06 yanvar 2022 21:12
817

Tarixə düşən intiharlar

Dünyada  baş verən bir çox intiharların səbəbləri müəmmalı olaraq qalır. Ancaq həyatına qəsd etmək üçün hərənin bir bəhanəsi, yaxud hər kəsi buna vadar edən səbəb olur. Bu yazıda tarixə düşən intiharlar haqqında məlumat verəcəyik.

Amerikalı yazıçı Ernest Heminquey həyatının son illərində depressiyaya qapılmışdı. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı “Mayo” klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə böyük ümidsizliyə qapılan yazıçı özünü ov tüfəngi ilə öldürür. Qeyd edək ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

Türkiyənin keçmiş baş naziri Adnan Menderesin oğlu Yüksel Menderesin də intiharı Türkiyə tarixindəki qara səhifələrdə yer alıb. O, 1972-ci ilin 1 martında Ankarada, yaşadığı evdə intihar edib. Ankara Universitetinin Hüquq fakültəsində və sonra  Cenevrədə təhsil aldıqdan sonra bir müddət millət vəkili olub. İntihar edərkən yazdığı vida məktubunda isə aşağıdakılar yazılıb: “Taleyin bütün cilvələri məni tapdı. Pis hadisələr qarşısında bundan artıq davam gətirə bilməyəcəm. Artıq yaşama gücümü itirdim”.

1891-ci ildə Çilinin prezidenti Xose Manuel Balmaseda və 1994-cü ildə amerikalı rok müğənnisi Kurt Kobeyn tapançayla özlərinə qəsd ediblər.

Sergey Yesenin öz dövrünün ən böyük və səmimi şairi idi. Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində Yesenin özünü asaraq intihar etmişdir.

İstedadlı rəssam Van Qoq “Taxıl zəmisində qarğalar” rəsmini çəkdikdən sonra özünü başından güllə ilə vurmaqla intihar etmişdir. O, spirtli içkidən çox istifadə edirdi, psixologiyasında ciddi problemlər yaşanırdı.

Cek London da intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amill içki idi. İçkini atmağı asan hesab edən yazıçı sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatla vidalaşdı. Lakin bir çox mənbələrdə isə onun 1916-cı ildə yuxuda olarkən  öldüyü bildirilir.

Adolf Hitlerin 1945-ci il aprel ayının 30-da Berlinin ələ keçəcəyini təxmin etməsindən sonra sığınacaqda intihar etdiyi güman edilir. O, yaxalanmamaq üçün atəş açaraq özünü öldürmüşdür.

Edqar Allan Po ABŞ-ın ilk qısa hekayələr yazan yazarıdır. Varlı insan tərəfindən oğulluğa götürülən Edqar sonradan yoxsulluğa düçar olur. 1849-cu ildə o, Baltimordakı xəstəxanada intihar etmişdir. Amma onun intihar etməsi haqqında hələ dəqiq məlumatlar yoxdur.

Məşhur yunan filosofları Pifoqor və Demokrit özlərini aclığa məhkum edərək intihar etmişlər.

İngilis pop müğənnisi Charles Haddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən tullanaraq intihar edib. 1962-ci il avqustun 5-də dünya şöhrətli Hollivud ulduzu Merlin Monronun meyiti öz yatağında tapıldı. İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, Merlin Monro yüksək dozada həb qəbul edərək intihar etmişdir. Amma bu versiyanın da həqiqətə nə dərəcədə uyğun olması hələ də sirr olaraq qalır.

Əfsanəvi "The Doors" qrupunun solisti Cim Morrisonun rəsmi ölüm səbəbi ürək çatışmazlığı olsa da, 1971-ci  ildə yüksək dozada heroin qəbul etdiyi üçün öldüyü iddia edilir.

“Tarixin ən gözəl intiharı” adı verilən intihar hadisəsi 1947-ci il 1 may tarixində baş vermişdir. 24 yaşlı gənc və gözəl xanım Evelin McHale Nyu-Yorkda yerləşən məşhur “Empire State”in (102 mərtəbəli göydələn) 83-cü mərtəbəsindən özünü ataraq intihar etmişdir. Nəticədə binanın aşağısında dayanmış limuzin avtomobilinin üzərinə düşüb ölmüşdür. Həmin vaxt təsadüfən oradan keçən fotoqraf Robert C. Viles tərəfindən bu hadisə lentə alınmışdır.

Bu hadisə ona görə tarixin ən gözəl intiharı adını qazanır ki, hadisənin şahidi olmuş insanların dediklərinə görə intihar etmiş bu gözəl qadın, özünü 83-cü mərtəbədən düşmüş insan əvəzinə avtomobilin üzərində sakitcə uzanıb yatmış qız təsiri bağışlayır. 

Samirə Tağıyeva, “İki sahil”