Hava dəyişdikdə bir çox insan özünü pis hiss edir və xroniki xəstəliklər tez-tez şiddətlənir. Niyə meteoroloji asılılıq var, kimlər buna meyillidir və xoşagəlməz nəticələrdən necə qaçmaq olar? Bu haqda aşağıdakı materialda:
İyul ayının sonlarda Tokioda keçirilən Olimpiya və Paralimpiya Oyunları zamanı hava qeyri-adi şıltaq olub. Gah isti, gah leysan, gah tayfun, sel və soyuq. Sentyabr ayı da bu ölkədə heç yaxşı keçməyib. Tokuşima Universitetinin tədqiqatçıları yazırlar ki, klinikalara baş ağrısı, boyun və çiyinlərdə narahatlıq şikayətləri ilə gələnlərin sayı hədsiz çoxalıb. Başgicəllənmə, psixosomatik simptomlar da az olmayıb. Bütün bunlar yapon yayı üçün tipik olmayan hallar olub.
"Bu meteoroloji asılılıqdır, meteohəssaslıqdır. Tibbdə daha çox "meteopatiya" terminindən istifadə edirlər.
Söhbət ətraf mühitdəki dəyişikliklərə cavab olaraq yaranan müxtəlif simptomlardan, əsasən də ağrıdan gedir. Bəziləri bunun avtonom sinir sisteminin reaksiyası olduğuna inanır, bəziləri isə orqanizmdə müxtəlif kimyəvi vasitəçilərin, serotonin (əhval-ruhiyyəni müəyyən edir) və melatonin (yuxunu tənzimləyir) kimi hormonların çatışmazlığı ilə əlaqələndirir.
"Görünür, hər iki mexanizm işləyir. Orqanizm ətraf mühitə uyğunlaşır, vegetativ sinir sistemi ürək döyüntüsünü, tənəffüsü dəyişir. Bunun üçün müəyyən kimyəvi maddələr sintez olunur. Damarlar genişlənir və ya əksinə daralır və buna uyğun olaraq təzyiq də dəyişir”,-deyə həkim izah edib.
Sovet İttifaqında meteohəssaslıq heliobiologiya - əsası rus alimi Aleksandr Çijevski tərəfindən qoyulmuş günəş aktivliyinin canlı orqanizmlərə təsiri haqqında elm çərçivəsində tədqiq edilmişdir. Dövrümüzdə isə onun ardıcılları var.
Onlar maqnit qasırğalarının və digər meteoroloji pozğunluqların sağlam insanlara necə təsir etdiyini tədqiq edirlər və təsir mexanizmini müəyyənləşdirirlər.
“Havanın bədənə təsiri üçün kompleks faktor lazımdır: atmosfer təzyiqi, temperatur, rütubət fərqi. Sanki bədən yenidən qurulur, avtonom sinir sistemi, hormonlar-vasitəçilər işə salınır. Təsiri isə hər insanda fərqlidir: bəzi insanlarda təzyiq sıçrayışları- vazospazm yaranır, buna görə də baş ağrıları başlayır. Digərlərində oynaqların şişməsi hallarına rast gəlinir",-deyə ekspert izah edib.
Nubar Süleymanova, “İki sahil”