29 noyabr 2021 21:22
959

Türk dünyasının strateji müttəfiqliyi üçün möhkəm təməl var

Şuşa və Bakı bəyannamələri, İstanbulda keçirilən Türk Şurasının VIII Sammiti, Aşqabadda təşkil olunan  İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı türkdilli dövlətlərin həmrəyliyinin ifadəsi, regional sabitliyin qarantıdır

Türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsində böyük rola malik  Zirvə görüşləri tarixi əhəmiyyəti ilə də seçilir.  30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi,   möhtəşəm  Zəfərimizin qazanılmasında Türkiyə başda olmaqla  Türk Dövlətləri Təşkilatı  (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası), İslam Əməkdaşlıq Təşkilatı  tərəfindən qəbul olunan  birgə bəyanatlar, həmrəylik  çağırışları İslam aləminin ayrılmaz tərkib hissəsi olan Azərbaycana mənəvi dəstəkdir. Türk dünyasının inteqrasiyası, əməkdaşlıq coğrafiyasının genişlənməsi məqsədilə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Parlament As­sambleyası (TürkPA) çərçivəsində həyata keçirilən tədbirlər ortaq dəyərlərə malik xalqların həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Bu ilin may ayında  Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın  «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsini imzalamaları,  səsləndirdikləri mesajlar, Şuşada Türkiyənin baş konsulluğunun açılması ilə bağlı  proqnozlar bütünlükdə türk dünyasının möhkəmlənməsinə  xidmət edir. Türk dünyasının iki qüdrətli dövləti arasında imzalanan Bəyannamədə nəzərdə tutulan bəndlər müsəlman ölkələrinə yönələn təhdid və təhlükələrin birgə səylə  aradan qaldırılmasına yönəldilir.

Fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi, strateji tərəfdaşlıq və qarşılıqlı yardımla bağlı irəli sürülən təkliflər türk dövlətləri arasında  münasibətlərin  müttəfiqlik səviyyəsinə qaldırılmasına xidmət edir, inkişafı yeni münasibətlər sisteminə uyğun  formalaşdırır,  eyni zamanda,  gələcək əlaqələr  üçün möhkəm təməl yaradır. Türk dünyasının birliyini təmin edəcək Zəngəzur dəhlizi və Naxçıvan–Qars dəmir yolunun inşasının sürətləndirilməsi isə bütünlükdə  türkdilli dövlətlər arasında  iqtisadi əlaqələrin gücləndirilməsi, ixracatın şaxələndirilməsi, ümumi istehsal sahələrinin yaradılması baxımından zəruridir. Bu dəhlizlə  sərbəst hərəkət üçün aparıcı qüvvə isə regional və qlobal təhlükəsizliyə zəmanət verən Azərbaycanla Türkiyə arasındakı münasibətlərin möhkəmlənməsidir.

Türk dünyasının və müsəlman aləminin birlik və həmrəyliyinin daha bir nümunəsi Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ilk üçtərəfli toplantısı nəticəsində qəbul olunan «Bakı Bəyannaməsi»dir.  Üç ölkə arasında strateji ittifaqın yaradılmasında məqsəd  xarici qüvvələr tərəfindən  dəstəklənən terrora, kiberhücumlara, hibrid müharibə təhdidlərinə, islamofobiya meyillərinə və COVİD-19 pandemiyasının yaratdığı iqtisadi fəsadlara qarşı birgə mübarizə aparmaq, parlamentlər səviyyəsində ölkələrarası dialoq və iş birliyini gücləndirməkdir.  Hər üç ölkə  arasında illərdən bəri davam edən strateji tərəfdaşlıq gələcəkdə  regional dominantlığa hesablanmış birliyin xəbərçisidir və sonrakı mərhələdə başqa dövlətlərin, o cümlədən Orta Asiya ölkələrinin də bu birliyə qoşulması  müsəlman ailəmini daha da gücləndirəcək.

Bu günlərdə  İstanbulda  keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə Görüşü də tarixi əhəmiyyəti ilə fərqləndi. Mərasimdə  Prezident İlham Əliyevin  Türk Dünyasının Ali Ordeni ilə təltif olunması  bütün Azərbaycan xalqına göstərilən  etimadın ifadəsidir. «İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır» sözləri ilə bütünlükdə türk dövlətlərinə minnətdarlığını bildirən Prezident İlham Əliyev  vurğuladı ki,   türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bu birliyin gələcəyi  üçün çox möhkəm zəmin, təməl var.  Türk xalqlarının milli sərvətləri ortaq köklər, oxşar dil, din və adət-ənənələrə, islami dəyərlərdir.

TDƏŞ-ə  ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərən  Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra beynəlxalq aləmdə  Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirəcək qurum İslam aləmi üçün milli birlik və həmrəylik mərkəzi olacaq. Müsəlman ölkələrinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iqtirak etməklə bağlı təşəbbüsləri  diqqətəlayiqdir. Xüsusilə Türkiyə şikətlərinin iştirakı ilə qısa müddətdə  Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi,  Zəngəzur dəhlizinin  təməlinin qoyulması türkdilli dövlətlərinin sarsılmazlıq nümunəsidir.  

Bu günlərdə  Aşqabadda «Birlikdə gələcəyə!» devizi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)  XV Zirvə Toplantısı  müsəlman dövlətlərinin həmrəyliyinin təcəssümü idi. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə vermək, iqtisadi, siyasi əməkdaşlığı gücləndirməkdir.

2002-ci ildə İstanbulda keçirilən İƏT-ə üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə ümummilli lider Heydər Əliyevin təşkilatın  Bakıda  Tədqiqat Mərkəzinin  yaradılması ilə bağlı təşəbbüsü razılıqla qarşılandı.   İƏT-in Bakıda keçirilmiş IX Zirvə Görüşündə Prezident İlham Əliyevin  Mərkəzin təsis edilməsi təklifi bəyənildi. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV Zirvə Görüşündə Mərkəzin Nizamnaməsi təsdiqləndi. Regional əməkdaşlığın qurulması üçün İƏT-ə  üzv ölkələrə yardım etmək  üçün yaradılan  Tədqiqat Mərkəzi üzv  dövlətlərin iqtisadiyyatını inkişaf etdirəcək ortaq hədəfləri, ticarət həcmini artırmağın yollarını müəyyənləşdirir, iqtisadi əlaqələri tələbata uyğun təkmilləşdirir.

Aşqabadda  keçirilən Zirvə Toplantısında çıxış edərək son illərdə Azərbaycanın artan və möhkəmlənən iqtisadi uğurlarından ətraflı  söhbət açan edən Prezident İlham Əliyevin bildirdiyi kimi   2030-cu ilin sonuna qədər  respublikamızın nailiyyətləri daha da  artıracaq: «Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir»

Dünyanı  bürüyən COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın təcrübəsini diqqətə çatdıran dövlət başçımız İlham Əliyev bu sahədə görülən işlərdən söz açmışdır. Bildirmişdir ki, 2022-ci ildə  koronavirusla mübarizə üçün  dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi  hazırlanacaq. «Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz «peyvənd millətçiliyi»”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq» söyləyən dövlət başçımızın bildirdiyi kimi,  Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilməsi xalqımıza xas olan multikultural dəyərlərə, tolerantlıq ənənələrinə sadiqlikdir.

İşğaldan azad olunan  Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərindən bəhs edən  Prezident İlham Əliyev vurğulamışdır ki, erməni vandalları 67 məsciddən 65-ni tamamilə yararsız hala salımış, digər iki məscidə ciddi ziyan vurulmuş,  qəbiristanlıqlar dağıdılmışdır. Hazırda  işğaldan azad olunmuş rayonlarda  bərpa-quruculuq işləri sürətlə davam edir, kommunikasiyalar yenilənir, infrastruktur  layihələri həyata keçirilir: «Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.»

Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da  regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq  Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi o deməkdir ki, Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.  Artıq Ermənistan rəsmiləri tərəfindən «biz istəməsək də Azərbaycan Zəngəzuru  zorla bərpa edəcək» kimi reallığı əks etdirən  fikirlərin səslənməsi qüdrətli liderin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmkarları arasında  fərqlənməsinin göstəricisidir. Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycanın öz maliyyə gücü, təbii resursları hesabına  genişmiqyaslı yenidənqurma işlərinə başlaması,  «ağıllı kənd», «ağıllı şəhər», «yaşıl enerji» layihələrini həyata keçirməsi, ermənilər tərəfindən tamamilə məhv edilmiş ərazilərin yenidən qurulması, düşmənə gözdağı olan Qarabağ və Şərqi Zəngəzurun  «yaşıl enerji» bölgələri elan edilməsi kontekstində  Prezident İlham Əliyevin təkcə türk dünyasında deyil, bütün dünyada  qurucu lider” kimi tanınması, Azərbaycan xalqının  Zəfər sevincini yaşaması «dəmir yumruq» əməliyyatının məntiqi nəticəsidir.  İƏT-də təmsil olunan  Kollektiv Təhlükəsizlik  Müqaviləsi təşkilatı üzvlərinin- Qazaxıstan, Qırğızıstan və Tacikistanın digər üzv dövlətlərlə birlikdə Prezident İlham Əliyevi    Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmələri,  ölkəmizlə  əməkdaşlığa verilən dəyər  olmaqla Ermənistana etinasız münasibəti də əks etdirir. Yəni,  normal müttəfiqlik münasibətlərinə malik olmayan forpost  Ermənistan  təmsil olunduğu hərbi-siyasi blokda belə heç bir dəyərə, hörmətə  malik deyil. Bu reallığı Ermənistan rəsmiləri kimi, işğalçını dəstəkləyən havadarları da məyusluqla təsdiqləyirlər.

Xuraman İsmayılqızı, «İki sahil»