30 noyabr 2021 22:57
560

Azərbaycan əməkdaşlığa açıq ölkədir

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında diqqət Azərbaycanın tarixi Zəfəri ilə yaratdığı reallıqlara yönəldilərək bildirildi ki, əməkdaşlığın yeni prioritetlər üzrə inkişafı üçün əlavə  imkanlar yaranır

“Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır.” Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)  XV Zirvə Toplantısında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi bu fikirlər Azərbaycanın tarixi Zəfəri  ilə yaratdığı reallıqlar fonunda  regional əməkdaşlığa verdiyi töhfələrinin aydın ifadəsini yaradır.  “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğu xüsusi qeyd edilmişdir.

Zirvə Toplantısındakı çıxışlarda bir daha vurğulanmışdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, yeni çağırışlar müstəvisində ortaya çıxan təhlükələrə qarşı birgə mübarizənin aparılması vacibdir.

Qeyd edək ki, Azərbaycanın  yerləşdiyi coğrafi məkan, malik olduğu enerji resurslarından səmərəli istifadəsi  ölkəmizin yeni-yeni əməkdaşlıq təşəbbüslərinə imkanlar açmaqla yanaşı,  tranzit ölkə kimi mövqelərinin möhkəmlənməsində də  əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin “Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq” fikrini böyük inam və qətiyyətlə ifadə etməsini şərtləndirən əsas amillərdən biri də məhz budur. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin reallığa çevrilməsi, həmçinin əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqelərinə, söz sahibinə çevrilməsinə  işıq salır. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, Azərbaycan dünyanın enerji xəritəsinə yeni əlavələr edərək, enerji təhlükəsizliyinin təminatında aparıcı rol oynayır. Bu kimi uğurlarımız  Azərbaycanın xarici siyasətinin, iqtisadi imkanlarının  təqdimatıdır. Əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi yeni layihələrin gündəmə gətirilməsini və səylərin birləşdirilməsini şərtləndirir.

Cənab İlham Əliyev onu da qeyd edir ki,  dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Güclü iradə, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək, təşəbbüsləri gerçəkliyə çevirmək mümkündür. Keçilən yola nəzər salsaq görərik ki, əgər  əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuşdusa, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur.  Avropa ilə Asiyanın qovşağında  yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. Ölkə Prezidenti  İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində  bu məqama xüsusi diqqət yönəltmişdir: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar.” Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi çoxtərəfli əməkdaşlığın nümunələridir.  “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir. Ötən ilin dekabrın 31-də istifadəyə verilən  TAP isə  Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə  İtaliyaya çatdıracaq. Azərbaycanın, həmçinin ölkə Prezidenti  İlham Əliyevin irəli sürdüyü  təşəbbüslər və onların gerçəkləşməsinə xidmət edən addımlar beynəlxalq səviyyədə də bu qənaətə əsas verir ki,   yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr əldə olunacaq.

Qeyd etdiyimiz kimi,  əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir. Bu dəmir yolu artıq  Avrasiyanın nəqliyyat  xəritəsinin önəmli  hissəsinə çevrilir.  Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. “Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki,  əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik.

Reallaşan və reallaşmaqda olan hər hansı bir layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi tərəfi daha çox təhlil olunur,  perspektivdə hansı uğurlara yol açacağı diqqətə çatdırılır. Bütün hallarda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, artan mövqeyi inkaredilməzdir. Təbii ki, bu da dövlətimizin xarici siyasətinin prinsiplərindən irəli gəlir. Əməkdaşlıqda qarşılıqlı hörmət və maraqlar prinsipinə önəm verən Azərbaycan, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayır.  Uzun illərdən sonra 2018-ci ildə  öz müsbət həllini tapan Xəzərin hüquqi statusu məsələsi bunun bariz nümunəsidir.  Regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən bu mühüm hadisədə də  Azərbaycanın rolu inkaredilməzdir. Xəzərin sülh, əməkdaşlıq dənizi olmasını əsas prinsip kimi öndə saxlayan Azərbaycan istər ikitərəfli, istərsə də  təşəbbüsçüsü olduğu  üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının uğurla həyata keçirilməsi nəticəsində  Xəzərin hüquqi satatusu ilə bağlı Konvensiyanın imzalanmasına böyük töhfə verdi.  Məhz uğurlarımızın davamlılığı fonunda bu əminliyi ifadə edə bilərik ki, Azərbaycanın düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsi olaraq uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihəyə stimul verməklə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin “Böyük və güclü Türkiyə hədəfimizə gedən yolda Azərbaycanı yanımızda görmək bizi son dərəcə məmnun edir. Biz eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq. Həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı” kimi dəyərləndirməsinin reallıqda öz əksini tapmasını şərtləndirir.

Azərbaycanın regional əməkdaşlığa töhfələri davamlılığı ilə diqqət çəkir. Qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizin yaratdığı reallıqların diktə etdiyi addımlardan biri yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Bu əməkdaşlıq formatlarının da müəllifi Azərbaycandır. Ölkəmiz regionda sülhün, sabitliyin, əmin-amanlığın yaradılması istiqamətində səylərini artırır. Ermənistana sülh müqaviləsinin imzalanması ilə  bağlı təklifi, ən əsası noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli görüşünün nəticəsi olaraq qəbul edilən Bəyanatda ölkəmizi narahat edən bütün məsələlərin öz əksini tapması, Rusiya ilə müəyyən məsələlərdə mövqelərin üst-üstə düşməsi, ən əsası Zəngəzur dəhlizinin açılmasının Rusiyanın  da marağında olması Azərbaycanın artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir. Soçi Bəyanatında bununla bağlı xüsusi müddəa öz əksini tapıb.  Bu görüşün ardınca Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Zəngəzur dəhlizinin açılacağını bir daha bəyan etməsi  diqqətdən kənarda qala bilməz.

Qeyd edək ki, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsi təkcə iqtisadi deyil, həm də regionun təhlükəsizliyini və sabitliyini artırır. Bütün bunlar  hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına da zəmin yaradır. Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək  Zəngəzur dəhlizi  həm də  Azərbaycanın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da artıracaq.  İki qardaş ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində  Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan – Qars dəmir yolunun tikintisinin  iki ölkə arasında nəqliyyat- kommunikasiya əlaqələrinin  intensivləşməsinə mühüm töhfə verəcəyi xüsusi qeyd olunur. Bu yolun  fəaliyyətə başlaması  Azərbaycanla Türkiyə arasındaki məsafəni də yaxınlaşdıracaq.

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısından yaranan ümumi qənaət budur ki, Azərbaycan qurumun  fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Həmçinin Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcək.

Ölkəmizin son 18 ildə qazandığı iqtisadi uğurlara qısaca nəzər salaq. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Qeyd etdiklərimizin fonunda bu fikri böyük əminliklə söyləyə bilərik ki, düşünülmüş siyasəti nəticəsində daxili imkanlarını artıran Azərbaycan bu gün regionda və dünyada söz sahibidir. Ölkəmiz Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək regional əməkdaşlığa böyük töhfələr verməklə yanaşı, dünyanın xarici siyasətində də dəyişikliklər edir. Soçi görüşü, İqtsadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı dediklərimizin aydın mənzərəsini  yaradır.

Yeganə Əliyeva, «İki sahil»