29 noyabr 2021 22:42
703

Bu ölkədə turistlər üçün “yaşıl status”un alınması necə olacaq?

Gürcüstan hökuməti xarici vətəndaşlar üçün "yaşıl status"un əldə olunması ilə bağlı yeni qaydalar müəyyən edib.

“İki sahil” xəbər verir ki, dekabrın 1-dən Gürcüstana səfər edən xarici ölkə vətəndaşları "yaşıl status"u sərhədi keçəndən sonra əldə edə biləcəklər.

Yeni qaydalara əsasən xaricdə koronavirusa qarşı hər iki doza ilə peyvənd olunan və ya test verən əcnəbilərə bu statusu təsdiqləyən QR-kod "CovidPass Georgia" tətbiqi vasitəsilə və ya covidpass.moh.gov.ge saytında qeydiyyatdan keçməklə veriləcək.

Hazırda test rejimində olan tətbiq və sayt dekabrın 1-dən fəaliyyətə başlayacaq.

Qeydiyyatın təsdiqi xarici vətəndaşın Gürcüstanın mobil telefon nömrəsi və yaxud elektron poçtuna göndəriləcək.

"Yaşıl status" tam vaksin olunmuş və yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş şəxslər üçün nəzərdə tutulub. PCR test və yaxud sürətli testin əsasında "yaşıl status" alan şəxsin bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra dayandırılacaq.

Dekabrın 1-dən etibarən Gürcüstanda mehmanxana və digər yerləşdirmə obyektləri, açıq və qapalı restoranlar, bar, kinoteatrlar, teatrlar, konsert zalları, opera teatrı, əyləncə mərkəzləri, kazino və oyun zalları, spa və fitnes zallarına, dağ kurortlarında kanat yollarından istifadəyə yalnız "yaşıl status"lu şəxslər buraxılacaqlar.

Gürcüstan hökumətinin qərarına əsasən 18 yaşdan kiçik şəxslərdən "yaşıl status" tələb edilməyəcək.

Qeyd olunan qayda Avropa İttifaqının rəqəmsal COVID sertifikatları sisteminə inteqrasiya edilmiş ölkələrdə peyvəndlənən və test verən Gürcüstan vətəndaşları və əcnəbilərə şamil olunmayacaq.