02 dekabr 2021 22:16
768

“Omicron” arealını genişləndirir: Hansı nəticəni çıxarmalı?

Mütəxəssislərdən xəbərdarlıq: Yayılma qabiliyyəti yüksəkdir

Koronavirusun yeni ştammının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən keçirməyə vadar edir

İlk dəfə Cənubi Afrikada aşkar edilən COVID-19-un sayca altıncı, yeni və ən təhlükəli ştammı olan "Omicron" bütün dünyada potensial sürətlə yayılmağa davam edir. Yeni ştammın yayıldığı gündən etibarən bütün dünyanı narahat edən məsələlər isə “Omicron” ştammının nə dərəcədə yoluxucu olması, xəstəliyin gedişini nə dərəcədə ağırlaşdırması, peyvənd və təbii immunitetin onun qarşısını almaq iqtidarında olub-olmamasıdır.

“Omicron” haqqında nələri bilməliyik?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun “Omicron” ştammı ilə bağlı dünya ölkələrinə müraciətində qeyd edilib ki, yeni ştammın yoluxuculuq qabiliyyəti və insanları yenidən xəstələndirmək potensialı əvvəlkilərə nisbətən daha çoxdur.  İlkin tapıntılar yeni mutasiyanın daha yüksək ötürülmə riski daşıdığıdır. “Super variant” olaraq xarakterizə edilən “Omicron”un 32 mutasiyaya sahib olduğu bildirilir. B.1.1.529 adlı yeni COVID-19 ştammı ilə 10 yoluxma müəyyən olunub. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı güclü müqavimətini göstərir, ştammın bütün digər COVID-19 variantlarına nisbətən sünbül zülalında daha çox dəyişikliklər var. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.

Cənubi Afrikadan olan həkimlərin verdiyi məlumata görə, bu ştamma yoluxmuş insanlarda qoxu və dad bilmə itmir. Bir-iki günlük əzələ ağrısı və yorğunluqla müşahidə olunan yüngül bir xəstəlik kimi başlayır. Bəzilərində yüngül öskürək əlamətləri müşahidə edilir. Bu xəstələrdə yalnız temperaturun qalxması və halsızlıq müşahidə edilir. Bununla yanaşı, əksər xəstələrdə, həmçinin nəbzin sürətlə vurması təyin olunub. Həkimlər qeyd edir ki, “Omicron” ştammı ilk olaraq gənc insanlar arasında yayılır. Cənubi Afrikada yeni ştamma yoluxanlar əsas olaraq 20-30 yaş arası gənclər olur ki, onların da 65 %-i peyvənd olunmayanlardır. Qeyd edək ki, bu ştamm noyabrın 11-i aşkar olunsa da, ona ilk yoluxma halı noyabrın 24-ü qeydə alınıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, şəkər xəstələri, ürək-damar problemləri olanlar, vaksin edilməyənlər və yaşlılar yoluxarlarsa, ağırlaşmalar qeydə alına bilər. Bəzi elm adamları Cənubi Afrikada B.1.1.529 kimi tanınan ən yeni COVID ştammının variantının "indiyə qədər gördüyümüz ən pis variant" olmasından narahatdırlar.

Qeyd edək ki, hələlik xəstəliyin müalicə və diaqnostikası əvvəlki metodlarla davam etdirilir. Yəni, heç bir dəyişiklik yoxdur. Virusdan qorunma yolları da eynilə qalır. Fərdi gigiyena qaydalarına əməl etməklə yanaşı, maska taxılması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, həmçinin vaksinasiyadır.

Maraqlıdır, yeni ştamm hansı ölkələrdə aşkarlanıb?

Mütəxəssislər bildiriblər ki, yeni ştammın yayılma qabiliyyəti daha çoxdur və tezliklə bütün ölkələrə sıçraya bilər. Qeyd edək ki, “Omicron” ştammı qısa müddətdə 23-dən çox ölkədə yayılıb. Həmin ölkələr sırasında ABŞ, Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, İngiltərədə,  Norveç, Çexiya, İspaniya, İsveç və İtaliya da var.

Hansı qabaqlayıcı tədbirlər görülür?

Koronavirusun yeni “Omicron” ştammının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə tədbirlərini yenidən nəzərdən keçirməyə vadar etdi. Ölkələr təşviş vəziyyətində bir-birinin ardınca qabaqlayıcı tədbirlər görür. Nyu-York qubernatoru Keti Hoçul yeni ştamma artan infeksiya və xəstəxanaya yerləşdirilmə nisbətlərinə istinad edərək "fəlakət fövqəladə vəziyyət" açıqlaması verib. COVID-19-un yeni ştammı ilə bağlı vəziyyətə görə, bir sıra dövlətlər Cənubi Afrika ölkələri ilə uçuşları dayandırıb və öz vətəndaşlarına onlara səfər etməkdən çəkinməyi tövsiyə edib. Kanada hökuməti yeni “Omicron” ştammına qarşı gücləndirilmiş sərhəd tədbirləri həyata keçirəcəyini açıqlayıb. ABŞ, Aİ və Türkiyə də daxil olmaqla, bir çox ölkələr Cənubi Afrikadan uçuşları məhdudlaşdırıb.

Yeni ştamm “yeni peyvənd” zərurəti də yaradırmı, yoxsa...?

Yeni ştammla bağlı ən böyük narahatlıqlardan biri peyvəndin effektivliyinin azalması  və ya təbii toxunulmazlığı olanlara təsir edəcəyi ilə bağlıdır. Ekspertlərə görə, “Omicron” Çinin Uhan şəhərində ortaya çıxan və pandemiyaya səbəb olan variantdan köklü şəkildə fərqlənir. Bu o deməkdir ki, hazırda yaradılmış vaksinlər “Omicron”a qarşı kifayət qədər təsirli olmaya bilər. Məsələn, bəzi mutasiyalar bu virusun insan orqanizmindəki anticisimlər tərəfindən tanınmasını xeyli dərəcədə çətinləşdirir. Mütəxəssislər bildirirlər ki, yeni ştamm peyvəndlərin effektivliyini məhdudlaşdırsa belə, vaksinlərin təmin etdiyi mühafizəni tamamilə aradan qaldırmaq mümkün deyil. Əhalinin peyvəndləmə faizi yüksək olan ölkələrdə "Omicron"un “özünü necə aparacağı” hələlik bəlli deyil.

Onu da qeyd edək ki, sözügedən mövzu ilə əlaqədar bir sıra peyvənd şirkətləri bir-birinin ardınca açıqlamalar verib. Şirkətlər yeni ştamm üzərində sınaqların bir neçə həftə çəkəcəyini açıqlayıblar.

Türkiyədə istifadə edilən Çin peyvənd istehsalçısı “Sinovac” mövzu ilə bağlı açıqlama verib. Şirkətin bəyanatında bildirilir ki, lazımi məlumatlar alındıqdan sonra “Omicron” variantına qarşı peyvənd hazırlaya bilərlər. Eyni virusa qarşı texnologiya və istehsal dəyişməyəcək, odur ki, çox qısa müddətdə vaksin hazırlanması mümkündür.

"BioNTech" və "Moderna" şirkətləri mövcud vaksinlərin yeni varianta qarşı təsirlərini öyrənmək üçün araşdırmalara başlayıblar. Həmçinin, ayrıca olaraq "Moderna" "Omicron"a qarşı xüsusi “buster” doza üzərində çalışmalara başlanılacağını açıqlayıb.

Qamaleya Tədqiqat İnstitutu yeni “Omicron” koronavirus ştammı üçün Sputnik V peyvəndinin modifikasiyasını hazırlamağa başlayıb. Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu və Qamaleya Mərkəzinin birgə bəyanatında deyilir. Bildirilir ki, lazım gələrsə, modifikasiyanın kütləvi istehsalına 45 gün ərzində start verilə bilər. “Qamaleya İnstitutu həm Sputnik V, həm də Sputnik Light-ın koronavirusun son variantı olan “Omicron”u zərərsizləşdirəcəyinə inanır və lazımi araşdırmalara başlayıb. Eyni zamanda, Sputnik peyvəndinin “Omicron ştammına uyğunlaşdırılmış yeni versiyasının hazırlanmasına artıq start verilib. “Omicron” ştammı üçün modifikasiya edilmiş “Sputnik”in bir neçə yüz milyon gücləndiricisi 20 fevral 2022-ci ilə qədər beynəlxalq bazarlara çatdırıla bilər və 2022-ci ildə 3 milyard dozadan çox istifadəyə veriləcək”, - bəyanatda qeyd edilir. 

 “Omicron” ştammı Azərbaycanda da ciddi narahatlıq doğurur

Hətta bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub ki, koronavirus infeksiyasının yeni  ştammı olan “Omicron” variantının inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlənilir. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkənin səhiyyə qurumları yeni ştammı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir: "Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “Omicron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə 24 noyabrda rast gəlinən yeni variantda təkrar yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu bildirib və koronavirusun “Omicron” variantından qaynaqlanan riski “yüksək” kimi qiymətləndirib".

Məlumatda, həmçinin bildirilib ki, aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur" .

Müşahidələr və sonda gəlinən birmənalı nəticə isə ondan ibarətdir ki, dünyada, eləcə də, Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarında mənfi dinamika müşahidə olunmasını,  virusun daha da yoluxdurucu ştammlarının yayılmasını, peyvəndin iki dozasının xəstəliyə qarşı ömürlük immunitet yaratmamasını nəzərə alaraq mütəxəssislər vətəndaşların “Buster” doza ilə vaksinasıyasını zəruri hesab edirlər. Çünki vaxtaşırı koronavirusun yeni dalğaları və ştammları olur. Ona görə də mütəxəssislərin çağırış və tövsiyələri budur ki, qorxmağa ehtiyac yoxdur, üçüncü dozanın vurulması prosesini sürətləndirmək lazımdır. Çünki vaksinin qüvvətləndirici üçüncü dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir, yüngül yoluxmaları önləyir, virusun yayılmasını, eləcə də COVID-19-la bağlı ağırlaşmaları və ölümləri azalda bilir.

Yaqut Ağaşahqızı, “İki sahil”