“Nutella”nın maraqlı tarixçəsi
Məşhur şokolad markası olan "Nutella" kiçikli-böyüklü hər kəsin, xüsusən də uşaqların sevdiyi şokolad markasıdır. Sən demə, "Nutella" məşhur italyan markasıdır. Yaradıcısı isə “Ferrero Spa” şirkətinin sahibi Mişel Ferrero adlı şəxsdir. Şokoladın yaranma səbəbi isə İkinci Dünya müharibəsinə qədər gedib çıxır.
Müharibə səbəbi ilə yaşanan kakao tozu çatışmazlığı şokolad istehsalını azaltdığından Ferrero Piedmont bölgəsində bol olan fındıq və kakaodan istifadə edərək nutellanın ilk versiyası olan "Giandujot"u meydana gətirir.
Lakin 1949-cu ildə çox maraqlı bir hadisə baş verir. Belə ki, günəşin altında qalan “Nutella” şokoladı bankada əriməyə başlayır və həlim vəziyyətə gəlir. Bununla da uşaqlar şokoladı rahatlıqla çörəyə çəkib yeyə bilirdilər. Bundan sonra Ferrero tərkibə dəyişiklik edərək şokoladı daha yumşaq halda istehsal etməyə başlayır. Öz növbəsində "Nutella" adının meydana çıxması isə təsadüfi deyil. "Nut"-fındıq, "Ella" isə- sevimli mənasını verir. Bu səbəblə Ferrero bu adı qoyub, onu tanıtmağa başlayır. İngiltərə, Fransa bazarları rekord sayda məhsul satışını həyata keçirirdi.
Bununla da "Nutella" qısa müddətdə tək adıçəkilən ölkələrdə deyil, həmçinin bütün Avropanın sevilən markasına çevrildi. Hal-hazırda səhər yeməklərinin əvəzolunmaz qidasına çevrilən "Nutella" xüsusilə uşaqların sevimlisidir.
Markanın hazırkı sahibi Ciovanni Ferrero dünyanın 40-cı, İtaliyanın isə ən zəngin adamıdır.
Qeyd edək ki, Mişel Ferreronun rəhbərliyi altına, həmçinin məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic-Tac" kimi məşhur brendlər yaranıb.
“Snickers” haqqında bilmədiklərimiz
“Mars, Incorporated” şirkətinin istehsalı olan “snickers”dən daha məşhur şokolad təsəvvür etmək çətindir. Şokoladın tərkibi 1930-cu ildən bu günə qədər dəyişməz qalıb və yüksək kalorili olmasına baxmayaraq böyükdən kiçiyə qədər böyük populyarlıqla istifadə edilir. Bu populyarlığa bir səbəb də şirkətin uğurla həyata keçirdiyi reklam siyasətidir.
Belə hesab edilir ki, Snickers adı Mars ailəsinin sahib olduğu sevimli atlarının adından götürülüb. Yeri gəlmişkən, iddialara görə at şokoladların ilk nümunələri buraxıldığından bir neçə ay sonra həlak olmuşdur. Əgər bu hadisə baş verməsəydi yəqin ki şokolad başqa cür adlanacaqdı. İlk istehsal edilən “Snickers”lərin biri 20 sentə satılırdı və onların xüsusi bağlamaları xüsusi olaraq Wal-Mart supermarketlər şəbəkələri üçün hazırlanmışdı.
Hər bir şokolad batonu üçün həmişə 16 araxis istifadə edilirdi. Bunu əlavə edək ki, bu yaxınlarda yeni istehsal olan şokoladlarda araxis badam ilə əvəz edilib.
Maraqlıdır ki, Böyük Britaniya və İrlandiya ərazisində batonlar “Marathon” adı ilə satılırdı. Bu ənənə 1990-cı ilə qədər davam etdi və 1990-cı ildə “Mars” şirkəti adını dəyişmək fikrinə gəldi. “Snickers” artıq uzun müddətdir ki, sadəcə şokolad deyil, həm də pop-mədəniyyətin bir hissəsi olaraq, simvola çevrilmişdir. “Dayanma, snikerslə” ifadəsi isə çox işlənən və hamıya məlum bir cümləyə çevrilmişdir. Hesablamalara görə, tək bir “snickers”in satışı “Mars, Incorporated” şirkətinə illik dövriyyədə 2 milyard dollar qazandırır.
Kinder-Surprise şokoladının yaranması
Hər birimizə çox yaxşı tanış olan “Kinder-Sürprise”in yaranma tarixi Turin şəhərində Pietro Ferrero ailəsinə gedib çıxır.
Qeyd edək ki, ilk “sürprizlər”in içində bal və ləpə olub. 1946-cı ildə Pietro, sonralar Ferrero qənnadı fabrikinə çevrilən laboratoriya yaradır. Məhşur “Kinder-Sürprise” ideyası isə oğlu Mişelə məxsus olur.
Uşaq vaxtı süd sevməyən Mişel yarısı süddən olan xoş dada və qoxuya malik bir məhsul yaratmaq arzusu ilə yaşayıb.
1974-cü ildə hamımıza tanış görünüşə malik “Kinder-Sürprise” meydana gəlir. Onun konsepsiyası o zamandan bəri hələ də dəyişməyib.
“Sürprizlər”in ilk partiyası bir saat içində satıldı. Onu nəinki uşaqlar, hətta onların valideynləri də gözləyirdilər. Mişel qətiyyətli biri olmaqla yanaşı həm də çox kreativ və yaradıcı idi. Ona görə də kinder-şokoladı sürpriz oyuncaqlar seriyası ilə tamamlamaq qərarına gəlir. Onun ideyasını dizayner Henry Rotu reallaşdırır.
İllər sonra Ferrero yeni uşaq konfetləri seriyasını hazırlayır: isti ölkələr üçün – “Kinder Joy”, tərkibində südün miqdarı çox olan “Kinder MaxiKing” və” Kinder Pingui” konfetləri.
Samirə Tağıyeva, “İki sahil”