01 dekabr 2021 14:56
829

Vətəndaşlar icbari tibbi sığortadan məmnundurmu?

Aynurə Əhmədova: Stasionar müalicə və təcili tibbi yardım zamanı istifadə olunan dərmanlar Xidmətlər Zərfinə daxil olsa da, həkim tərəfindən resept əsasında təyin olunan dərmanlar bura aid deyil

2021-ci ilin yanvar-oktyabr ayları ərzində isə bütün ölkə üzrə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 18 100 421 tibbi xidmət göstərilib

Cari ilin aprelin 1-dən etibarən  bütün ölkə əhalisini əhatə edən icbari tibbi sığorta (İTS) sisteminin tətbiqinə başlanılıb.  Ötən müddət ərzində bu sistem səhiyyəmiz üçün hansı töhfələr verib, vətəndaşların  icbari tibbi sığorta sistemindən rahat yararlanmaları üçün hansı tədbirlər görülüb?

Mövzu ilə əlaqədar bu  və ya digər suallara cavab tapmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova ilə həmsöhbət olduq.

 “İki sahil” həmin müsahibəni təqdim edir:

-Aynurə xanım, vətəndaşlar icbari tibbi sığorta sisteminin daha çox hansı tibbi xidmətlərindən faydalanırlar?

-İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən tibb müəssisələrinə edilən müraciətlərin çoxu aşağıdakı tibbi xidmətlərlə bağlı olub:

- tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla);

- qan dövranı sistemi xəstəlikləri;

- tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri;

- maddələr mübadiləsi və qidalanma pozğunluğu;

- sidik-cinsiyyət sisteminin xəstəlikləri;

- həzm sisteminin xəstəlikləri;

- mamalıq və ginekologiya;

- sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri;

-gözün və gözün əlavə aparatının xəstəlikləri və sinir sistemi xəstəlikləri və sair ilə  əlaqədar sorğular üstünlük təşkil edir.

-Vətəndaşlar Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən hansı tibbi müəssisələrində yararlana bilirlər?

-İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı ilə linkə daxil olaraq ətraflı tanış ola bilərsiniz: (https://its.gov.az/files.pdf)

Onu da qeyd edək ki, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə (https://its.gov.az/uploads/law/pdf) göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

-İcbari sığortanın tətbiq oluna biləcəyi özəl müəssisələrin sayı gələcəkdə artırıla bilərmi?

-Nəzərinizə çatdıraq ki, Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı hazırda 27-dir. Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Oftalmoloji, travmatoloji və ürək-damar əməliyyatları da icbari tibbi sığortaya daxil ediləcək

-Hansı cərrahi əməliyyatlar icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçirilir?

-Xidmətlər Zərfi ilə 950 sayda cərrahi əməliyyat təminata alınıb. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. bir sıra digər əməliyyatlar daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır.

-İcbari tibbi sığorta  sistemində tibbi xidmətlərə nə zaman və hansı limitlər qoyula bilər?

-Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdə 2 istiqamət (Fizioterapiya xidməti və cərrahi tibbi xidmətlər) üzrə limit nəzərdə tutulub.

Fizioterapiya xidməti üzrə:

-Xidmətlər Zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Vətəndaşlar bu xidmətlərin hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur icbari tibbi sığorta çərçivəsində qarşılanır. İl ərzində artıq 11-ci prosedur üzrə tibbi xidmət vətəndaşın öz vəsaiti hesabına ödənilir.

Cərrahi tibbi xidmətlər üzrə:

-oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi cərrahi əməliyyatlarının hər biri üzrə illik limitin sayı 300-dür. 

-Gələcəkdə hansı tibbi xidmətlər  Xidmətlər Zərfinə daxil ola bilər?

-Nəzərinizə çatdırırıq ki, Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfinə əməliyyatlar sırasında oftalmoloji, travmatoloji, ürək-damar əməliyyatları üzrə tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub. 

- İndiyə qədər nə qədər vətəndaş  icbari tibbi sığortadan yararlanıb?

-2021-ci ilin yanvar-oktyabr ayları ərzində isə bütün ölkə üzrə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 18 100 421 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

-İcbari tibbi sığorta sistemi paytaxtda yoxsa bölgələrdə vətəndaşlar üçün daha aktual və daha çox müraciət ediləndir?

-2021-ci ilin yanvar-oktyabr ayları ərzində 58 şəhər və rayon üzrə 2 380 464 vətəndaşa 5 756 549 müraciət üzrə 13 130 542 tibbi xidmət göstərilib. İcbari tibbi sığortanın cari ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı Tibbi ərazi bölmələri (TƏB) üzrə oktyabr ayına qədər 1 025 040 vətəndaşa 2 040 738 müraciət üzrə  4 249 221 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 193 692 vətəndaşa 423 768 müraciət üzrə 720 658 tibbi xidmət göstərilib.

-İTS-yə dərman preparatlarının  əldə edilməsi daxildirmi?

-Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir. Habelə, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil.

-Gələcəkdə icbari tibbi sığorta sistemi vətəndaş məmnunluğunu daha da təmin etmək  üçün hansı tədbirlər görməyi planlaşdırır?

-Vətəndaş məmnunluğunun artırılması ilə bağlı Agentlik tərəfindən cari il ərzində tibb müəssisələrinin birləşdirilməsi ilə bağlı struktur dəyişikliyi aparılır. Bu yeniliyin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.

Habelə, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, sistemin əhəmiyyəti, üstünlükləri barədə əhalini məlumatlandırmaq məqsədilə Agentlik tərəfindən 2019-cu il və 2020-ci ilin əvvəlində ölkənin bütün şəhər və rayonlarında icra hakimiyyətlərinin və müvafiq təhsil müəssisələrinin dəstəyi ilə ümumilikdə 91 sayda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirlərdə vətəndaşlar icbari tibbi sığorta sisteminin məqsədi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və digər mövzularda məlumatlandırılıblar.

Xüsusi karantin rejimini nəzərə alaraq cari il ərzində  icbari tibbi sığorta sistemi barədə onlayn təlimlərin keçirilməsi məqsədilə dövlət və qeyri-dövlət qurumlarına məktub ünvanlanıb. İndiyədək 8 dövlət və qeyri-dövlət qurumunun nümayəndələri üçün icbari tibbi sığorta sistemi barədə onlayn təlimlər həyata keçirilib. Təlimlər hələ də davam edir.

Nəzərinizə çatdıraq ki, Agentlik tərəfindən cari il ərzində 23 şəhər və rayonda səhiyyə işçilərinin icbari tibbi sığorta sisteminin tətbiqi, əməkhaqqı və digər məsələlərlə bağlı məmnunluğunun öyrənilməsi məqsədilə sorğunun keçirilməsi nəzərdə tutulub. Həmin ərazilərdə sorğunun keçirilməsinə səbəb icbari tibbi sığortanın həmin bölgələrdə 2020-ci ildən, yəni artıq 2 ilə yaxın tətbiq edilməsidir. Növbəti illərdə isə məmnunluq sorğusunun 36 şəhər və rayonda, eləcə də Bakı, Sumqayıt və Abşeronda da keçirilməsi nəzərdə tutulub.

Yaqut Ağaşahqızı, “İki sahil”