Bütün dünya artıq 2022-ci ili qarşılamaq üçün saatları sayır. Şəhərlərdə və evlərdə bəzədilən şam ağacları, rəngli bəzəklər, al-əlvan işıqlar küçələri, məkanları bəzəyir. Hər kəsin üzündə təbəssüm, içində təlaş bayram hazırlıqları davam edir. Kimisi öz evində, kimisi şəhərdə, kimisi də başqa ölkələrə səfər edərək növbəti ilə əlvida deyib, gələn ili böyük ümidlərlə qarşılayır. Bəs Yeni il dünyanın ayrı-ayrı ölkələrində hansı adətlərlə əlamətdardır?
Şotlandiyada saatlar gecə yarısını göstərəndə insanlar sevdiklərinin evinə ilin “ilk ayaq” basanı olmaq üçün yarışa girirlər. İlk ayaq basdıqları evə pul, çörək, duz, kömür, viski kimi hədiyyələr aparırlar.
Çinlilər Yeni il şənliklərinə başlamadan əvvəl keçən ildən qalan pis şeyləri yox etmək üçün evlərini təmizləyirlər. Bundan əlavə, Yeni ilin şans və bərəkət içində keçməsi üçün yeni çiçəklər, güllər alırlar.
Yaponiyada insanlar Yeni ili qarşılayarkən həm pis ruhları, neqativ enerjini qovmaq, həm də xoşbəxtlik və yaxşı şans gətirməsi üçün qapılarının önünə ip asırlar. Saatlar gecə 00:00-ı göstərəndə isə Yeni ilin hüzurlu və şanslı keçməsi üçün hər kəs ürəkdən gülməyə başlayır.
Yeni il deyəndə ağıla ilk gələn ölkələr sırasında olan Rusiyada da maraqlı adətlər var. Belə ki, ruslar yeni ildən istədiklərini kiçik kağızlara yazır, sonra isə bu kağızları yandırırlar. Yandırılmış kağızları şərab bardaqlarına atıb, içində şərab içirlər. Bununla da gələn ildə dilədikləri arzuların çin olacağına inanırlar.
Bir digər maraqlı Yeni il adəti isə Çilidədir. Çilidə saatlar gecə yarısını göstərəndə bir qaşıq mərcimək yeyənlərin bütün illərinin uğurlu olacağına inanırlar. Bundan başqa, Yeni il gecəsi evi içəridən çölə doğru süpürülər. Bununla onlar ötən ildən qalan neqativ enerjinin və pis ruhların evlərindən çıxdığına inanırlar.
Hollandiyada isə keçən ilin xoşəgəlməz xatirələrini və mənfi enerjilərini yox etmək üçün küçələrdə şam ağacları yandırılır.
Danimarkada köhnə və istifadə olunmuş boşqablar Yeni ilədək saxlanılır. Yeni il gecəsi danimarkalılar ən sevdikləri dostlarının evlərinin qarşısında onları sındırırlar. Bu adət həm dostlarını nə qədər sevdiklərini göstərir, həm də dostlarının üzərlərində olan neqativ enerjinin getməsi üçün edilir.
Bir digər Avropa ölkəsi olan İspaniyadakı adətlərə görə yeni ol gecəsindən bir gün əvvəl gecə yarısı saatlar 12:00-ı göstərəndə ispanlar 12 üzüm dənəsini və saatın hər vuruşunda bir üzüm dənəsini yeyirlər. 12 üzüm şansı və yeni ildə yer alan 12 ayı təmsil edir.
Panamada “muneco” deyilən və mənfi enerjini təmsil edən gəlinciklər var. Yeni il günü küçələrdə yandırılan tonqallarda Panama xalqı bu gəlincikləri tonqala atıb yandırırlar. Gəlinciklərin köhnə ili təmsil etdiklərinə inanan Panama xalqı keçən ilin pis günlərini bununla uzaqlaşdırdıqlarına inanırlar.
Braziliyada Yeni il gecəsi pis ruhları uzaqlaşdırmaq üçün ağ rəngdə paltarlar geyinirlər. Bundan başqa yeni ilə girərkən 7 dalğa üstündən hoppansalar qarşıdakı 7 ildə şanslarının daha gözəl olacağına inanırlar.
Nilufər Mustafaqızı, “İki sahil”