorğu-sual İsveçrə Federasl Prokurorluğunun binasında olub və iki günü əhatə edib. Blatter Fransanın Korrupsiya, vergi və maliyyə pozuntularına qarşı mübarizə üzrə mərkəzi ofisi əməkdaşlarının suallarına vəkilin iştirakı ilə şahid qismində cavab verib.

Araşdırma hələ 2019-cu ildə mümkün "aktiv və passiv korrupsiya aktları", habelə, "pul vəsaitlərinin gizlədilməsi və yuyulması" üzrə başlanıb. İstintaq hesab edir ki, bu pozuntular DÇ-2022-nin keçirilmə yerinin müəyyənləşdirilmə prosedurunun gedişində yer ala bilər.

Sonuncu dindirilmədə Blatterdən 23 noyabr 2010-cu ildə həmin vaxt Fransa prezidenti olmuş Nikola Sarkozinin Yelisey Sarayında təşkil etdiyi şam yeməyində iştirakı barədə soruşulub. Həmin mərasimə UEFA-nın ovaxtkı prezidenti Mişel Platini və Qətərin vəliəhd şahzadəsi şeyx Tamim ben Hamad Əl Tani də dəvət edilib. Təhqiqatçılar şam yeməyi vaxtı DÇ-2022-yə Qətərin ev sahibliyi edəcəyinə dair "korrupsiya razılaşması"nın əldə edilib-edilmədiyini aydınlaşdırmağa çalışırlar.

Qeyd edək ki, Yozef Blatter ötən həftə verdiyi müsahibədə Qətərin, dünya çempionatının oyunlarını öz ölkəsində keçirmək imkanına görə Fransaya minnətdarlıq etməli olduğunu bildirib. O, həmçinin deyib ki, məhz Yelisey Sarayındakı şam yeməyindən sonra Mişel Platini ona zəng edərək, DÇ-2022-nin ABŞ-a verilməsinə dair ilkin razılaşmadan çəkilməyəcəyini söyləyib. Baxmayaraq ki, Nikola Sarkozi seçimin Qətərin xeyrinə olmasını xahiş edib. Hərçənd, Platininin özü belə iddianı təkzib edib.

Qətər təşkilatçılıq hüququna 2010-cu ilin dekabrında yiyələnib. Sonradan bəzi futbol məmurları Qətər nümayəndələrini özlərinin xeyrinə səsləri satın almaqda ittiham ediblər. Lakin 2014-cü ilin dekabrında məlum olub ki, FIFA-nın xüsusi komissiyası araşdırma aparıb və seçki prosesində pozuntu aşkarlamayıb.