Şuşanın işğaldan azad edilməsi müjdəsini Azərbaycan xalqına «Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm» sözlərinin yer aldığı müraciəti ilə bildirən Prezident İlham Əliyev bu Qələbənin döyüş meydanında qazanıldığını qalib sərkərdə kimi də qürurla bəyan etdi. Xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazılan 2020-ci il noyabrın 8-i Azərbaycanın qəhrəmanlıq salnaməsində əbədi yaşam haqqı qazandı.
28 il işğal altında qalan cənnətməkan, təkcə Azərbaycanın deyil, bütün Qafqazın incisi, mədəniyyət paytaxtımız Şuşanı, Cıdır düzünü murdar nəfəsləri ilə çirkləndirən, xarıbülbülü küsdürən düşmənin başının əzildiyini, torpaqlarımızdan qovulduğunu, öz sahibinə qaytarıldığını bildirən Prezident İlham Əliyevin «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri hər bir vətəndaşın qəlbində əbədilik qaldı. Qısa müddətdə Şuşaya yeni həyat bəxş ediləcəyini bildirən Prezident İlham Əliyevin qüdrəti nəticəsində Şuşa heyrətamiz şəkildə yenilənir, abadlaşır, əvvəlki görkəmindən də gözəl siması ilə qonaqlarını heyran edir.
Ölkə daxilində uğurlu siyasətin nəticəsi kimi «ağıllı kənd», «ağıllı şəhər» layihələrinin həyata keçirilməsi dünya üçün çox nadir inkişaf modeli olan Azərbaycan təcrübələrinin tətbiqi ölkəmizə marağı daha da artırır. Təkcə Şuşada deyil, işğaldan azad olunan bütün ərazilərdə bərpa- quruculuq işlərinin genişləndirilməsinin güc mərkəzi, başlıca amili ölkə daxilindəki həmrəylik, milli birlik, xalqımızın vahid amal uğrunda birləşməyidir.
Müharibə dövründə belə dünyanın ən tanınmış KİV-lərinə müsahibələrində informasiya sahəsində də düşmən üzərindəki Qələbəsini təmin edən, hədəfə tuşlanmış, reallığı əks etdirən obyektiv açıqlamaları ilə təcrübəli siyasətçi olduğunu təsdiqləyən dövlət başçımız beynəlxalq səviyyədə dəstəklənən, ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını genişləndirməklə diplomatiyamızın uğur coğrafiyasını genişləndirdi. Şuşa işğal altına düşəndə «güclü ordu» mifini reallaşdırmağa çalışan Ermənistan 44 gündə əsl ordunun qüdrətini dəmir yumruq sayəsində hiss etdi. Milli Ordumuz 2016-cı ilin Aprel döyüşlərində düşmənə vurduğu zərbəni təkrarlamaqla güclü müdafiə qüdrətinə malik olduğunu bəyan etdi.
«Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək» söyləyən Ali Baş Komandan bu vədini də təcrübəli sərkərdə kimi döyüş meydanında yerinə yetirdi. Dəmir yumruq öz gücünü Ermənistanı çökdürməklə göstərdi. «Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib!» söyləyən, müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın dəstəyini də milli birliyimizin rəmzi adlandıran Prezident İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti yenilməzliyin ifadəsi idi. Müraciətində Azərbaycanın beynəlxalq arenada möhkəmlənən nüfuzundan, Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi müddətində görülən işlərdən, xarici ölkələrə səfərlərindən bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, hər görüş Azərbaycanın dünyada təbliğatına yönələn, söz sahibi olan ölkəmizin möhkəmlənən nüfuzuna olunan əlavə uğurların göstəricisidir. Ənənəvi dostluq, həmrəylik üzərində qurulan əməkdaşlığın ən gözəl nümunəsi Şuşa və Bakı bəyannamələri Azərbaycanın gücünü daha da artırdı. Həmin bəyannamələr sayəsində Türkiyə-Azərbaycan-Pakistan əlaqələri müttəfiqlik səviyyəsində inkişaf edir. Vətən müharibəsində Azərbaycan xalqına siyasi , mənəvi, hərbi dəstək göstərən qardaş Türkiyənin köməyini əsrlərə söykənən birlik və həmrəyliyin ifadəsi adlandıran, 2021-ci ildə bütün sahələrdə qazanılan uğurları Zəfərimizin təməli kimi dəyərləndirən Prezident İlham Əliyev 2022-ci il üçün planlaşdırılan hədəfələrə də vaxtında əməl olunacağını bildirdi.
İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın müdafiə qüdrətini gördü. Hərb tarixində bənzəri olmayan şücaətlər göstərən xüsusi təyinatlılarımız bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi. Azərbaycanda yaranan yeni hərbi birləşmə kimi daha mükəmməl texnikaya, döyüş təcrübəsinə, çevik, peşəkar və çox böyük imkanlara malik Komando briqadaları istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar.
Tarixdə baş verən müharibələrdən sonra sürətli quruculuq işlərinin aparılmasında da Azərbaycan öz təcrübəsini göstərir. İkinci Qarabağ müharibəsindən ötən bir ildə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin sürəti hər kəsdə möcüzə təsəvvürü yaradır.
Əsas hədəf ermənilərin dağıtdıqları əraziləri minalardan təmizləmək, viran qoyulmuş şəhər və kəndləri bərpa etmək, keçmiş məcburi köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır. Cəmi 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də həmin möcüzələrdəndir. Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan 14, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq işlərinə başlanılmışdır. «Xarıbülbül» festivalı, Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımızın adına layiq təşkil olundu. Dövlət başçımızın ötən ildə işğaldan azad olunmuş bölgələrə 32, bütünlükdə isə respublikanın ayrı-ayrı rayonlarına 47 səfərinin hər biri quruculuq işlərinin mənzərəsini əks etdirir. «Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq» sözləri ilə bərpa işlərinin əsas amili olan iqtisadiyyatın inkişafına xüsusi diqqət göstərildiyini diqqətə çatdıran cənab İlham Əliyevin vurğuladığı kimi, bərpa işlərinin daxili imkanlar, heç bir beynəlxalq maliyyə təşkilatından kredit, yardım alınmadan, ölkəmizin büdcəsi hesabına həyata keçirilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Azərbaycan iqtisadiyyatının ötən ilin 11 ayında 5,3, qeyri-neft iqtisadiyyatının 6,4, sənaye istehsalının 5,5, qeyri-neft sektorunda sənayenin 20,7 faiz artması quruculuq işlərinin sürətləndirilməsinin başlıca şərtidir. Həmin dövrdə valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Ölkəmizin xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Maliyyə imkanlarının yüksək templə artması əhalinin güzəranının yaxşılaşdırılmasına yönələn sosial paketin zənginləşməsini də təmin edir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən cari ilin ilk aylarından maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. Vergi orqanlarının topladığı vəsait hesabına müəyyənləşdirilən sosial paketlərin ümumi həcmi 1,5 milyard manat məbləğindədir. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə COVID-19-a qarşı mübarizədə də fərqlənən Azərbaycan nadir ölkələrdəndir ki, ən çətin məqamlarda belə pandemiyaya qarşı profilaktiki tədbirləri layiqincə davam etdirdi, vətəndaşların sağlamlığının qorunmasına diqqəti artırdı. Əhali arasında peyvəndləmə prosesi nəzarətdə saxlanıldı.
Biri-birindən əhəmiyyətli, gələcəyimiz üçün vacib işlər isə 2022-ci il üçün təməldir və Azərbaycan xalqına uğur gətirəcək. Bu il Şuşa şəhərinin 270 illiyi tamam olur. «Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili «Şuşa İli»” elan edirəm» söyləyən Prezident İlham Əliyev əsl doğmalarının nəfəsi ilə isinən Şuşada aparılan quruculuq işlərinin daha da sürətləndiriləcəyini başlıca hədəf kimi qarşıya qoyur. Verdiyi vədlərə sadiq qalan Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində qədəm qoyduğumuz ilimiz də uğurları ilə dostlarımızı sevindirəcək, Azərbaycana həsəd aparanları qısqandıracaq.
Xuraman İsmayılqızı, «İki sahil»