30 dekabr 2021 17:37
1502

Hansı ştamm daha ağırdır: “Delta” yoxsa “Omicron”?

Ontario tədqiqatçıları hesab edirlər ki, “Omicron” ştamında xəstəxanaya yerləşdirilmə riski delta ştamına nisbətən 54 % azdır. Tədqiqatın nəticələri medRxiv.org preprint serverində dərc olunub.

Toronto Universitetinin dosenti Kevin Braunun rəhbərlik etdiyi Kanadanın Ontario əyalətinin Səhiyyə Departamentinin rəsmiləri noyabrın 22-dən dekabrın 17-dək regionda xəstələnmə və xəstəxanaya yerləşdirilmə statistikasını müqayisə ediblər.

Bu müddət ərzində əyalətdə 6314 “Omicron” ştamına yoluxma hadisəsi qeydə alınıb, onlardan 21 nəfəri xəstəxanaya yerləşdirilib, müvafiq olaraq 8875 nəfər və “Delta” ştamına yoluxub, onlardan isə 116 nəfəri xəstəxanaya yerləşdirilib.

Yaş, cins, peyvəndin başlama tarixi, statusu və müddəti və s. nəzərə alınmaqla “Omicron”da xəstəxanaya yerləşdirmə riski “Delta” ilə müqayisədə 54 faiz aşağı olmuşdur.

Nəzərə almaq lazımdır ki, həmin əyalət əhalisinin 81 %-i peyvənd olunub və gücləndirici peyvəndlər, şübhəsiz ki, müəyyən qorunma təmin edir.

Əldə edilən nəticələr Cənubi Afrikada, Böyük Britaniyada və Danimarkada toplanmış “Omicron” ştamının yaratdığı COVID-19-un gedişatının şiddəti və ona qarşı peyvəndlərin effektivliyi ilə bağlı müşahidə məlumatları ilə yaxşı üst-üstə düşür. Bütün bu tədqiqatlar onu göstərir ki, “Omicron” ilə xəstəxanaya yerləşdirmə riski delta ilə müqayisədə 40-50 % aşağıdır. Eyni zamanda, elm adamları “Omicron”un yüngül ştamm olduğuna dair tələsik nəticələrə qarşı da diqqətli olmağa səsləyirlər.

“Omicron” ağırlaşma baxımından daha müsbət görünsə də, sürətlə  yayılmasına görə ölkələrin səhiyyə sistemlərini çətin vəziyyətdə qoya bilər”,-deyə tədqiqat müəllifləri bildirib.

Nubar Süleymanova, "İki sahil"