07 yanvar 2022 14:56
1078

Dünyanın ən təhlükəli məktəb yolu - FOTO

Çinin cənub-qərbindəki Sıçuan əyalətindəki Zhaojue şəhərinin əhalisi məktəbə getmək üçün istifadə etdikləri yol ilə diqqət mərkəzində olublar. Bəzi düzəlişlərə baxmayaraq indiyədək 8 nəfərin ölümünə səbəb olan bu dəhşətli məktəb yolu təhlükəli olmaqda davam edir.

Bu vahiməli yol eyni adlı kənddə yerləşir. Burada uşaqlar uçurum üzərinə döşənilən bambuk nərdivanları qalxaraq məktəbə çatırlar. Bambuk nərdivanla dırmaşmağın qorxusunu yaşayan şagirdlərin yaşı 6-15 arasındadır. Bura dünyanın ən təhlükəli və dik məktəb yolu hesab edilir. 

Daha sonra bambuk nərdivanlar dəmir nərdivanlarla əvəz edilsə də, uşaqları gözləyən təhlükə bununla da bitməyib. Şagirdlər və onları müşayiət edən böyüklər məktəbə, daha sonra dağlardakı kəndlərinə çatmaq üçün hər gün 800 metr sıldırım qayalığa dırmanırlar.

Şagirdlər hər gün uçuruma quraşdırılmış 17 nərdivana qalxıb enmək üçün iki saatını sərf edirlər. Bu nərdivanlar uşaqların məktəblə kənd arasında yeganə yoludur.

Burada yaşayan 72 ailə əsasən kartof, qoz və bibər əkməklə dolanırlar. Bölgədə çəkilmiş dramatik fotoşəkillər bu səyahətin nə qədər çətin olduğunu göstərir. Çinin ən yoxsul insanlarının çoxunun azlıq qruplarından və ölkənin cənub-qərbində dağlıq ərazidə yaşayan fermerlər və çobanlardan ibarət olduğu bilinir.

Bu çətin məktəb yolunda can itkisinə baxmayaraq, uşaqların oxumaq həvəsi və zərurəti onları buna məcbur edir.

Vüsal Cahanov, “İki sahil”