08 dekabr 2021 18:26
918

Qələbəni bizə yaşadanları “YAŞAT”: Fond 1 il ərzində hansı işləri görüb?

Bu günə qədər Fonda 64 milyon 930 min 525 manat 72 qəpik ianə toplanıb

Dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasından 1 il ötür. Bununla əlaqədar Bakı Konqres Mərkəzində mətbuat konfransı təşkil olundu.

Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri  Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri  Sahil Babayev,  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.

Qonaqlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qələbədən və ondan sonrakı dövrdə şəhid ailə üzvləri və yaralılara dövlət qayğısı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Bu kateqoriyadan olan şəxslərin müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığı, həlli istiqamətində çevik tədbirlərin reallaşdırıldığı vurğulanıb.

40 şəhidin ailə üzvü, 15 qazi "ASAN Xidmət"də işlə təmin olunub

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ( “Asan Xidmət”)  sədri Ülvi Mehdiyev çıxışı zamanı bildirib ki, Birinci Qarabağ müharibəsi dövründən şəhid olanların ailə üzvlərinə və qazilərimizə diqqət və qayğı  göstərmək dövlətin əsas prioritet istiqamətlərindən biri olub. Ü.Mehdiyev qeyd edib ki, bu sahədə dövlət tədbirləri həqiqətən də çoxşaxəlidir. Bununla yanaşı, xalqımızın nəcib keyfiyyətlərindən biri də xeyirxahlıq və birlikdir. Vətəndaşlarımızın kütləvi müraciətlərini nəzərə alaraq cənab Prezident bu sahədə mərkəzləşdirilmiş, şəffaf, əlçatan və operativ platformanın yaradılması üçün “YAŞAT” Fondunu təsis etdi. Dövlət başçısının müvafiq Fərmanına əsasən bu fondun idarə edilməsi “ASAN” Xidmətə tapşırıldı.

Agentliyin sədri həmçinin vurğulayıb ki, bu günə qədər 40 şəhidin ailə üzvü, 15 qazi "ASAN Xidmət"də işlə təmin olunub: “4700 nəfərdən çox şəhid və qazinin ailə üzvləri "Asan Xidmət"də növbədənkənar, imtiyazlarla xidmətlərdən yararlanıb.

 Ü.Mehdiyev fondun 1 illik fəaliyyəti haqqında danışarkən vurğulayıb ki, “YAŞAT” Fondu postmüharibə dövründə ciddi tədbirlər həyata keçirib: “Ümumiyyətlə, bu günə qədər "YAŞAT" Fonduna 64 milyon 930 min 525 manat 72 qəpik ianə toplanıb. Fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon 497 min 446 manat 15 qəpik məbləğində vəsait xərclənib.”

O qeyd edib ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 min 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 min 834 müraciəti icra olunub.

Ü.Mehdiyev bildirib ki, xərclənən vəsaitdən 32 477 789.50 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 458 478.51 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 432 716.49 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 11 128 461.65 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.

Ülvi Mehdiyev əlavə edib ki, qazilərimiz 8110 nömrəsinə zəng etməklə "YAŞAT" Fonduna özləri barədə məlumat verib, "YAŞAT" Fondunun xidmətindən yararlana bilərlər.

35 min şəhid ailəsi və müharibə əlilinə 41 min sosial xidmət göstərilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  çıxışı zamanı vurğulayıb ki, postmüharibə dövründə 35 min şəhid ailəsi və müharibə əlilinə 41 min sosial xidmət göstərilib. Bu xidmətlərin içində ana xətti sosial ödənişlər təşkil edir: “20 min şəhid ailəsi üzvünə və müharibə əlilliyi olan şəxsə sosial ödəniş təyin olunub. Ümumilikdə, 10 min 202 şəxsə 20 min 341 sosial ödəniş təyin edilib. Bunun böyük hissəsi şəhid hərbi qulluqçularının ailə üzvləridir.  Onun sözlərinə görə, bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib: "İlin sonuna qədər proses davam edəcək. 10 min nəfər sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlili olan əsgərə 174 elektron yeni nəsil protez verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslərin gündəlik həyata inteqrasiya edilməsinə və əmək bazarına daxil olmasına şərait yaratmış olacaq".

Nazir bildirib ki, 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub: "Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq, 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Vahid Əlaqələndirmə Mərkəzi vasitəsilə Bakı şəhəri tam əhatə olunur. Ötən üç ayda 4163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik".

Bir gün ərzində 1 milyon manatdan artıq vəsait toplanıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  mətbuat konfransında çıxışı zamanı bildirib ki, Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər: “Bu səbəbdən "YAŞAT" marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız marafona qoşuldu".

Onun sözlərinə görə, marafon zamanı yalnız bir günə 1 milyon manatdan artıq vəsait toplanıb və "YAŞAT" Fonduna köçürülüb: "Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd "Dermaton" cərrahiyyə aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilmişdi".

Vətən müharibəsi iştirakçılarına psixoloji yardım göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev isə çıxışı zamanı vurğulayıb ki, bu ilin 9 ayı ərzində Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 993 şəxsə 109 443 tibbi xidmət göstərilib.

O qeyd edib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 687-si ambulator, 13 756-sı isə stasionar şəraitdə göstərilib: "Tibbi xidmət alan şəxslərdən 7 051 nəfəri müharibə iştirakçısı, 942 nəfəri isə şəhid ailəsi üzvü olub. Həmin dövr ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 321 pasiyent üzərində 381 cərrahi əməliyyat icra olunub. Əməliyyatlar arasında cərrahi müdaxilədən sonrakı vəziyyətlər, hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr çoxluq təşkil edib. Həmçinin Tibbi Reabilitasiya Xəstəxanasında 696 nəfərə reabilitasiya xidmətləri göstərilib".

Agentlik sədri deyib ki, bu günədək 600-dən çox şəhid ailəsi üzvü, 1 600-dən çox hərbçi və 300 terror qurbanına psixoloji yardım göstərilib və ehtiyac olduqda müalicə üçün həkim-psixiatrlara yönəldilib: "Müvafiq qurumlarla birgə 100-dən çox Vətən müharibəsi iştirakçısına Bakı şəhərində psixiatrik və psixoloji dəstəyin göstərilməsi təmin edilib. İcbari tibbi sığorta çərçivəsində Vətən müharibəsi iştirakçılarına göstərilən tibbi xidmətlər barədə Agentlik tərəfindən həyat hekayələri çəkilir. Onlar müharibə dövründən, keçdikləri döyüş yolundan və aldıqları tibbi xidmətlər sayəsində sağlamlıqlarına qovuşmalarından bəhs edirlər".

Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var

Daha sonra “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun bir illik fəaliyyəti üzə müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatların əks olunduğu təqdimatla çıxış edib.

Fond rəhbərinin sözlərinə görə, hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var. Artıq 49 milyondan çox vəsait 4 fəaliyyət istiqamət üzrə xərclənib. 

E. Hüseynov bildirib ki, ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 115-si ölkəyə geri qayıdıb: “Hazırda 39 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir. YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib".

E.Hüseynov  həmçinin əlavə edib ki, "YAŞAT" Fondu tərəfindən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 738, itkin ailə üzvlərinin 5 və yaralıların 4 min 746 müraciəti olmaqla ümumilikdə 8 min 489 müraciət təmin edilib.

Onun sözlərinə görə, ötən il sentyabrın 27-dən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə hər bir körpənin anasına min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.

Tədbir çərçivəsində “YAŞAT” Fondunun müvafiq fəaliyyət istiqamətlərini əks etdirən videoçarxlar da nümayiş etdirilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Yaqut Ağaşahqızı, “İki sahil”