03 dekabr 2021 11:09
762

Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi qeyd edilib

Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi qeyd edilib.

“İki sahil” xəbər verir ki, tədbirin təşkilatçısı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasıdır.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova mərkəzin 10 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradıldığını xatırladıb. O, Mədəniyyət Mərkəzinin Rusiya ilə Azərbaycanı birləşdirən vacib humanitar missiya yerinə yetirdiyini deyib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva Azərbaycan mədəniyyətinə bəslədikləri isti münasibətə görə Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova Mədəniyyət Mərkəzini 10 illik yubiley münasibətilə təbrik edərək gələcək uğurlar arzulayıb.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli və filologiya elmləri doktoru, professor Abuzər Bağırovun “Azərbaycan-Turanın mirvarisi” kitabının təqdimatı keçirilib. Kitabda Azərbaycanın müxtəlif dövrləri əhatə edən şeriyyat irsinə dair monoqrafik araşdırmalar yer alıb. Bu monoqrafiya antologiya 5 il ərzində (2015-2019) məşhur “Literaturnaya qazeta”da dərc olunmuş materiallar əsasında tərtib edilib.

Musiqili-ədəbi gecənin sonunda həmçinin pianoçu, beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə tanınmış Azərbaycan bəstəkarlarının kompozisiyalarını ifa edib.