30 noyabr 2021 22:14
549

Soçi görüşü və Azərbaycanın daha bir diplomatik uğuru

Qətiyyətli lider İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə siyasi nokauta saldı

Bu günlərdə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin iştirakı ilə Soçidə keçirilən üçtərəfli görüşdə deyilənlərin, bəyanatlarda səslənən fikirlərin məntiqi nəticəsi dəyişilməzdir. 2021-ci ilin yanvarında Moskvada eyni tərkibdə keçirilən görüşdə olduğu kimi, Soçi görüşündəki çıxışı, verdiyi Bəyanatı ilə Azərbaycan xalqının maraq və mənafelərini təmin edən Prezident İlham Əliyev növbəti diplomatik uğuruna imza atdı. Ötən ilin 44 günündə Ermənistanın 30 illik işğalına son qoyan Azərbaycanın qazandığı uğurlar tarixi əhəmiyyətləri ilə uğur salnaməmizə qızıl hərflərlə yazıldı. «Dağlıq Qarabağ problemi» ifadəsi leksikonumuzdan birdəfəlik silindi, Ermənistanın canfəşanlıqla saxlamaq istədiyi «status-kvo» anlayışına artıq ehtiyac qalmadı. «Dəmir yumruq» əməliyyatını uğurla başa çatdırıb. Ermənistan üzərində Zəfərini qeyd edən Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə abadlıq, bərpa-quruculuq işlərini davam etdirir, ermənilər tərəfindən dağıdılmış kommunikasiyaları yeniləyir, infrastruktur layihələrinin alternativ istiqamətlərini müəyyənləşdirir.

Zəfərimizdən ötən bir ildə kapitulyasiya aktına qol çəksə də, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan qeyd olunan bəndlərə əməl etməyən Ermənistanın baş naziri Nikol Paşinyan ermənizmin mahiyyətini təşkil edən məkrli siyasətində dəyişiklik etmək niyyətində deyil. Həmin Bəyanatda kommunikasiyaların açılmasını, xüsusilə Zəngəzur dəhlizinin bərpasını ləngitməyə çalışır.

Bu günlərdə baş tutan Soçi görüşündə Prezident İlham Əliyevin bölgədə sabitliyin təminatına yönələn sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı fikirləri dəstəkləndi.

Soçi görüşündə Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyəti «Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib» sözləri ilə bəyan edən Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi məsələsinin aktuallığından da ətraflı bəhs edib.
Bu görüşü Prezident İlham Əliyevin Nikol Paşinyan üzərində növbəti diplomatik uğuru adlandırmaq olar. Növbəti sözü təsadüfən deyilmədi.

İki il bundan əvvəl keçirilən MDB Dövlət Başçılarının Aşqabad Sammitini xatırlayaq. Sammitdə sarsaqlayan Nikol Paşinyanı «küçədən hakimiyyətə gələn uşaq» adlandıran, diplomatiya dərsi verən Prezident İlham Əliyevin məntiqə əsaslanan tutarlı cavabı rəsmi dairələr tərəfindən lider qətiyyətinin təzahürü kimi uzun müddət xatırlandı. Həmin Sammitdə Soljenitsinlə faşist qaniçənliyini eyniləşdirən, diplomatiyada piyada olduğunu Rusiya jurnalistlərinə müsahibəsində bildirən, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistana haqq qazandırmağa çalışan Paşinyanın «Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb» sözləri baş nazirin nadanlığını təsdiqləyən biabırçı yanaşma kimi gülüşlə qarşılandı. «Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?!» söyləyən Prezident İlham Əliyevin qarşısında siyasətin şahmat taxtasında «pat» vəziyyətinə düşən Nikol dəfələrlə eyni nokautu yaşayıb.

Siyasi savadsızlığını «Valday» Diskussiya Klubunun növbəti iclasında «Qarabağı erməniləşdirdiyini» əsası olmayan «nöqtə» deməklə bildirən Paşinyanı «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə susduran Prezident İlham Əliyev Soçi görüşündə, mətbuata açıqlamasında da qüdrətli dövlət başçısı kimi üstünlüyünü göstərdi.

Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi «Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir» sözləri Zəngəzur dəhlizinin bərpa ediləcəyinə, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı problemlərin aradan qaldırılacağına əminlik çağırışıdır. Dövlət başçımız İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamaq təklifi başqalarının diktəsi ilə hərəkət edən Paşinyana regionda yaranan yeni reallıqla barışmaq təklifidir. « Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan Respublikasının suveren ərazisidir» sözləri ilə faşist niyyətindən əl çəkmədiyini bildirən, «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır» söyləyən Paşinyan üçün deyilib ki, qozbeli qəbir düzəldər. İkinci Qarabağ müharibəsinin başa çatmasından bir il ötsə də, 2020-ci ilin 10 noyabr və 2021-ci il 11 yanvar tarixlərində imzalanan bəyanatların kommunikasiya, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bəndlərindən yayınmağa, üstəlik təxribatlar törətməklə diqqəti bu mühüm məsələlərdən yayındırmağa çalışan Paşinyana dəfələrlə xəbərdarlıq edilsə də, Sorosun uşağı, Fransa prezidenti Emmanuel Makronun əl buyruqçusu olduğunu acizliyi ilə bildirən Paşinyanın həftəbecər siyasəti regional təhlükəsizliyə , ermənilərin başına bəla olub.

Amma Prezident İlham Əliyevin «Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq! Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma «Dağlıq Qarabağla” danışıqlar aparmalıdır», hanı o şərt? Cəhənnəmə getdi. «Dağlıq Qarabağ Ermənistandır və nöqtə»” - bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır!» sözlərini Şuşada «Dağlıq Qarabağın” parlamentini inşa etmək istəyən», Cıdır düzündə Azərbaycandan oğurladıqları yallının sədası altında rəqs edən Paşinyana xatırlatmaq yerinə düşər. Ənənəvi sual isə dəyişilməzdir: Nə oldu, Paşinyan!

Xuraman İsmayılqızı, «İki sahil»