02 dekabr 2021 23:56
649

Türk Dövlətləri Təşkilatının beynəlxalq aləm üçün önəmi

VIII Qlobal Bakı Forumu, İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü, İqtisadi Əməkdaşlıq Təşkilatının «Birlikdə gələcəyə» adlı Aşqabad Zirvə Toplantısı bu əminliyə inamı artırır

2009-cu ilin oktyabrında Naxçıvanda keçirilmiş Zirvə Görüşündə əməkdaşlığın yeni formatının - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Turk Şurası) təsis olunması ölkələrarası münasibətləri daha da gücləndirdi. Həmin tədbirdə «Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir» söyləyən Prezident İlham Əliyevin hələ bir neçə il bundan əvvəl səsləndirdiyi proqnozlar reallaşır.

Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsi türk dövlətləri arasında təhlükəsizliyin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ən ağrılı problemi olan və artıq Azərbaycanın öz gücü, qətiyyətli lider İlham Əliyevin siyasi iradəsi ilə həllini tapan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar kimi TDƏŞ-in Zirvə görüşlərinin yekun bəyanatlarında da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı ifadə edilib.

Bu il, noyabrın 12-də İstanbulda keçirilən TDƏŞ-ın VIII Zirvə Görüşündə çıxış edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dövlətləri arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən danışarkən, bu sahədə Azərbaycanın rolunu xüsusilə qeyd etdi: «Bu çərçivədə «Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş»”i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır”.»

Bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək» sözləri ilə iştirakçılara birlik və həmrəylik üçün minnətdarlığını bildirən Prezident İlham Əliyev yeni təsis edilən Türk Dövlətləri Təşkilatının daha böyük səmərə verəcəyini də vurğulamışdır: «Azərbaycan ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq.»

Bu günlərdə, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) «Birlikdə gələcəyə» adlı XV Zirvə Toplantısının təşkili isə beynəlxalq aləmdə türk dünyasının önəmini daha da artırır. Toplantıda «Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür» söyləyən, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin bölgədə sabitliyin təminatına verəcəyi töhfələrdən bəhs edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Təşkilat olaraq hər zaman Azərbaycanın yanında olacağıq və quruculuq işlərində var qüvvəmizi əsirgəməyəcəyik.

Toplantıda son 18 ildə Azərbaycanın qazandığı iqtisadi nailiyyətlərinin, dinamik inkişafının nüfuzlu qurumlar tərəfindən yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev COVID-19-la mübarizədə də ölkəmizin təcrübəsinin beynəlxalq səviyyədə dəstəkləndirildiyini bildirdi: «Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz «peyvənd millətçiliyi»”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.»

Toplantıda Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnən 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran, Azərbaycan Ordusunun rəşadətindən söz açan Prezident İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını Azərbaycan öz gücü ilə təmin etdi. İşğal dövründə əsarətdə saxladığı ərazilərdə şəhər və kəndləri dağıdan ermənilərin 67 məsciddən 65-ni tamamilə dağıtmasını müsəlmanlara qarşı təhqir və nifrət adlandıran Prezident İlham Əliyev erməni vandalizminə qarşı birlikdə mübarizəni zəruri adlandırdı. Bir neçə dəfə müsəlman dövlətlərinin birliyini varlığımızın əsas amili kimi diqqətə çatdıran dövlət başçımız İlham Əliyevin əvvəllki illərdə söylədiyi «Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?» sözlərinin reallığı artıq təsdiqlənir. İllərdən bəri özlərini sözdə bizə dost göstərib, işğalçı Ermənistana gizlində «nəfəs verən», silah satan müsəlman ölkələrinin bəd niyyətləri 44 günlük müharibədə aşkar edildi. Necə deyərlər, tarix saxtalığı qəbul etmədiyi kimi, həqiqət də ləkə götürmür. Prezident İlham Əliyevin «Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər» sözləri İslami dəyərlərə hörmətlə yanaşan, türk birliyinin möhkəmlənməsinə töhfə verən dövlətlərə həmrəylik çağırışıdır.

Xuraman İsmayılqızı, «İki sahil»