Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin «Şuşa İli» elan edilməsi hərbi-siyasi, diplomatik qələbəmizin, tarixi reallıqların təsdiqi və dünyaya təqdimatıdır
«Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən ilin yanvarında Şuşaya ilk səfəri zamanı səsləndirdiyi bu fikirlər bir ildə görülən işlərin fonunda öz təsdiqini tapmaqla 5 yanvar 2022-ci il tarixli Sərəncamı əsasında bu ilin «Şuşa İli» elan edilməsi ilə tamamlandı. Sənəddə də qeyd olunduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq imzalanan bu Sərəncam Qarabağın tacının, Azərbaycanın döyünən ürəyinin təqdimatına geniş imkanlar açacaq.
Cənab İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə 30-dan artıq xarici mətbuata müsahibələrində bu fikir xüsusi qeyd olunurdu ki, Şuşasız bizim işimiz yarımçıq olar. Musiqi beşiyimizin işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə oldu.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin «Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah» sualına cavabında bildirmişdi ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir: «Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar... Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq?» «Yaxındamı, cənab Prezident» sualına cavab olaraq «Onu, yəni, yaxın gələcək göstərər» bildirmişdi.
Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü kimi təsis edildi. Cənab İlham Əliyev Qarabağın tacının işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bildirmişdir: «Əziz Şuşa, sən azadsan!», «Əziz Şuşa, biz qayıtmışıq!», «Əziz Şuşa, biz səni dirçəldəcəyik!»
Bu gün görülən işlərin fonunda qeyd edirik ki, Şuşa sözün əsl mənasında dirçəlir, öz əvvəlki simasına qayıdır. Təbiətinin gözəlliyi, qədim mədəniyyəti, tarixi şəxsiyyətləri ilə dünyada tanınan Şuşa «Kiçik Paris», «Qafqazın sənət məbədi», «Azərbaycan musiqisinin beşiyi», «Şərqin konservatoriyası» adlandırılır. Şuşada Xurşudbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlu bəyin, Fərzəli bəyin, Nəcəfqulu ağanın, Hacı Qulunun, Səfi bəyin Şərq üslubunda tikdirdikləri saray və imarətlər şəhərə xüsusi yaraşıq verib. Ermənilər işğal dövründə bütün evləri, tarixi və dini abidələri dağıdıblar. Şuşanı erməniləşdirməyə çalışan düşmən unutdu ki, torpağa sahib olan dağıntı ilə deyil, quruculuqla məşğul olar. Necə ki, Azərbaycan bu gün torpaqlarına qovuşduğu üçün sevinclidir, ilk andan bərpa və quruculuq işlərinə start verdi. Cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən danışsaq, saatlarla vaxt lazımdır. Əsas hədəf keçmiş köçkünləri doğma yurd-yuvalarına qaytarmaqdır.
Qeyd etdiyimiz kimi, dağlar qoynunda yerləşən, iqtisadi inkişafı, müasir görünüşü, strateji əhəmiyyəti ilə fərqlənən bu qədim şəhərə sahiblənmək ermənilərin ən böyük arzuları olub. Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra Xankəndidə toplanan erməni silahlıları 1992-ci il mayın 7-dən 8-nə keçən gecə şəhəri dörd tərəfdən atəşə tutaraq Şuşanı işğal etdilər. Şəhəri qoruyan əsgərlərin müqavimətinə baxmayaraq milli satqınların xəyanətinin qurbanı olan Şuşa, çal-çağırlı, qonaqlı-qaralı Cıdır düzü, təbiətin yetişdirdiyi nadir bitkilərdən olan xarıbülbül ermənilərin əlinə keçdi.
Bir ildən artıqdır ki, Şuşa azaddır. Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi müzəffər ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşdu. «Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə ulu öndər Heydər Əliyevin Şuşaya verdiyi dəyəri bərpa edən Prezident İlham Əliyevin dəmir yumruğu düşməni əbədi susdurdu. Şuşaya ilk səfərində bu qədim yurd yerinin əvvəlki şöhrətinin özünə qaytarılacağını bildirən Prezident İlham Əliyev öncə düşmən tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin, unudulmaz sənətkar Bülbülün büstlərini 30 ildən sonra doğma yurduna qaytardı. «Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib» söyləyən dövlət başçısı Şuşanın işğaldan azad edilməsini düşmənə vurulan ən böyük zərbə adlandırdı.
Bu şəhərin işğalını «dağlarda toy adlandıran» ermənilərə səngərlərdə, döyüş meydanında layiq olduğu dərsi verən qəhrəman əsgərlərimizin rəşadəti nəticəsində 28 ildən sonra 2020-ci il noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı. Mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevirilməsini önəmli vəzifə kimi qarşıya qoyan, «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev vədinə əməl etdi. 30 il düşmən əsarətində qalan torpaqlarımızı döyüşə-döyüşə azad edən, düşmənə sarsılmaz zərbə vuran, diz çökdürən, bütün dünyaya Azərbaycanın hərbi qüdrətini göstərən Azərbaycan Ordusu müharibə tarixinə yeni səhifələr yazdı. Şuşanın əvvəlki görkəminə qaytarılacağını bildirən Prezident İlham Əliyevin «Xarıbülbül» festivalının keçirilməsi, dahi şair Vaqifin məqbərəsinin bərpa olunması, Vaqif Poeziya Günlərinin təşkili ilə bağlı göstərişlərinin əsasında da milli ruha, mənəvi dəyərlərə bağlılıq duyğuları əks olunurdu. Bu vədlər də yerinə yetirildi. May ayında «Xarıbülbül» musiqi festivalı, avqustda Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Azərbaycan muğamı Cıdır düzündən dünyaya yayıldı. «Xarıbülbül» musiqi festivalı, eyni zamanda, Azərba ycanın tolerant ölkə olduğunu təsdiqlədi. Musiqi festivalının ilk günü ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığı təqdim edildi.
28 ildən sonra Şuşanın Cıdır düzündə Novruz tonqalları yandırıldı. Son bir il Qarabağın tacı üçün toy-büsatlı, qonaqlı, sevincli il oldu. Mütəmadi qonaqlarını qarşılayan Şuşanın hər daşı, qayası erməni vəhşiliklərinin təqdimatına şahidlik etdi. Şuşa 28 il əsarətdə qalsa da əyilmədi, kimliyimizi, milli qürurumuzu qorudu. Ən əsası bu torpaqlara qayıdacağımıza əmin idi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz gəldik və əbəbi burada yaşayacağıq.
Şuşa iki dost, qardaş ölkənin- Türkiyə və Azərbaycanın müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik etdi. Dünyaya səs salan Şuşa Bəyannaməsi dünyaya ünvanlanan bir sıra mesajları özündə ehtiva etdi. Dünya Azərbaycan və Türkiyənin timsalında birliyin, həmrəyliyin nümunəsini görür.
Son bir ildə cənab İlham Əliyevin 7 dəfə Şuşaya səfəri olub. Hər səfər mühüm tarixi anlarla, hadisələrlə yadda qalıb. Bu səfərlər «Şuşa İli» çərçivəsində daha davamlı görüşlər, bərpa və quruculuq işləri ilə yaxından tanışlıq barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa hər kəsi özünə çəkir. Ölkə Prezidenti ilk gündən bu əminliy i də ifadə etdi ki, Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq: «Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.»
«Şuşa İli» bir daha bu reallıqlara işıq salacaq, Ermənistana 30 ilə yaxın dövrdə dəstək olub, ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən bəzi dünya gücləri Azərbaycanın bu illər ərzində keçdiyi tarix, hüquq, milli qürur dərslərindən nəticə çıxararaq ədalətli dünyanın formalaşmasına dəstək olacaqlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin əsas çağırışlarından biri məhz budur.
Yeganə Əliyeva, «İki sahil»