06 yanvar 2022 12:19
1118

Yaponiyalı alimlər birdəfəlik COVID-19 vaksini üzərində işləyirlər

Yaponiyanın əczaçılıq şirkəti “Nobelpharma” 2023-cü ildə COVID-19 patogeninə ömürlük immunitet verə biləcək koronavirus peyvəndinin klinik sınaqlarına başlaya bilər. Məlumatı “Japan Times” dərc edib.

Professor Miçinori Koharanın rəhbərliyi ilə Tokio Tibb Elmləri İnstitutunun bir qrup alimi dərman üzərində işləyir. Onlar 18-ci əsrdə Böyük Britaniyada hazırlanmış və 1976-cı ilə qədər Yaponiyada çiçək xəstəliyinə qarşı istifadə edilən peyvəndi əsas götürüblər. Tədqiqatçıların ideyası SARS-CoV-2 virusunun sünbül proteinini rekombinant vaksin virusuna daxil etməkdir.

Siçanlar üzərində apardıqları təcrübələrdə yüksək patogenli quş qripi genindən istifadə ediblər. Nəticələr göstərdi ki, 20 ayın sonunda peyvənd edilmiş siçanlarda yüksək səviyyədə anticisimlər yaranıb, onlar virusun daxil olmasından sonra da sağ qala biliblər. Eyni zamanda, peyvənd olunmayan bütün siçanlar ölüb. Məqalədə qeyd olunur ki, 20 ay gəmiricilərin təxmini orta ömrüdür.

"Bu peyvəndin xüsusiyyətləri göstərib ki, o, anticisim hasilini təşviq edə və ömürlük immunitet təmin edə bilər. Bir doza 20 aydan çox təsirli olur, başqa heç bir peyvəndin oxşar təsiri yoxdur" deyə Kohara bildirib.

Uzunmüddətli immun reaksiyasından əlavə, yeni peyvəndin daha bir böyük üstünlüyü var - professor Koharanın sözlərinə görə, onu quru halda otaq temperaturunda uzun müddət saxlamaq olacaq.

Nubar Süleymanova, “İki sahil”