06 dekabr 2021 21:36
10056

Stresin orqanizmə təsiri

Hər gün stress yaşamaq siqarət çəkmək kimi ziyanlıdır, çünki insanı daxildən məhv edir. Gəlin görək, biz stress keçirtdikdə orqanizmdə hansı proseslər baş verir?

İlk əvvəl orqanizm stress altında olduqda qana adrenalin, noradrenalin və kortizol hormonları ifraz olunur. Adrenalin ilk olaraq tənəffüs sisteminə təsir edir, nəfəs darlığı, sürətli nəfəs alma, ürək ritminin və hətta qan təzyiqinin artmasına gətirib çıxarır. Əgər stres xroniki vəziyyətə keçərsə hipertoniya, infarkt və insult kimi xəstəliklərin ortaya çıxmasına səbəb olur.

Yüksək miqdarda adrenalin əzələlərin gərilməsinə və təkrar şəkildə əzələlərin gərilməsi isə bədənin ağrımasına səbəb olur. İfraz olunan kortizol hormonunun bədəni qoruma funksiyası vardır. Lakin stress uzun müddət sürərsə qandakı kortizolun səviyyəsi yüksək qalır, bu səbəblə də orqanizmdə yüksək təzyiq, diabet, xroniki iltihablar və başqa xəstəliklərin inkişafına səbəb olur. Hətta kortizol həzm sisteminə də mənfi təsir göstərir və bunun nəticəsi olaraq qastro-ezofaqal refluks xəstəliyinə, mədənin yanmasına və bulanmasına səbəb olur.

Stress anında qana ifraz olunan kortizol hormonu yuxuya mənfi şəkildə təsir edir, bu zaman gec yuxuya gedir, ya da yuxumuzu tam ala bilmirik. Buna görə də işlərimizə yetərincə diqqətimizi verə bilmir və öyrənmədə çətinlik çəkirik. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, xroniki stress beynimizdə ən çox düşünmə, diqqət, hafizə, qərarvermə kimi bir çox prosesin mərkəzi olan prefrontal korteksə-beyin qabığına təsir edir. Başqa bir tədqiqatdan məlumdur ki, xroniki stress keçirən insanlarda beynin hipokampının həcmi, sağlam insanlara nisbətən daha kiçikdir. Hipokamp beynimizin hafizə mərkəzidir. Xatirələrimiz, öyrəndiyimiz məlumatlar, əzbərlədiklərimiz hipokampda depolanır. Hipokampın zədələnməsi Altsheymer xəstəliyinin yaranmasına zəmin yaradır.  Artıq miqdarda kortizol ifrazı beyində sinapslar arasındakı əlaqəni zəiflədir. Sinapsların vəzifəsi qıcıqları beynimizdə ünvanına ötürməkdir. Sinapslar arasında əlaqənin zəifləməsi beynimizin hissələrinin bir-birilə əlaqəsinin zəifləməsi deməkdir. Belə şəkildə həyatda yaşamaq olduqca çətindir.

Yüksək miqdarda kortizol ifrazı immun sistemimizə təsir edərək xəstəliklərə tutulma riskini də  artırır. Yaşadığımız qayğılar, depresiya, immun sistemimizi zəiflədə bilir. Stress zamanı immun sistemində əsas rol oynayan leykosit hüceyrələrinin, sitokinlərin funksiyasında və miqdarında azalma aşkar edilib. Onların azalması müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır, yaraların sağalması gecikir, bakteriya və virus mənşəli xəstəliklərin baş verməsinə səbəb olur.

Əslində bir miqdarda stress motivasiya və inkişaf üçün gərəklidir. Əhəmiyyətli olan stress zamanı mübarizə apara bilməkdir. Hər insanın streslə mübarizə aparmaq üçün genetik və sosyal cəhətdən fərqli qabiliyyətləri vardır. Tədqiqatlarla sübut edilmişdir ki, idman, meditasiya, yoqa təlimi və sağlıqlı şəkildə bəslənmə,  bol su içmək stresi əhəmiyyətli dərəcədə azaldır,  bizi onun qarşısında daha da mübariz edir. C, B1, B6, B12 vitaminləri, maqnezium tərkibli qidalar stresə uyğunlaşma müddətində bizə dəstək olaraq, onun orqanizmə mənfi təsirinin qarşısını alır. Özündə yeni vərdişlər inkişaf etdirmək uyğunlaşma mərhələsində bizə kömək edərək, tükənməyimizin qarşısını alır.  

Gün ərzində ən azı yarım saat təmiz havada gəzmək, kitab oxumaq stress azaltmağın ən yaxşı yollarından biridir.

Gülşad Məmmədova,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Əməkdaşı