KÖŞƏ

Vəli İlyasov

Sümsüklərin aqibəti...

28 dekabr 2021 00:56
1211

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın ermənilərə aid olmadığını açıq şəkildə etiraf edəndən sonra şəkkak toplum arasında “cırmaqlaşma” düşüb. Daim özgələrin torpağında sülənən ermənilər artıq qamarladıqlarının bədəlini verməyə məhkum olduqlarını anladıqca sarsılır, qarışıqlıq yaradıb aradan birtəhər çıxmağa çalışırlar. Bu, o ermənilərdir ki, otuz ildən artıq müddətdə Qarabağda dövlət quracaqlarını vəd edərək milyonlarla pul qazanmışlar. Statusun gorbagor olmasından sonra onların gördükləri işlərin nəticəsi sıfıra bərabər olduğuna görə toplum qarşısında hesabat verməlidirlər. Həmin sorğu-sual isə onlar üçün heç də asan olmayacaqdır. Ona görə də haray-həşir qaldırıb Paşinyan hökumətinin başını qatmağa, özlərini isə “milli təəssübkeş” kimi qələmə verməyə can atırlar.

Son məlumatlara görə, Xankəndi və ətraf bölgədə olan erməni separatçılar rəsmi İrəvana qarşı sərt etiraz kampaniyasına hazırlaşırlar. Erməni separatçıların toplantı keçirərək Paşinyan hakimiyyətini hədəfə alan bəyanat yaymaq niyyətində olduqları bildiriblər. Bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan məlumat yayıb.

N. Zöhrabyan iddia edir ki, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ ilə bağlı son günlərdə dedikləri Xankəndi və ətraf bölgədə yaşayan ermənilər tərəfindən "təhlükəli açıqlamalar" kimi dəyərləndirilir. Ancaq N. Zöhrabyan Paşinyan hakimiyyətinə qarşı bu bəyanatın  güclü təsirinin olacağına da tam əmin deyil. Çünki onun dediyinə görə, rəsmi İrəvan təzyiq göstərərsə, Paşinyan hakimiyyətinə xidmət göstərən digər erməni separatçıları belə bir bəyanatın qəbul edilməsini əngəlləyə də bilərlər.

Bütün bunlardan belə nəticə çıxır ki, əslində, Xankəndi və ətraf bölgədə olan, Paşinyan hakimiyyətinə qarşı savaş açmaq niyyətinə düşmüş erməni separatçılarının özləri arasında da ciddi parçalanma və ziddiyyətlər mövcuddur. Belə situasiya Paşinyan hakimiyyətinə erməni separatçılarının mövqeyinə müdaxilə etmək imkanları açır. Bu baxımdan, Araik Arutyunyanın öz separatçılarını uzun müddət bir arada saxlaya biləcəyi də artıq o qədər də inandırıcı görünmür.

Vaxtilə Xankəndi və ətraf bölgədə separatçılara rəhbərlik edənlərin sırasında yer almış Aşot Qulyan yaranmış yeni situasiyanı yaxınlaşan fəlakət kimi dəyərləndirib. Onun fikrincə, Paşinyan hakimiyyətinə də, erməni separatçılarına rəhbərlik edən Araik Arutyunyanın yaxın ətrafına da etibar etmək olmaz: "Baş nazir Nikol Paşinyan erməni cəmiyyəti qarşısında Azərbaycanın bütün rəsmi arqumentlərini eynilə təkrarladı. Hazırda mövcud vəziyyət ilə bağlı yalnız bir qənaətə gəlmək mümkündür: Son baş verənlər yaxşı heç nə vəd etmir, parlaq gələcək ümidləri bitdi və ona görə də bizim vəziyyətimiz ağlamalıdır".

Aşot Qulyanın bu dəyərləndirməsi əslində, həqiqəti əks etdirir. Çünki ermənilərin düşdükləri situasiya həqiqətən də çıxılmazdır. Onların "artsax" xəyalları artıq tamamilə boşa çıxıb. İndi Xankəndi və ətraf bölgədə yaşayan ermənilər hansısa uydurma "status" barədə deyil, məhz həmin ərazidə yaşamaq hüququ barədə düşünmək məcburiyyətində qalıblar. İndi ermənilər iki seçimdən birinin qaçılmazlığı ilə daha sərt şəkildə üzləşiblər. Yəni, ya Azərbaycan vətəndaşlığını qəbul edib, ərazisində yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmalıdırlar, ya da bundan imtinanın qarşılığı olaraq, Azərbaycan ərazisini həmişəlik tərk etməlidirlər.

Bütün bunlar onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan əsl həqiqətləri erməni toplumuna açıq mətnlə çatdırmaqla, "artsax" xəyallarının əslində, nə qədər mənasız və qeyri-real olduğunu da sübuta yetirməyə nail oldu. Bundan sonra Xankəndi və ətraf bölgədə olan erməni separatçıları Ermənistanın baş naziri Nikol Paşinyana qarşı milli savaş da elan edə bilərlər. Ancaq bu, heç nəyi dəyişməyəcək, yəni olacaq “itin dişi, tülkünün dərisi”.