28 dekabr 2021 17:45
1109

Dişləriniz təmizdir?

Ağız gigiyenası və bir sıra xroniki xəstəliklər arasında əlaqə tapılıb

Böyük Britaniya alimləri uzunmüddətli araşdırmalar nəticəsində müəyyən ediblər ki, diş əti xəstəlikləri qəribə də olsa, ürək-damar və avtoimmun xəstəliklər riskinin artmasına səbəb olur.

“Ağız sağlamlığının pis vəziyyətdə olması Böyük Britaniyada və bütün dünyada olduqca yayğındır”, - deyə tədqiqatın həmmüəllifi, Birmingem Universitetinin doktoru Coht Sinqh Çandan bildirib.

 O qeyd edib ki, ağız boşluğu xəstəliyi irəlilədikdə həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Lakin indiyə qədər zəif ağız sağlamlığı ilə bir çox xroniki xəstəliklər, xüsusən də ruhi xəstəliklər arasında əlaqə haqqında çox az şey məlum idi.

Xüsusilə, hipertoniya tez-tez ağız sağlamlığının pis olması ilə əlaqələndirilir və elm adamları diş əti xəstəlikləri ilə Alzheimer kimi neyrodegenerativ xəstəliklər arasında əlaqə də tapıblar.

 Tədqiqatçılar öz tapıntılarının ağız sağlamlığının qorunmasının vacibliyini dəstəkləyəcəyini güman edirlər.

Tədqiqat müəllifləri yazır ki, yaxşı olar ki, insanlar diş həkiminə müntəzəm olaraq baş çəksinlər və diş həkimləri ilə terapevtlər arasında təkmilləşdirilmiş qarşılıqlı əlaqə olmalıdır. Ağız sağlamlığı daha geniş sağlamlıq problemləri ilə ayrılmaz şəkildə əlaqələndirildiyi üçün bu əlaqə hərtərəfli müalicədə nəzərə alınmalıdır.

Sözügedən tədqiqatın nəticələri “BMJ Open” jurnalında geniş şəkildə dərc olunub.

Nubar Süleymanova, “İki sahil”