Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində inşa olunan «Xanım Fatimeyi Zəhra» məscidinin istifadəyə verilməsi xalqımızın İslami və milli-mənəvi dəyərlərə bağlılığının, tolerantlığa sadiqliyinin nümunəsidir
İslam aləminin ayrılmaz parçası, müsəlman ölkələri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində xüsusi xidmətləri olan, qədim tarixə malik Azərbaycan xalqı əsrlər boyu öz milli- mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dünyasında ən qədim məscidlərdən sayılan, 743-cü ildə inşa edilmiş, müasir dövrümüzdə əsaslı şəkildə bərpa olunmuş Şamaxı Cümə məscidi xalqımızın ən böyük sərvəti, dünya sivilizasiyasına töhfəsidir. ICESCO tərəfindən Bakının, qədim tarixə malik Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi, Azərbaycanda bütün dinlərə məxsus insanların eyni, bərabər hüquqlara malik olmaları, ölkəmizdə dinlərarası, mədəniyyətlərarası əlaqələri möhkəmləndirən mötəbər beynəlxalq tədbirlərin keçirilməsi də göstərir ki, sivilizasiyalar arasında körpü olan Azərbaycan dinlərarası dialoqların formalaşdığı mərkəzdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi ilə hakimiyyətə qayıdan, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin humanitar siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüquq normaları müstəvisində tənzimləndi, bütün xalqlar öz milli, dini bayramlarını azad və sərbəst şəkildə qeyd etmək hüququ qazandılar. Uzun illər baxımsız qaldığına görə dağılmış ibadət ocaqları yenidən bərpa olundu, xalqın istifadəsinə verildi. Dini konfessiyalar arasında dözümlülük mühiti daha da inkişaf etdirildi. 1992-ci ildə qəbul olunan, sonrakı illərdə zamanın tələbinə uyğun təkmilləşdirilən «Dini etiqad azadlığı haqqında» Qanuna müvafiq olaraq ölkədə vicdan azadlığının təminatı, dini qurumların statusu, konfessiyalararası əlaqələr möhkəmləndirildi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən respublikamızda «Multikulturalizm İli»nin, «İslam Həmrəyliyi İli»nin elan olunması, 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü”nün hər il qeyd edilməsi, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, multikulturalizmin xalqımız üçün həyat tərzinə çevrilməsi, ən təhlükəli meyillərdən olan islamofobiyaya, ksenofobiyaya, antisemitizmə qarşı mübarizədə İslam həmrəyliyindən istifadə, son zamanlarda Türk Dövlətləri Təşkilatının yaranması İslami dəyərlərin qorunması istiqamətində atılan önəmli addımlardandır. Mütəmadi keçirilən «Bakı prosesi»ndə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı isə Azərbaycanın multikultural dəyərlərə sadiqliyi və ehtiramıdır.
Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-din münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoyuldu. Ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri
onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik illərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, o cümlədən yeni dini məbədlərin inşası, mövcud olanların əsaslı təmiri və yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər Sovetlər Birliyi dağılan dövrdə Azərbaycanda cəmi bir neçə dini icma və məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı yüzlərlədir. Son illərdə ölkəmizdə dövlət vəsaiti hesabına onlarla məscid tikilib, yaxud əsaslı bərpa olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Gəncə şəhər İmamzadə ziyarətgahı yenidən bərpa edilərək xalqın istifadəsinə verilib. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və ölkənin ən böyük dini ocağı olan Heydər məscidində dindarların ibadətləri üçün lazımi şərait yaradılıb. Vətəndaşlarının böyük əksəriyyəti müsəlmanlar olan ölkəmizdə digər dinlərə də xüsusi ehtiram göstərilir. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Mərdəkan qəsəbəsindəki XVI əsrə aid «Pir Həsən»” ziyarətgahında, Binə qəsəbəsindəki «Möhsün Səlim»” və «İmam Rza»”, Gəncədəki «Həzrəti Zeynəb”», Buzovna qəsəbəsindəki Cümə” və digər məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib. Eyni zamanda, layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib.
İşğal altında saxladığı ərazilərimizdəki yaşayış məntəqələrini, bütün tikililəri, dini abidələri dağıdan Ermənistandan fərqli olaraq Azərbaycan vətəndaşları tolerantlıq göstərərək dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələrdə bərpa- quruculuq işlərini birgə həyata keçirirlər. Prezident İlham Əliyevin göstərişləri əsasında işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri , infrastrukturun bərpası dini abidələrə də şamil edilir. Şuşadakı Yuxarı Gövhər ağa məscidində ermənilərin özününküləşdirdikləri alban-udi dini icmasına məxsus Xudavəng monastır kompleksində tikinti işləri aparılmış, İsa peyğəmbərin mövludu günü qeyd edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, artıq işğaldan azad edilən, Cənubi Qafqaz ərazisində ilk alban- xristian məbədlərindən olan, tarixin daşlaşmış yaddaşı Xudavəng kilsəsi öz sahiblərinə, udilərə qaytarılıb: «Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur”.» Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpası Azərbaycan tolerantlığının təzahürüdür.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində bu günlərdə açılan «Xanım Fatimeyi Zəhra”» məscidinin yeni binasında yaradılan şəraitlə tanış olmaları milli-mənəvi, İslami dəyərlərimizə göstərilən diqqətdir. Əvvəllər qəzalı vəziyyətdə olan, yeni görkəmə salındıqdan sonra 1800 nəfər dindarın eyni vaxtda ibadət etməsi üçün şərait yaradılan məscid kompleksi müasir konsepsiyaya uyğun yenidən inşa olunub. Kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə edilib. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir. «Xanım Fatimeyi Zəhra»” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.
«İslam dini dostluq dinidir. İslam dövlətləri arasında çox geniş mənada əməkdaşlığa və dostluğa ehtiyac var”. Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq, dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik. Multikultural palitranı xatırladan, ölkəmizdəki tolerantlığın rəngarəngliyini zənginləşdirən, dini həmrəylik üçün töhfələrini verən etnik icmaların iştirakçıları, eyni amal ətrafında birləşən azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, ingiloylar, tatarlar, yəhudilər, katoliklər, provaslavlar, udilər, bir sözlə, Azərbaycanı özləri üçün ikinci Vətən adlandıran bütün vətəndaşlardır.
Xuraman İsmayılqızı, «İki sahil»