05 yanvar 2022 22:17
867

Hədəflərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir - Prezident tapşırığı

Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən ilin uğurları fonunda 2022-ci ilin hədəflərini, görüləcək işləri açıqladı

Artıq yeni ilin ilk həftəsindəyik. Arxada qalan hər il yerini yeni ilə təhvil verəndə keçilən yolun təhlilini və bu əsasda qarşıdakı dövrdə görüləcək işlərin müəyyənləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2021-ci ilin uğurları və 2022-ci ilin hədəfləri öz əksini tapıb. Dövlət başçısının Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsini də nəzərə alsaq bu dövr bərpa və quruculuq işlərinin miqyasının daha da geişləndirilməsi, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızın daha da dirçəldilməsi, Böyük Qayıdışın sürətlənməsi ili kimi də tarixə yazılacaq.

Azərbaycanın xarici siyasət uğurlarından geniş bəhs edən cənab İlham Əliyev bu fikri böyük əminliklə ifadə etdi ki, ölkəmiz uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır. 2021-ci ilə qısa nəzər saldıqda tarixi Zəfərimizin yaratdığı reallıqların təsdiqini və dünya gücləri tərəfindən qəbul olunduğunu görərik. Azərbaycan diplomatik uğurlarını genişləndirməklə bir daha ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya çatdırdı və sübut etdi ki, bu prinsiplərin zamana, məkana görə tətbiqləri böyük faciələrə səbəb olur. 30 ilə yaxın dövrdə Azərbaycanın işğalla üz-üzə qalması da dünyanın ikili standartlar əsasında yanaşmasının nəticəsidir. Sonda qalib olan yenə də ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasət oldu. Azərbaycan qalibiyyəti ilə malik olduğu imkanları, iqtisadi, hərbi gücünü, beynəlxalq hüquqa söykənən mövqeyini, xalq-Prezident-ordu birliyini, həmrəyliyini nümayiş etdirdi. Postmünaqişə dövründə Moskva, Soçi və Brüssel görüşləri Azərbaycanın ədalətli mövqeyinin təsdiqi oldu. Dünya gücləri sülh müqaviləsinin imzalanmasını bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasında əsas amil kimi dəstəklədi və onun reallığa çevrilməsinə öz dəstəklərini göstərməyə hazır olduqlarını bildirdilər.

Tarixi Zəfərimizin digər reallığı olaraq azad edilmiş torpaqlarda l geniş quruculuq-bərpa işlərinə start verildi. Cənab İlham Əliyevin qeyd edilən müraciətdə vurğuladığı kimi, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb: “Bu işlər haqqında Azərbaycan vətəndaşları müntəzəm olaraq məlumatlandırılır. Əgər mən bu haqda danışmağa başlasam, yəqin ki, bir neçə saat vaxt lazım olacaq, hər şey göz qabağındadır. Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq.”

2021-ci il ümumilikdə ölkəmizin həyatında əhəmiyyətli uğurlarla yadda qaldı. Regional inkişaf proqramı uğurla icra edilir. “Bu il mən bölgələrə çoxsaylı səfərlər sayəsində əlavə imkanların aşkar edilməsi üçün səylər göstərmişəm və mənim səfərlərim müntəzəm xarakter daşıyır. Azərbaycanın bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir.

Təbii ki, hər dövrün öz tələbləri vardır. Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. 2003-cü ildən başlanan yolun mahiyyəti bundan ibarət idi ki, dövlət başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı. Son 18 ildə Azərbaycanın dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar əldə olunan uğurlu nəticələrdə öz əksini tapıb. Prezident İlham Əliyev ilk olaraq iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqladı. Həmçinin regionların malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə növbəti Sərəncam regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının təsdiqlənməsi ilə bağlıdır. Artıq bugünədək 3 Dövlət proqramı uğurla icra edilib və dördüncü sənədin icrası davam edir. Regionlarla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu sənədlərin uğurlu icrası nəticəsində iki milyondan artıq yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması regionların inkişafı, qeyri-neft sektorunun inkişafı deməkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülmüş, hər bir rayon, kənd, qəsəbə özünün inkişaf dövrünü yaşayır. Rayonlar arasında sağlam rəqabət gedir. İrəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, rəğbətlə qarşılanır. Bölgələrdə, kənd və qəsəbələrdə müasir infrastrukturun yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş imkanlar açır.

Cənab İlham Əliyev müraciətdə ölkəmizin 2011-ci ilin 11 ayında sosial-iqtisadi göstəricilərini açıqlayaraq bu məqamı xüsusi qeyd etmişdir ki, bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim üçün bu, təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir. Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir. Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu puldan istifadə edərək geniş sosial paket tədbirləri həyata keçirilir. Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Əlavə vəsait toplandıqca, ilk növbədə sosial layihələrə yönəldilir. Eyni zamanda, azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıb.

Göründüyü kimi, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, eyni zamanda, dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə sahəsində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqidir. Azərbaycan təcrübəsində insanların sağlamlığının qorunması ilə yanaşı, dayanıqlı inkişafın təmin edilməsi, sosial dəstək proqramlarının uğurlu icrası əsas yer tutur. Azərbaycanın pandemiya ilə mübarizə dövründə onlarla ölkəyə humanitar yardım göstərməsi, hətta vaksinlərin alınması ilə bağlı dünyaya kasıb ölkələrə kömək etmək üçün çağırışlar etməsi də qlobal problemi birgə aradan qaldırmaq istəyini ortaya qoymaqla yanaşı, ölkəmizin iqtisadi və sosial imkanlarının təqdimatı oldu.

Uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması artıq reallıqdır. Aparılan islahatlar, həyata keçirilən onlarla Dövlət proqramlarının tətbiqi ilə ölkəmizdə yoxsulluq və işsizlik 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idi. Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əməkhaqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində iqtisadi tərəqqinin insanların gündəlik həyatında öz əksini tapacağını, əməkhaqqının, pensiyanın ildə ən azı iki dəfə artacağını bildirmişdi. Bu vəd də konkret əməli işdə öz təsdiqini tapıb. Ölkə Prezidentinin bütün çıxışlarında bu tezis önə çəkilir ki, atılan bütün addımların əsasında vətəndaş amili dayanır. Həmçinin iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapır.

Azərbaycan bütün sahələrdə təcrübəsi ilə nümunə oldu. Əvvəldə də qeyd etdiyimiz kimi, yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışı gözləyir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar yeni hədəfləri ortaya qoymaqla onların vahid icra mexanizminin müəyyənləşdirilməsini zərurətə çevirir. 2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunur. İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutu yaradılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac yarandı. Dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. Sənəddə də qeyd olunduğu kimi, son 17 ildə artan iqtisadi gücümüz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbəyə transformasiya olundu. Əldə edilmiş Qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır. Azərbaycan postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Bir sözlə, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Dövlət başçısı İlham Əliyevin 7 iyul 2030-cu il tarixli «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı da Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsi, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərar kimi dəyərləndirildi. Sənəd ümumilikdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının bölgələrimizin davamlı və tarazlı inkişafının təmin olunmasında, ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da güclənməsində əhəmiyyətini, 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasında güclü zəmin olduğunu açıqlayır.

Ümumilikdə son bir ildə imzalanan Fərman və sərəncamlar, təsdiqlənən Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb. Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı təmin edəcək: “Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

Yeganə Əliyeva, “İki sahil”