Orqanizmə radiasiya dozasının daxil olması üçün atom elektrik stansiyasına yaxınlaşmağa və ya rentgen aparatının altında günlərlə dayanmağa ehtiyac yoxdur. Elə hər gün hər birimizin evində olan ən adi əşyalardan da radiasiya alırıq. Sizi evin içində belə radiasiyaya məruz qoyan ən ümumi beş şey aşağıdakılardır:
Tüstü detektorları
Bəzi məişət tüstü detektorlarının hazırlanmasında az miqdarda radioaktiv izotop amerikium-241-dən istifadə edilir ki, bu da havada tüstünün olmasını izləyir. Material keramika və folqa ilə etibarlı şəkildə izolyasiya edilir, lakin heç bir halda detektoru özünüz sökməsəniz yaxşıdır.
Qranit mətbəx dəzgahları
Qranit təbii olaraq uran və torium ehtiva edir, çünki bu elementlər maqmada da mövcuddur. Lakin əsl problem uranın zamanla parçalandığı radon qazındadır. Sınıq qranit mətbəx dəzgahını evdən atmaq daha yaxşıdır.
Siqaret
Siqaretlər təkcə kimyəvi qatqılarına görə ziyanlı deyil. Paketlərdəki etiketlərdə bütün zərərləri barədə siqaret çəkənlərə xəbərdarlıq edilir. Tütün tumurcuqları əkinlərdə istifadə olunan bəzi gübrələrdən radium, qurğuşun-210 və polonium-210 kimi radioaktiv elementləri udur.
Banan
Qəribədir ki, sağlam sayılan bananlar əslində ən radioaktiv qidalardan biridir, çünki onların tərkibində kalium-40 izotopu var. Yediyiniz hər banan sizə faydadan əlavə kiçik bir radiasiya dozası da verir.
Ev pişiklərinin tualetinə tökülən maddə
Evdə pişik saxlayanlar onun tualet yerindən qoxu gəlməsin və təmiz qalsın deyə satışda olan bir məhsuldan istifadə edirlər. Bu, yalnız ilk baxışdan zərərsiz görünür. Məlum olub ki, həmin məhsulun istehsalında bentonit gilindən - min illər əvvəl əmələ gələn vulkanik küldən istifadə olunur. O, qranit məhsulları kimi, uran və torium ehtiva edir.
Nubar Süleymanova, “İki sahil”