07 yanvar 2022 23:59
1524

Ötən il çox mühüm işlərlə yadda qaldı

Azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətlə aparılması bu ildə də prioritet olaraq qalacaq

Geridə qoyduğumuz 2021-ci il, sözün əsl mənasında, nailiyyətlərlə zəngin, uğurlarla əlamətdar olan növbəti dövr kimi tarixə qovuşdu. Xüsusilə də 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi 2021-ci ildə respublikamızda gedən bütün proseslərə əhəmiyyətli dərəcədə təsir göstərdi, cəmiyyətimizə xoş əhval-ruhiyyə bəxş etdi. Ən əsası da odur ki, bu savaşda qazanılan qələbə ötən il Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi ilə davam etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Prezident İlham Əliyev bildirmişdir ki, 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur: “2021-ci il arxada qaldı. 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır”.

Artıq 2022-ci ilin ilk günlərini yaşayırıq. Bu il ölkəmizdə “Şuşa İli” kimi qeyd olunacaq. Nəhayət, 30 illik Şuşa həsrəti sona çatıb. Biz artıq Şuşaya qovuşmuşuq. Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətəndaşlarıyıq. İkinci qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı öz Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında birləşərək əsl həmrəylik, birlik nümayiş etdirdi və nəticədə qələbə çaldı. Bu səbəbdən də xalq və dövlət olaraq 2022-ci ildə həyata keçiriləcək çox işlər var. Elə yola saldığımız 2021-ci il də çox mühüm işlərlə yadda qaldı. Bu işlərə qısa olaraq nəzər salaq.

Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi ilə Qarabağ yenidən dirçəlməyə başladı. Bu torpaqlara həyatın qayıdacağı günlər də çox yaxındır. Xalqımız əmindir ki, aparılan quruculuq işləri nəticəsində Qarabağ əvvəlki əzəmətini bərpa edəcək. Artıq Azərbaycan xalqı əbədi olaraq bu torpaqlarda yaşayacaq. Burada doğma Azərbaycan dilində danışılacaq. Mədəniyyət beşiyimiz Qarabağda ötən il olduğu kimi, hər il Azərbaycan muğamı səslənəcək. Şuşada 2021-ci ildən etibarən keçirilməyə başlanan “Xarıbülbül” festivalı Azərbaycan üçün böyük mənəvi və tarixi dəyər kəsb edir. Bu festival Qarabağa əsl sahiblərinin qayıtmasının müjdəçisinə çevrildi.

Prezident İlham Əliyevin 2021-ci ildə iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanında işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməsi öz əksini tapıb. Azərbaycanda 10 iqtisadi rayonun 14-ə çatdırılması, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu çatdırdı, yeni reallıqları qəbul etməyə və bu reallıqlar əsasında yaşamağa çağırışlar etdi.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il Azərbaycanın bölgələrinə 47 dəfə səfər edib və bunların 32-si işğaldan azad edilmiş ərazilərə olan səfərlərdir. Bu fakt bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması il ərzində dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Həyata keçirilən infrastruktur layihələrindən olan hava limanları iqtisadi əhəmiyyəti ilə yanaşı, regionda ölkəmizin nüfuzunu da artırır. Füzuli Beynəlxalq Hava Limanının iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı oldu. Zəngilan və Laçında hava limanlarının inşası davam edir. Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu istifadəyə verildi. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərində təməli qoyulan birinci “ağıllı kənd” pilot layihəsi çərçivəsində nəzərdə tutulan işlər də sürətlə davam edir. Ən önəmlisi olan bu işlər Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilir. Qarabağda inşa olunan yollar, həmçinin Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Bu cür mürəkkəb və böyük infrastruktur layihələrinin qısa müddətdə yerinə yetirilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin təcəssümü kimi tarixə düşdü. Cənab İlham Əliyevin sözügedən müraciətində qeyd etdiyi kimi, dünya müharibələrinin tarixində savaşdan sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb.

Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsini şərtləndirən əsas amillərdən biri xalqın ölkə Prezidentinə inamı və etimadıdır. Dövlət başçısı dekabrın 24-də reallaşdırdığı Şuşa səfəri zamanı Cıdır düzündən bu məqamı xüsusi səsləndirib ki, 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək nəticəsində bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atıb. Göründüyü kimi, 2021-ci il işğaldan azad olunmuş bölgələrdə çox mühüm quruculuq, abadlıq işləri ilə yadda qaldı.

Təbii ki, 2022-ci il də bu işlərin davamı olacaq. Həm də 2022-ci il “Şuşa İli” kimi tarixə yazılacaq. Bu, bir daha onu göstərir ki, bu il işğaldan azad olunmuş torpaqlarımıza qayıtmağımızla bağlı arzularımız qısa zamanda gerçəkləşəcək.

Sevinc Azadi, “İki sahil”