27 noyabr 2021 19:35
645

 “Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib

26 noyabr 2021-ci il tarixdə “Bakı Avrasiya” Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Addım - addım Vətən” adlı düşərgə”  layihəsinin növbəti təlimi keçirilib.

“İki sahil” xəbər verir ki, təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Bakı Avrasiya” Universitetinin rektorluğunun mütəxəssisi (təşkilatı məsələləri üzrə), Bakı Avrasiya Kollecinin direktor müavini və YAP ərazi partiyanın sədri Kamil Məhəmmədli, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Elnur Əlizadə, Birinci Qarabağ Müharibəsinin qaziləri Bəhruz Əliyev və kəşfiyyat komandiri, Azərbaycan Bayraq ordeni, Müdafiə Naziliyinin 100 illiyi medalı ilə təltif olunmuş İzzət Şirinov və 30 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Elnur Əlizadə layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi böyük gənclik kütləsinə sahib olan Nərimanov, Binəqədi və Nəsimi rayonlarından olan ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin, həmçinin şəhid, qazi və Vətən Müharibəsi qəhrəmanlarının övladlarına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması funksiyası daşıyır. E.Əlizadə vurğulayıb ki, artıq Azərbaycanın tarixində yeni səhifə başlayıb. Bundan sonra ölkəmiz yalnız inkişaf edəcək. Azad edilən torpaqlara yeni həyat qayıdacaq. 

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov və “Bakı Avrasiya” Universitetinin rektorluğunun mütəxəssisi (təşkilatı məsələləri üzrə), Bakı Avrasiya Kollecinin direktor müavini və YAP ərazi partiyanın sədri Kamil Məhəmmədli layihə iştirkaçılarını və qonaqları salamladılar və qeyd etdilər ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Daha sonra Birinci Qarabağ Müharibəsinin qaziləri Bəhruz Əliyev və kəşfiyyat komandiri, Azərbaycan Bayraq ordeni, Müdafiə Naziliyinin 100 illiyi medalı ilə təltif olunmuş İzzət Şirinov çıxış edərək qeyd etdilər ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə 300-dən artıq yaşayış məntəqəsi, o cümlədən mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında məhv edib. Ermənistanın uzun illər yaratdıqları mif darmadağın olub. Qeyd olunub ki, müharibə dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənib. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir Azərbaycan xalqının yaddaşına əbədi həkk olub. Cənab Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib.

Sonda layihə çərçivəsində iştirakçılar arasında intellektual oyun keçirilib, Birinci Qarabağ Müharibəsinin qaziləri Bəhruz Əliyev və kəşfiyyat komandiri, Azərbaycan Bayraq ordeni, Müdafiə Naziliyinin 100 illiyi medalı ilə təltif olunmuş İzzət Şirinov gəncləri maraqlandıran sualları cavablandırdılar.