29 noyabr 2021 22:09
792

Soçi görüşü Ermənistanın potensialının tükəndiyini bir daha sübut etdi

Hərb meydanında qazandığımız tarixi Zəfərin yaratdığı reallıqlar siyasi masada bənd-bənd yerinə yetirilir

Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün əsas müzakirə mövzusu 2020-ci ilin noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını müəyyənləşdirən 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişatı ilə bağlı  oldu.

Üç saata yaxın davam edən görüşdə regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində atılmalı olan addımlar, Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər, eyni zamanda, bir il ərzində görülən işlər qiymətləndirilib, nəqliyyat şəbəkələrinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanıb, delimitasiya üzrə komissiyanın yaradılması barədə razılığa gəlinib, birgə Bəyanat qəbul edilib. Soçi görüşü və imzalanmış üçtərəfli Bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqların və ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Xüsusən də Bəyanatda təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının bu istiqamətdə qarşıya qoyduğu məqsədlərinə tam uyğundur. Bəyanat Qafqaz regionunun gələcək inkişafı baxımından böyük ümidlər yaradır. Bu, yalnız münaqişə tərəfi olmuş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün deyil, ümumilikdə Qafqaz regionunun beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi baxımından böyük perspektivlər vəd edir.

Soçi görüşü həm də onu göstərdi ki, 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu tərəfindən hərbi potensialı məhv edilən Ermənistan savaşdan ötən dövrdə özünün diplomatik potensialının da tükəndiyini dərk edib. Bununla belə, Soçi görüşünün noyabrın 9-da baş tutmaması üçün müxtəlif bəhanələr səsləndirən, hələ də digər dövlətlərdən işğalçılıq maraqlarını davam etdirmək, yaxud ölkəsində revanşizmi inkişaf etdirmək üçün siyasi vədlər alan, əvəzində isə regionu ayrı-ayrı siyasi qüvvələrin ziddiyyət və toqquşma obyektinə çevirmək istəyən Ermənistanın siyasi rəhbərliyi hər nə qədər cəhd göstərsə də, Rusiyanın vasitəçiliyi ilə bu görüşün noyabrın 26-da keçirilməsindən imtina edə bilmədi. Yəni, hərb meydanında qazandığımız tarixi Zəfərin yaratdığı reallıqlar və tələblər siyasi masada bənd-bənd yerinə yetirilir. Soçidə baş tutan məlum tarixi görüşün  nəticələri regionda sülhün bərqərar olacağına dərin inam yaradır. Bu əminliyi əsaslandıran məqamlar isə ondan ibarətdir ki, Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu isə o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir.  Sənəddə ATƏT-in Minsk qrupunun adı çəkilmir. Bu, artıq Minsk qrupunun da tarixdə qaldığını göstərir. Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir və bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu mühüm önəm daşıyır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə güc yolu ilə. Bu il noyabrın 16-da işğalçı ölkənin təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb. Belə ki, Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Prezident Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”nin xatırlanması, həmçinin imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlər Zəngəzur dəhlizinin gerçəkləşəcəyindən xəbər verir.  Soçidə humanitar məsələlərdə də irəliləyişə nail olmuşuq – bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina problemi və ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.

Görüşün  maraq yaradan daha bir məqamı isə ondan ibarətdir ki, hər vəchlə “hərbi əsirlərimiz qaytarılmır” deyib, Ermənistanı dünyanın ən əzilmiş xalqı kimi beynəlxalq ictimaiyyətə çatdırmağa çalışan Paşinyanın “arzuları” bu dəfə də reallaşmadı. Çünki görüş zamanı hərbi əsirlərdən və Qarabağ statusundan danışılmadı.

Soçi görüşü zamanı Ermənistanın diplomatik cəhətdən də məğlub olması göz önündə idi. Hətta Rusiya mətbuatında, eləcə də xarici mətbuatda gedən yazılarda da Azərbaycan Prezidenti İlham Əliyevin Soçi görüşü zamanı əldə etdiyi növbəti uğuru, Ermənistanın isə yenidən iflasa uğraması açıq-aydın müşahidə edilir. 

Görüşün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu ilin sonunadək Brüsseldə keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan görüşündən əvvəl keçirilməsi isə bir daha göstərdi ki, Rusiya dünyanın ən böyük dövləti olaraq regionda baş verən bütün proseslərdə maraqlıdır.

Bu görüş, eyni zamanda, Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərdi. Soçi görüşü zamanı Azərbaycan və Rusiya dövlət başçıları arasında səmimi və isti münasibətlərin olduğunu gördük. Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə hörmət və ehtiramla yanaşırdı. Bu, onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi də diqqət çəkən məqamlardan biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən, antirusiya meyillərin kəskin artdığı Ermənistana ünvanlanmış ciddi xəbərdarlıq idi. Ümumilikdə Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi. Soçi görüşündə Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam müşahidə olunmadı.

Gözləntilər isə  odur ki, Azərbaycan və Rusiya dövlət başçılarının arasındakı şəxsi dostluq münasibətləri və rəsmi Moskvanın Cənubi Qafqazda sülhə, əmin-amanlığa nail olmaq cəhdləri öz müsbət nəticələrini verəcək. Dəfələrlə deyildiyi kimi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi təkcə bu iki ölkənin deyil, ümumiyyətlə, regionun bütün ölkələrinin maraqlarına cavab verəcək. Proseslərin gedişi isə göstərir ki, belə bir sazişin imzalanacağı tarix uzaqda deyil.

Prezident İlham Əliyev Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti  XV  Zirvə Toplantısında  iştirak etdi. Diplomatik uğurları davam etdirən ölkə başçısı burada da Ermənistana növbəti siyasi zərbə vurdu. Belə ki, Aşqabad Bəyannaməsində bir sıra önəmli məsələlər yer aldı. Bəyannamədə "Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq”, ifadələrinin yer alması, İƏT-ə üzv dövlətlər tərəfindən Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbriklərin ünvanlanması Azərbaycanın uğurlu diplomatiyası nəticəsində Ermənistana növbəti zərbədir. 

Görünən odur ki, Azərbaycanın bölgədə inkişaf etmiş bir dövlət olması region ölkələrinə də müsbət təsir edir. Bu səbəbdən Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi məsələsini hər bir ölkə diqqətdə saxlayır. Bütün bu proseslər Azərbaycan rəhbərliyinin, ölkə başçısı İlham Əliyevin məqsədyönlü diplomatik siyasəti, bu siyasətdə əldə etdiyi uğurların nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq səviyyəli görüşlərdə bütün diqqətləri öz üzərinə çəkir.

Yaqut Ağaşahqızı, “İki sahil”