23 dekabr 2021 15:14
1645

2022-ci ilə sayılı günlər qaldı: Paytaxt sakinlərinin Yeni  il arzuları nədir?

"Şaxta babadan hansı hədiyyə istəyirsiniz" sualının cavabı təqdim etdiyimiz videoda

Təqvimimiz ilin son günlərini sıralayır. Bu isə o deməkdir ki, kiçikdən böyüyə, hamımızın çox sevdiyi, böyük ümidlərlə gözlədiyi yeni ilin gəlməsinə az qalıb.

Bakımız bayram ab-havasına bürünərək, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin  gəlişinə hazırlaşır. Hər il olduğu kimi, bu il də təzə ilin gəlişi ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektləri, park və xiyabanları bayramsayağı bəzədilib. Hər tərəfdə hündür yolka (küknar) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüsü xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olur, küçələrin kənarındakı küknar ağaclarında al-əlvan işıqlar, bayram oyuncaqları bərq vurur. Şəhərin mərkəzi meydanlarında qurulan hündür yolka ağacının ətrafında artıq Şaxta baba da gözə dəyməyə başlayıb.

Bütün bunlar paytaxt sakinləri ilə yanaşı, Bakıya üz tutan minlərlə qonağın da zövqünü oxşayır. Sevincli Yeni il təlaşına bürünən işıqlı və rəngarəng paytaxt  küçələrində havanın soyuq  olmasına baxmayaraq insan axını azalmır.

“İki sahil TV” bayram ərəfəsində Bakının mərkəzi küçələrindən olan Nizami küçəsində -“Tarqovı”da sorğu apararaq əhalinin yeni ildən gözləntilərini və arzularını, artıq başa çatmaqda olan illə bağlı təəssüratlarını, Şaxta babadan hansı hədiyyəni gözlədiklərini öyrənib:

Səmimi fikirlərlə qarşılaşdığımız sorğuda maddiyyatla bağlı  arzulardan daha çox cansağlığı, sülh və xoşbəxtlik  arzusunda olanlara rast gəldik. Hər birimizə problemlərimizin köhnə ildə qalacağına, təzə ildə xoş xəbərlər eşidəcəyimizi arzulayırıq.