04 dekabr 2021 01:13
1162

Horadiz-Ağbənd dəmir yolunun reallaşması bütün regionun inkişafına töhfə verəcək

Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanıldı. Belə layihələrdən biri Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulmasıdır. Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulduğunu və bu dəmir yolunun Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcəyini bəyan etdi. Sözügedən dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.

Artıq dəmir yolunun inşası ilə bağlı işlər sürətlə davam etməkdədir. Hazırda Horadizdən başlayaraq Zəngilan rayonunun Ağbənd qəsəbəsinədək uzanan dəmir yolu xətti yenidən tikilir. Ölkə başçısı tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-dən artıq süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya - Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları tamamilə yenidən tikiləcək. Dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb. Hazırda minalardan təmizlənmiş 40 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi həyata keçirilir. Artıq 21 kilometrlik hissədə torpaq yatağı hazırlanıb, qaya daşı və çınqıl materialları tökülüb. 3 kilometr hissədə relslər qoyulub. Eyni zamanda, süni qurğuların, o cümlədən körpü və dəmir-beton boruların tikintisi aparılır. Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulması işlərinin 2022-ci ilin sonunadək yekunlaşması nəzərdə tutulur. Böyük strateji əhəmiyyəti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialına böyük töhfə verəcək. Dəmir yolu işğaldan azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Bununla da Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, ölkəmizin strateji, iqtisadi və siyasi məqsədləri həyata keçiriləcək.

Bunlarla yanaşı, yeni əməkdaşlıq konfiqurasiyasının yaradılması və onun funksionallığının təmin edilməsi Cənubi Qafqazda sabitliyin mühüm şərtlərindən biridir. Azərbaycan da məhz bu mövqedən çıxış edir. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.

Vurğulandığı kimi, perspektivdə bəhs olunan dəmir yolu infrastrukturu Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Xatırladaq ki, üç il yarım bundan əvvəl Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. BTQ-nin inşası ilə tarixdə ilk dəfə Azərbaycan və Türkiyə dəmir yolu xətti ilə birləşdi. Artıq iki qardaş ölkə arasında ikinci dəmir yolunun çəkilməsinin əsası qoyulub. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolundan sonra bölgədə ikinci dəmir yolunun çəkilməsi çox mühüm strateji əhəmiyyətə malikdir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər”.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xətti 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal edilməsindən sonra dağıdılmış və fəaliyyətini dayandırmışdı. 27 ildir ki, qatarların son dayanacağı Füzuli rayonunun Horadiz stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız Qələbə ilə bu yol da aydınlığa çıxır.

Sevinc Azadi, “İki sahil”