30 noyabr 2021 01:59
977

Qalib və diktə edən Azərbaycan!

Paşinyan Soçi görüşünün yaratdığı reallıqlarla barışmağa məcburdur

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanmış Bəyanat bir daha bölgədə yaranmış yeni reallıqları və düşmən ölkənin bu reallıqlarla barışmaq məcburiyyətində olduğunu göstərdi. Münaqişənin bitməsini, Ermənistanın kapitulyasiyasını növbəti dəfə rəsmiləşdirən, mövzu ilə bağlı sayca üçüncü Bəyanat 44 günlük Vətən müharibəsində olduğu kimi, diplomatik savaşda da qalib və diktə edən tərəfin Azərbaycan, dövlətimizin başçısı İlham Əliyev olduğunu göstərdi.

Əvvəlcə qeyd edək ki, Soçi Bəyanatının bütün müddəaları ölkəmizin maraqları ilə üst-üstə düşür və Azərbaycanın postmüharibə dövründə Ermənistan ilə münasibətdə reallaşdırmağa çalışdığı əksər məsələlər burada öz əksini tapıb. Misal olaraq tərəflərin Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi üçün 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə razılaşmasını, həmçinin qeyd olunan bəyanatların bəndlərinin içrasına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiq olduqlarını bir daha təsdiq etmələrini göstərmək olar. Bundan başqa, Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması,  iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılığın əldə olunması, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı yaradılan üçtərəfli İşçi Qrupun fəaliyyətinin yüksək qiymətləndirilməsi ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlərin tezliklə həll olunma mərhələsinə gələcəyini, real nəticələrin yaxında olduğunu göstərir. Bu fikri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səsləndirdiyi “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar” fikirləri də təsdiqləyir. Rusiya Prezidentinin bu sözləri həm də görüşdə yekun sənəddə qeyd edilməyən ciddi razılaşmalar əldə olunduğunu sübut edir.

Məlumdur ki, istər sərhədlərin delimitasiyası və demarkasiyasına başlanılması, istərsə də nəqliyyat əlaqələrinin, xüsusilə Azərbaycan üçün prioritet olan Zəngəzur dəhlizinin açılması ilə bağlı aktiv proseslərin aparılması Ermənistandakı revanşist qüvvələrin bu ölkənin baş naziri Nikol Paşinyana qarşı ciddi təzyiqləri nəticəsində bir müddət dayandırıldı. Noyabr ayının 9-da keçirilməsi nəzərdə tutulan görüşün baş tutmaması da əsasən bu təzyiqlərlə, yəni etirazları neytrallaşdırmağa çalışan Ermənistan baş nazirinin görüşdən yayınması ilə bağlı idi. Çünki Bəyanatın bütün müddəalarının reallaşmasında üç tərəfdən digər ikisinin – Azərbaycanla Rusiyanın mövqeləri üst-üstə düşür. Odur ki, Soçi görüşündən sonra Paşinyan bölgədə yaranmış yeni reallıqlarla barışmaq, daha doğrusu bu reallıqları qəbul etmək məcburiyyətində qalaraq ölkəsinin ictimai rəyini Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini tanımağın qaçılmaz olduğuna inandırmağa çalışacaq. Bu baxımdan görüşün sonunda keçirilən mətbuat konfransında dediyi “Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm” sözləri Paşinyanın həm də ölkəsindəki tərəfdarlarına ünvanlanmış mesaj idi. Düşmən ölkənin baş naziri yaxşı başa düşür ki, kapitulyasiya aktının şərtlərinə əməl etməyə məcburdur və regionda dinc inkişaf dövrünün başlaması istiqamətində atmalı olduğu addımlarda erməni xalqının onu dəstəkləməsi zəruridir. Əks halda, bu ölkədə revanşizm meyilləri daha da güclənə bilər.

Xatırladaq ki, Soçi görüşündən əvvəl və sonra Ermənistanda müxtəlif müxalif qüvvələr tərəfindən Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilməkdədir. Revanşizmin qarşısı alınmasa düşmən ölkə daha ciddi fəlakətlərə sürüklənə bilər. Çünki onsuz da ciddi sosial-iqtisadi problemlər içində çabalayan, müharibədən sonra iqtisadiyyatı tamamilə çökmüş Ermənistan siyasi arenada da get-gedə tərəfdaşlarını və olan-qalan nüfuzunu itirir və yeganə xilas yolu üçtərəfli bəyanatların müddəalarına əməl etmək, Azərbaycanın sülh çağırışlarını qəbul etməkdir.

Mahir Rəsuloğlu, “İki sahil”