12 yanvar 2022 20:11
1258

 Qədim nəhəng şəhərlərin acınacaqlı sonu… - FOTO

Heraklion şəhəri - Misir

1200 il əvvəl bir anda yox olmuş bu şəhər haqqında 2000-ci ilə qədər heç bir məlumat yox idi. Eyni zamanda, onun bir əfsanə olduğunu deyənlər də var idi. Ancaq ikinci adı Thonis olan şəhər 2000-ci ildə, fransız  arxeoloq Frank Qoddiyo  tərəfindən Misirin qərbində, Əbukir körfəzi yaxınlığında, sahildən 2.5 km uzaqda, 10 m suyun altında tapılması onun əfsanə yox, reallıq olduğunu sübut etdi. 

Qeyd etmək lazımdır ki, əfsanəyə görə e.ə 331-ci ildə bu şəhər Makedoniyalı İsgəndər tərəfindən yaradılıb. Misirdə qurulan Heraklion liman şəhəri yunan dünyasından gələn bütün gəmilər üçün məcburi  keçid qapısı idi. Misirlilər şəhərə “Tonis”, yunanlar isə “Heraklion” deyirdilər. Kleopatranın tacqoyma mərasimi bu şəhərdə keçirilmişdir. Şəhərdə yerləşən Amon məbədi Misirdə dini əhəmiyyətə malik idi. 

Təxmin edilir ki, böyük zəlzələ və sellər səbəbindən şəhər qum, palçıq altına qərq olub. Arxeoloji qazıntılar zamanı tapılan çoxlu sayda gəmi qalıqları şəhərin əhəmiyyətli dəniz ticarətinə sahib olduğunu təsdiqləyir. 

Batan şəhərin qalıqları arasında 64 gəmi, qızıl, daş və bürüncdən hazırlanmış ağırlıqlar, 16 fut böyüklüyündə nəhəng heykəllər, yüzlərlə kiçik tanrı heykəlləri, antik Yunan və Misirə aid daş döşəmələri tapılmışdır.

Fanagoriya şəhəri - Rusiya

Suların altına qərq olan qədim səhərlərdən biri də Fanagoriyadır. Yunan müstəmləkəçiliyi dövründə inşa edilən bu şəhər antik dövrdən sonra uzun müddət ərzində mövcud olmuşdur. Deyilənlərə görə,yerli əhali şəhəri təxminən X əsrdə tərk etmişdi. Bunun səbəbi isə dəniz səviyyəsinin qalxması idi.Uzun illər ərzində su altında qalan şəhərin ərazisində hələ də qazıntılar aparılır. Həmin əraziyə muzey-qoruq statusu verilib.

Fiv-Misir

Şəhər Aralıq dənizindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşir. Ərazidə əhalinin ilk məskunlaşması miladdan öncə 3200-cü ildən- 2000-ci illərə təsadüf edir. Fivdə 40000 nəfərədək əhali yaşayıb. Dünyanın ən böyük şəhəri statusunu miladdan öncə 1000-ci ilədək saxlayıb. Hətta indi də şəhərin xarabalıqları öz möhtəşəmliyi ilə insanı heyrətləndirir. Fiv şəhərinin ən böyük abidəsi Luksor məbədi, Karnak məbədi (Qədim Misirin ən böyük məbəd kompleksi) və Tutanhamonun sərdabəsidir.

Shicheng - Çin

Çinin şərqində yerləşən bu şəhər cəmi 50 il əvvəl,dəqiq olsaq 1959-cu ildə qəflətən yoxa çıxmışdır.Şəhərin batmasının səbəbi təbii fəlakətlər deyil, bir su elektrik stansiyasının inşası nəticəsində baş verən texnogen daşqınlar nəticəsində baş verib. Qiandaohu gölünün 40 metr dərinliyində tapılan şəhərdə  təxminən  290 min insan yaşayırdı. Shicheng şəhəri sözün əsl mənasında heykəltəraşlıq və memarlıq şedevrləri, həmçinin Qing və Min sülalələri dövründən qalan digər əsərlərlə doludur. Batmış şəhərin ümümi vəziyyəti yüksək səviyə də qaldığına görə Çin höküməti bir gün şəhərin canlana biləcəyiniistisna etmir.

Pavlopetri - Yunanıstan

Keçmişdə Pavlopetri Peloponnesenin cənubundakı zəngin bir ticarət şəhəri idi. İndi sahil yaxınlığında 3-4 metr dərinlikdə yerləşir. Pavlopetri şəhəri təxminən keçən əsrin 60-cı illərində tapılmışdır.Araşdırmalar nəticəsində məlum olmuşdur ki, şəhər Minoan sivilizasiyasına aiddir. Arxeoloqların dedikərinə görə, bu şəhər  ən az 5 min il bundan əvvəl batmışdır. Onlar, həmçinin Pavlopetri şəhərinin ən qədim yaşayış yerlərindən biri olduğunu da təsdiqləyiblər.

Dvarka şəhəri - Hindistan

Krişna Krallığının paytaxtı olan əfsanəvi Dvarka şəhəri Hindistanın ən qədim şəhəri hesab olunur. Arxeoloqların söylədiklərinə görə, bu şəhər təxminən 5 min il bundan öncə batmışdır.Daşqın nəticəsində batan şəhərin sirri hələ də açılmayıb.

 Karfagen-Tunis

Şimali Afrikada, indiki Tunisin ərazisində yerləşən  bu şəhərin əsası milladdan öncə 814-cü ildə Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulub. Adının mənası Finikiya dilində “yeni şəhər” deməkdir. Şəhər uzun bir zaman kəsiyində müxtəlif dövlətlərin paytaxtı olub. Karfagen dövləti Roma Respublikası ilə aparılmış uzun müharibələrdən sonra miladdan öncə 146-cı ildə Roma Senatının göstərişinə əsasən ləğv edilib, Karfagen şəhəri tamamilə dağıdılıb, lakin tezliklə romalılar Karfageni yenidən bərpa ediblər . Roma imperiyasının süqutundan sonra Vandal krallığının paytaxtı olub. Şəhərin tamamilə süqutu VII əsrdə ərəblərin hücumu zamanı baş verib.

Tikal-Qvatemala

Mayyalıların ən böyük şəhər-dövlətlərindən biridir. İndiki Qvatemalanın Peten bölgəsində yerləşib və 60 km2 ərazini əhatə edib. Bu şəhər milladdan öncə VII əsrdə salınmış və əhalisinin sayı 200 min nəfərə çatıb. Şəhərin mərkəzi hissəsində 6 dənə pilləli platforma var. Onun  üzərində isə məbəd yerləşib. “Tikal” adının mənası mayya dilindən tərcümədə «ruhların səsinin eşidildiyi yer» mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan “Yaş — Mutul” (yaşıl bağ) qeyd olunur. Tikalın tarixi başdan-başa dramatik anlarla doludur. İnsanlar çoxsaylı müharibələrdən və üsyanlardan sonra buranı tamamilə tərk edib. Bu, X əsrin sonlarında baş verib və indiyədək Tikal kabuslar şəhəri olaraq qalır.Tikal və onun ətrafları Qvatemala hökuməti tərəfindən eyniadlı milli parka daxil edilib. 1979-cu ildən milli park UNESCO-nun siyahısına daxil edilib.

Efes-Türkiyə

Şəhər Egey dənizi sahillərində liman şəhəri kimi salınıb. Məhz bu şəhərdə miladdan öncə VI əsrdə dünyanın yeddi möcüzəsindən olan əfsanəvi Artemida məbədi qurulub. Şəhər sahilə yaxın olan müddət ərzində inkişaf, ancaq dənizin suyu tədricən geri çəkildikdə ticarət zəifləyib, bununla bərabər möhtəşəm şəhər də itib və özündən sonra xarabalıq qalıb. Hazırda Efesin xarabalıqları dənizdən 6 km aralıda yerləşir və demək olar ki, keçilməz bataqlıq altında gizlənib.

Ktesifon-İraq

Bağdaddan 32 km aralıda, Tiqr çayının aşağı axarında yerləşən və 30 km2 sahəni əhatə edən bir şəhər olub. II əsrdən -VII əsrədək əvvəl Parfiya dövlətinin, daha sonra isə Sasanilər dövlətinin paytaxtı olub. Dövrümüzədək gəlib çatmış Ktesifonun kərpicdən inşa edilmiş tikililəri öz böyüklüyü ilə adamı heyran edir. 

Samirə Tağıyeva, “İki sahil”